Yeni məruzəçidən gözləntilər var

AŞ PA-nın Qarabağla bağlı ədalətli hesabatı hazırlanarsa, Ermənistana sanksiyalar tətbiq oluna bilər



Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı hesabat hazırlanıb. Aparılan müzakirələrdən sonra Böyük Britaniyadan olan parlamentar Robert Valter məsələ üzrə məruzəçi təyin edilib.

Hazırlanan hesabatdan ciddi təşvişə düşən Ermənistan hakimiyyəti və AŞ PA-dakı ermənipərəst qruplaşmalar dərhal hərəkətə keçərək məruzəyə mane olmaq üçün bütün imkanlarını səfərbər ediblər. Lakin buna baxmayaraq, verilən qərar erməniləri məyus edib. İndi Azərbaycan ictimaiyyəti ümid edir ki, yeni təyin edilmiş məruzəçi təzyiqlərə baxmayaraq, obyektiv məruzə hazırlayacaq və Ermənistanın işğalçı dövlət olduğunu bir daha dünya ictimaiyyətinə çatdıracaq. Əgər bu baş verərsə, məruzənin qətnamə hissəsində nəzərdə tutulduğu kimi ilk dəfə olaraq Ermənistana qarşı konkret sanksiyalar tətbiq ediləcək.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov Dağlıq Qarabağla bağlı məruzəçinin təyin edilməsini Avropa Şurasında iştirak edən Azərbaycan parlament qrupunun uğuru hesab edir: "Təbii ki, ermənilər hesabat hazırlanmasının əleyhinə idilər. Ancaq onların etirazı heç bir təsir göstərmədi və məruzəçi təyin olundu. Yeni məruzəçiyə etimad məsələsinə gəldikdə isə millət vəkili bildirib ki, bu, Valterin Dağlıq Qarabağ münaqişəsinə baxışından, tərəflərə olan münasibətindən və şəxsiyyətində olan obyektivlikdən irəli gələn prosesdir: "Bilirsiz, bir var nəsə edə bilməyəsən, bir də var ki, nəsə etmək iqtidarında olduğun halda heç nə etməyəsən. Belə həmsədrlər və məruzəçilər ilk dəfə seçilmir. Ona görə də bəri başdan məruzəçinin ədalətli hesabat hazırlayacağını demək tələskənlik olar. Əlbəttə, hamımız arzu edirik ki, təyin olunan məruzəçi münaqişəni ədalət prinsipləri ilə qiymətləndirsin və düzgün qərara gələ bilsin. Biz demirik ki, o mütləq bizim tərəfimizdə olmalıdır. Sadəcə problemə ədalətli yanaşması bizim üçün yetərlidir”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehtiyev də düşünür ki, əgər AŞ PA-nın Qarabağla bağlı ədalətli hesabatı hazırlanarsa və buna əsasən Ermənistana sanksiyalar tətbiq olunarsa, çox şey Azərbaycanın xeyrinə dəyişər: "Sanksiyaların tətbiqi dövlətimizin ən böyük nailiyyəti sayıla bilər. AŞ PA beynəlxalq institut kimi indiyə qədər yaxşı mövqe ortaya qoyub. Bu qurum tərəfindən bundan əvvəl hazırlanan hesabatlar da qənaətbəxş olub və reallığı əks etdirib. Tam əminliklə demək olar ki, Avropa Şurasının və parlamentinin məruzələri ATƏT-in ziddiyyətli və qeyri-obyektiv hesabatlarından min dəfə daha güclü və ədalətli olub. İndi məruzəçi regiona səfər edəcək və mövcud durum əsasında hesabat hazırlayacaq. Azərbaycan tərəfinin üzərinə düşən məsuliyyət odur ki, məruzəçini çoxlu faktlarla təmin etsinlər”.

Politoloqun sözlərinə görə, Qarabağ probleminin başqa institutlara və təşkilatlara daşınmasının əleyhinə ermənilərlə yanaşı, Minsk Qrupunun həmsədr ölkələri də çıxır. Çünki onlar öz "məşğuliyyətlərinin” əllərindən alınmasını istəmirlər: "Minsk Qrupu artıq 22 ildir ki, münaqişəni öz monopoliyasına alıb və lokallaşdırıb. Dünyanın əksər ölkəsi Qarabağ münaqişəsindən xəbərsizdir. Erməni tərəfinin kəskin müqavimətinin səbəbi isə Dağlıq Qarabağla bağlı məsələnin beynəlmiləl xarakter almasına yol verməməkdir. Çünki düşmən ölkə dünya ictimaiyyəti tərəfindən işğalçı kimi tanınmaq istəmir. Bu baxımdan problemin AŞ PA-da gündəmə gəlməsi olduqca faydalıdır.

İsmayıl