“İki erməni generalını ələ keçirmək lazımdır”

Əlövsət Ağalarov: “Girovları danışıqlar vasitəsilə geri almaq inandırıcı deyil”



"Kəlbəcərdə Ermənistan silahlı birləşmələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması üçün iki erməni generalı ələ keçirmək lazımdır”.

Bu barədə "Şərq”ə Kəlbəcərin sabiq deputatı Əlövsət Ağalarov ermənilərə girov düşdükdən sonra qətlə yetirilmiş Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin geri alınmasından danışarkən deyib. Onun sözlərinə görə, girovları danışıqlar vasitəsilə geri almaq inandırıcı deyil: "Ermənilər elə məkirli millətdir ki, ancaq təsir, zor və güc dilində başa düşür. Düzdü, dövlətimiz və bir sıra ictimai təşkilatlar girovların qaytarılması istiqamətində ciddi-cəhdlə çalışır. Amma bu səylər yetərli olmayacaq. Çünki bədnam düşmənlərimiz sivil xalq deyil. Terrorçu dəstədir. Dialoq yolunu anlamırlar. Onlarla ancaq öz dillərində, müharibə dilində danışmaq lazımdır. Başqa yolumuz yoxdur”.

Keçmiş millət vəkili onu da əlavə edib ki, məsələ beynəlxalq səviyyədə müzakirəyə çıxarılmalıdır: "Hadisə beynəlxalq təşkilatların gözü qarşısında baş verib. Bununla belə biganə yanaşırlar. Hətta özüm Beynəlxalq Qızıl Xaç Komitəsində olmuşam. Danışıqlar aparmışam. Təklif və tövsiyə verdiklərini deyirlər. Tövsiyə ilə real iş görmək mümkünsüzdür. Bir daha qeyd edirəm ki, girovlarımızı və eyni zamanda illərdir erməni tapdağı altında inləyən torpaqlarımızı müharibə yolu ilə qaytaracağıq. Bunun yolu budur”.

Ayyət Əhməd