Hərbi təlimlərdə Bakı Ankaraya güvənə bilər

Azad İsazadə: “Hərbi təlimlər Rusiya-Ermənistan hərbi birliklərinə cavabdır”
Zəfər Quliyev: “Ola bilər ki, hətta iki ölkənin hərbi sahədə əməkdaşlığına Gürcüstan da qoşulsun”


Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycanda birgə hərbi təlimlər keçiriblər. Birgə təlimlərdə MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər. Ötən gün baş tutan təlimlərdə müdafiə naziri Zakir Həsənov da iştirak edib.

Uçuşlardan razı qalan müdafiə naziri təlimlərin Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib. Nazir vurğulayıb ki, həm qardaş Türkiyədə, həm də Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə birgə təlimlər dəfələrlə keçirilsə də, iki dövlətin Hərbi Hava Qüvvələrinin təlimi ilk dəfə baş tutub. Ekspertlər də birgə təlimləri yüksək qiymətləndirərək Türkiyə təcrübəsindən faydalanmağın mühüm olduğunu deyiblər. Hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı hərbi təlimləri zəruri edən amillər kifayət qədərdir: "Yaxın Şərq qaynayır, İŞİD qruplaşması Azərbaycan və Türkiyəni xəritədə öz ərazisi kimi göstərir. Üstəlik, Ukrayna alov içindədir. Görünən budur ki, MDB məkanında da təhlükəsizlik sistemi işləmir. Deməli, iki böyük alovun arasında qalan dövlətlər - Türkiyə və Azərbaycan bu təhlükələri önləməlidir. Bu mənada birgə təlimlərin keçirilməsində bir neçə məqsəd var. İlk növbədə Azərbaycanın əsgər və zabitləri yeni təcrübə qazanır. Eyni zamanda hərbi təlimlər Rusiya-Ermənistan hərbi birliklərinə cavabdır. Məsələnin digər tərəfi isə enerji layihələri ilə bağlıdır. Layihələrlə bağlı təhlükəsizlik dəhlizinin yaradılması üçün Azərbaycan və Türkiyə birgə addımlar atmalıdır. Bu baxımdan hərbi təlimlərin keçirilməsi normaldır və Azərbaycanla Türkiyənin birgə hərbi əməkdaşlığı zəruridir”. A.İsazadə vurğulayır ki, Qarabağ danışıqlarının intensivləşməsi üçün də birgə hərbi təlimlərin üstün cəhətləri var: "Danışıqlarda siyasi yol axtarışını yüngülləşdirən amillərdən biri hərbi təlimlərdir. Hərbi gücü nümayiş etdirməklə danışıqlar prosesində müəyyən üstünlük qazanmaq mümkündür”. Politoloq Zəfər Quliyevə görə, Azərbaycan və Türkiyənin bir yerdə hərbi təlim keçirməsi onun göstəricisidir ki, bu dövlətlər təhlükə yaranan zaman bir yerdə hərəkət etmək niyyətindədir: "Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyi ilə bağlı imzalanmış sazişlər birgə təlimlərə imkan yaradır. Qarabağ problemi ilə yanaşı, ölkəmizi təhdid edən digər amillər də var. Azərbaycanın da yeganə etibarlı müttəfiqi Türkiyədir. Ancaq Türkiyə və Azərbaycan tək təlimlərlə kifayətlənməməli, əməkdaşlığı da genişləndirməlidir. Ola bilər ki, hətta iki ölkənin hərbi sahədə əməkdaşlığına Gürcüstan da qoşulsun”. Z.Quliyev şübhə etmir ki, işğal altındakı torpaqlarımızın azad olunmasında Türkiyə faktoru əsas rol oynayacaq: "Ərazilərimizin işğaldan azad olunması məsələsi hər an gündəmə gələ bilər. Çünki dünyada çox dinamik proseslər gedir. Eyni zamanda Rusiyanın özündən də bizə qarşı təhlükələr yarana bilər. Belə bir kontekstdə Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı sürətlə inkişaf etdirməlidir. Bakı bu məsələlərdə sadəcə Ankaraya güvənə bilər”.

İsmayıl