“Müsavatda parçalanmalar, istefalar olacaq”

“Qubad İbadoğlunun tərəfdarları partiyanın qaymaqları, intellektual adamlardır”



Müsavat Partiyasının müxtəlif bəhanələrlə dəfələrlə təxirə salınan qurultayı artıq geridə qalıb. Amma partiya daxilində başqanlığa seçki və onun nəticələri birmənalı qarşılanmır. Belə ki, seçkinin nəticələri ilə barışmayan müsavatdaxili narazı qrup və şəxslərin mətbuata açıqlamaları bunu deməyə əsas verir ki, qurultay Müsavat daxilində olan-qalan üzvləri öz yanına toplamağa çalışan qrupların və şəxslərin bir-birinə qarşı kəskin mübarizəsi və kompromatları şəraitində keçib.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən 8-ci qurultayında Arif Hacılı yeni başqan seçilib. Müsavat Partiyasının qurultayında başqan seçimi zamanı legitimliyin pozulması və İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi ilə bağlı iddialara münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, qurultay zamanı legitimliyin pozulması İsa Qəmbərin Arif Hacılını dəstəkləyib-dəstəkləməməsi ilə ölçülməməlidir: "Partiyada qurultay üzvləri bilirdi ki, hər nümayəndə öz namizədinin təbliğatını apara bilər. Hətta təbliğat-təşviqat kampaniyasında İsa Qəmbər Arif Hacılının, yaxud da Qubad İbadoğlunun vəkili kimi də çıxış edə bilərdi. Başqan seçimi zamanı İsa Qəmbərin Arif Hacılını dəstəkləmiş olması niyə seçki legitimliyinin pozulması kimi dəyərləndirilməlidir ki? İsa Qəmbər qurultayda iştirak edən adi partiya üzvlərindən biridir. Digər qurultay nümayəndələri kimi onun da hər hansı bir başqan adayını dəstəkləmək və təbliğ etmək ixtiyarı var. Əslinə qalsa, uzun illər Müsavata başqanlıq edən bir lider olaraq, onun öz varisini təyin etmək hüququ da vardı. Sadəcə bundan istifadə etmədi. Bütün bunların legitimliklə heç bir əlaqəsi yoxdu. Bu gün partiyada yaranan narazılıqların əsas səbəbi Qubad İbadoğlunun Arif Hacılıya cüzi bir səs fərqi ilə uduzmasıdır. O, kifayət qədər qabiliyyətli, ziyalı və savadlı, dünya səviyyəsinə çıxa biləcək, çox ləyaqətli adamdır. Amma təşkilati işlərlə məşğul olmayıb. Arif bəy ona az səslə qalib gəldi. Buna görə də gərək Qubad İbadoğlu partiya sədri səviyyəsində, böyük hüquqlarla hansısa vəzifədə təmsil olunsun. Təmsil olunmayacaqsa, Müsavatda çox ciddi problemlər yaşanacaq. Seçkili orqanlarda təmsil olunmayacaqsa, artıq bu, o deməkdir ki, Müsavatda parçalanma olacaq. Onun tərəfdarları Müsavatın qaymaqları, intellektualları, cəmiyyətdə dekorunu təşkil edən adamlardır. Qurultay göstərdi ki, heç də partiya çoxluğu Arif Hacılını dəstəkləmir. Göstəricilər az qala bərabərdir”.

Bütün bu narazılıqların, etirazların Müsavat Partiyasında parçalanmalar, istefalarla nəticələnməsini istisna etməyən ADP sədrinin sözlərinə görə, bu, təbii haldır: "İstənilən partiya liderinin dəyişilməsi birmənalı olaraq, həmişə partiyadaxili parçalanmalara və aşınmalara yol açır. İndiki halda da Müsavatdan istefaların olması gözləniləndir. Qurultaydan çox öncə də İsa bəyin nəzərinə çatdırmışdım ki, onun bu addımı Müsavat Partiyası üçün böyük bir zərbə olacaq. O vaxtları İsa Qəmbər inamlı şəkildə "Müsavat kifayət qədər güclü və möhkəm təməllər üzərinə qurulan bir partiyadır” deyərək, məni ciddiyə almadı. Amma sonradan baş verən proseslər göstərdi ki, müəyyən itkilərin olması gözləniləndir. Hazırkı narazılıqlar hətta qurultaydan əvvəl Müsavatı bürüməyə başlamışdı”.

Arif Hacılının Müsavat üçün nə vəd etdiyinə gəldikdə isə ADP sədri Müsavatın yeni başqanı Arif Hacılı ilə köhnə dost olduqlarını söyləyib: "Arif bəyi Xalq Hərəkatından tanıyıram, birgə həbsxanada da olmuşuq. Kifayət qədər təcrübəli, cəsur və bişmiş siyasətçidir. İnanıram ki, onun başqanlığı altında partiya öz gücünü qoruyub saxlaya və inkişaf etdirə biləcək”. İsa Qəmbərin 2018-ci il prezident seçkilərində namizəd seçilməsinə gəldikdə isə S.Cəlaloğlu qeyd edib ki, dünya siyasətində insanlar, adətən, İsa Qəmbərin yaşında olanda siyasətlə məşğul olmağa başlayırlar: "Bizim taleyimiz elə gətirdi ki, milli müstəqillik hərəkatında hamımız gənc yaşımızdan siyasətə atıldıq. İndi "siyasətdə uzun müddətdir qalıb gözləri mazol ediblər” fikri səslənir. Faktiki olaraq İsa Qəmbərin təcrübəsi, yaşı və enerjisi yalnız indi ona imkan verir ki, yaxşı partiya sədri olsun, bütün ömrünü siyasətə həsr etsin. Arif Hacılının nə qədər müsbət keyfiyyəti olsa da, onun kriteriyaları İsa Qəmbər qədər deyil. Partiyanı öz ətrafında birləşdirmək aspektinə baxanda görürük ki, seçki ötən gün bitib, bu gün müxtəlif fikirlər səsləndirirlər. İsa Qəmbərin vaxtında isə ən ciddi və monolit partiya Müsavat idi. Heç bir söz-söhbət çıxmırdı. İsa Qəmbərdən sonrakı Müsavat heç də onun rəhbərlik etdiyi Müsavat olmayacaq”.

Şəymən