Bu bir sıra xəstəliklərin əlaməti ola bilər
Ölmüş anasının yasını virtual aləmdə bölüşmək sadəcə dəhşətdir
Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əksər insanlar səhər oyanan kimi istifadəçisi olduğu sosial şəbəkələrə göz gəzdirir. Artıq şəbəkələr ünsiyyət qurmaq, informasiya ötürmə mərhələsindən çıxıb. Son zamanlar isə sosial şəbəkələrdə baş daşı ilə foto paylaşanların, ölülərlə selfi çəkdirənlərin sayı artıb.
Bu hal o dərəcədə adiləşib ki, onlar yas yerlərindən şəkil və videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar. Tabutla şəkil çəkib paylaşmaq sanki dəb halını alıb. Hətta bəziləri ölünü belə internetdə ağlayırlar.
İnsanların bu cür addımı isə bir çoxları tərəfindən birmənalı qarşılanmır, onlar düşünürlər ki, sözügedən paylaşımlar izləyicilərə mənfi enerji ötürür. Digər qrup şəxslər isə iddia edirlər ki, onlar öz hisslərini bölüşərək rahatlıq tapırlar.
Bu günlərdə vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, "Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürəm”, - deyə selfi edərək paylaşıb.
Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.
Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər. Onun sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin yayılması xoşagələn hal deyil. Onun sözlərinə görə, yaşayış tərzini virtual həyata uyğunlaşdıran insanların sayı olduqca çoxdur:
"İnsanlar var ki, yeməyini, yatmağını, gəzməyini qonaq qəbul etməyini, bir sözlə hər şeyi virtual müstəvidə yaşamağa çalışır. Düşünürəm ki, bütün bunlar normal davranış deyil.
Tanıdığım insanlar var ki, süfrəni bəzəyir və uşaqlarına icazə vermir ki, süfrəyə toxunsun. Bayram axşamıdı, uşaqlar acıb və süfrə başında gözləyirlər ki, anamız nə vaxt süfrənin şəklini çəkəcək, instaqramda canlı yayım edəcək. Ana süfrəni pozulmamış formada nümayiş etdirəndən sonra uşaqlar əlini süfrəyə uzada bilər. Hərdən belə məqamları anlayışla qarşılamağa çalışıram, amma anlayış da bir yerə qədərdir.
Anasının ölümü ilə bağlı video çəkib paylaşan xanımı görəndə isə heyrətə gəldim. Hətta əvvəlcə elə bildim ki, bu həqiqət deyil. Elə bilirdim zarafatyana çəkilmiş bir videodur.
Çünki bizim millət olaraq mizah anlayışımız bir qədər fərqlidir. Yəni hər şeyin zarafatyana tərəfini nümayiş etdirməyi də xoşlayırıq. Amma belə bir videonun real vəziyyətdə çəkilməsi damarımda qanımı dondurdu. Bir insanın anası öldüyü anda o öz ağrısını, acısını virtual məkanda nümayiş etdirir. Bu zaman insanın ağlı, dərrakəsi, şüuru kilidlənmiş vəziyyətdə olur. Səni dünyaya gətirən insanı itirmisən, dünyada sənin üçün ən dəyərli varlığı itirmisən. Bu acı və dərd insanı elə yıxır ki, heç nəyi görmək istəmirsən.
Hər şey gözünə sönük, maraqsız gəlir. Belə bir anda sosial şəbəkədə acını canlı olaraq göstərməyi xatırlamaq, məncə həmin kədərin qondarma olduğunu sübut edir. Düşünürəm ki, elə insanların acısı real deyil. Mən də yaxın adamımı itirmişəm. Atam rəhmətə gedəndə 1 həftə telefonu əlimə almağa taqətim olmadı. O qədər başsağlığı mesajları yazmışdılar ki, ancaq bir həftədən sonra onları cavablaya bildim. Mənə görə normal olan da budur. Yoxsa ananın ölüm xəbəri gəlir və övlad cənazənin yanında oturub ağlamaqdansa, əlində telefon video çəkir. Bunu heç bir məntiqə sıxışdıra bilmirəm”.
Yeganə Bayramova