“6 nəfərin vəziyyəti stabildir”

Liya Bayramova: “Bəzi informasiya agentlikləri xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar”



Sırağagün səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində fəaliyyət göstərən Telemexanika zavodunda baş verən partlayışda yanıq xəsarəti alan qadınlardan biri dünən vəfat edib.

Musavat.com-a istinadən aldığımız xəbərə görə, partlayışda xəsarət alan 19 nəfərdən 13-ü ilk tibbi müdaxilənin ardından evlərinə buraxılsa da, 6 nəfərin stasionar qaydada müalicəsi davam edirdi və onlardan bir neçəsi Bakıya gətirilib. Dünən isə onlardan biri müalicə aldığı klinikada vəfat edib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Liya Bayramova isə "Şərq”ə açıqlamasında deyib ki, Telemexanika zavodunda baş verən partlayış zamanı xəsarət alan 6 nəfərin vəziyyəti sabit olaraq qalıb: "Xəsarət alanlardan 3 nəfəri şəhərə gətirilərək Yanıq Mərkəzinə yerləşdirilib. Digər üç nəfər isə Şirvan rayon Mərkəzi xəstəxanasında müalicə alır. Hələlik, xəstələrin səhhətində heç bir dəyişiklik yoxdur”.

Müdafiə Sənayəsi Nazirliyi də Şirvan şəhərində Telemexanika zavodunda baş vermiş yanğında daha bir qadının ölməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: "Zavodda sexlərin birində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Ancaq rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya agentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar. Bu təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır”.

Şəymən