Heyvana işgəncə vermək günahdır

Kəsim işini bilməyənlər gərək əlinə bıçaq almasın



Müsəlmanlar Qurban bayramına hazırlaşır. Sabahdan etibarən dünyanın dörd bir yanında qurbanlıqlar kəsiləcək, paylar ayrılacaq, müsəlmanlar biri-birini təbrik edəcəklər. İslam aləminin ən müqəddəs günlərindən biri olan Qurban bayramı ilə bağlı internetdə çox gözəl fotolar yerləşdirilib. Amma təəssüf ki, göz və könül oxşayan fotolarla yanaşı, təəssüf doğuranları da var. Qurbanlıq heyvanlarla insana yaraşmayan şəkildə davranışları əks etdirən fotolar damarda qanı dondurur. Belə görüntülər televiziyalarda da tez-tez verilir. Sahibindən qaçan heyvanların küçələrdə sərgərdan dolaşması, qanı axa-axa o tərəf-bu tərəfə qaçan, naşı qəssabların şikəst etdiyi biçarə heyvanlar...

Bunlar da müqəddəs Qurban bayramının ürək sızladan mənzərələridir. Nə qədər deyilsədə ki, qurbanlıq heyvanların kəsilməsi bu işi bilənlərə, təcrübəli insanlara həvalə edilməlidir, heyvanlar xüsusi kəsim yerlərində kəsilməlidir, sanki insanlarımız heyvanların qəsdinə durublar. Adı "qurbanlıqdır” deyə heyvana olmazın zülmü edirlər.

İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında müsəlmana yaraşmayan bu cür hərəkətlərin kökündə dini bilgisizliyin dayandığını dedi:

- Bütün bu xoşagəlməz və günah həddində olan hərəkətlər ona görə baş verir ki, insanlarımız Qurban bayramının nə demək olduğunu, hansı məna, nə məqsəd daşıdığını düz-əməlli bilmir. Bizim insanların əksəriyyəti kor-təbii Qurban bayramı keçirir. Elə bilirlər ki, Qurban bayramı bir qoç kəsməkdən ibarətdir. Bəzən heyvan kəsənlər heç qurbanlıq duası da oxumur. Elə özü bildiyi kimi, dədə-babadan necə görübsə, bıçağı dirəyir yazıq heyvanın boğazına, vəssalam. Sonra da yeyib-içirlər, bununla da işlərini bitmiş hesab edirlər. Allah-təala "Qurani-Kərim”də buyurur ki, kəsdiyiniz qurbanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan sizin təqvanızdır. Qurbanlıq Allah rizası üçün, ehtiyacı olanlara, yoxsullara, kimsəsizlərə, kasıblara yardım məqsədilə kəsilməlidir. Qurbanlığın kəsilməsində əsas niyyətdir. Gərək insanın niyyəti təmiz, açıq olsun, etdiyi əməlin mahiyyətini anlasın. Bunu anlamadıqlarından, ümumiyyətlə, təqvanın nə demək

olduğunu bilmədiklərindən qurbanlıq heyvanla da vəhşi kimi davranırlar. Allah-təala canlıların böyük bir qismini insanların ehtiyacları üçün yaradıb. Quranda bu barədə geniş məlumat verilir. Allah buyurur ki, qoyun, keçi, dəvə və s. sizin üçün yaratdıq. Onların ətindən yeyirsiniz, südünü içirsiniz, yunundan paltar toxuyursunuz, minik vasitəsi kimi istifadə edirsiniz. İnsan övladı gərək Allahın yaratdığı canlılarla öz adına layiq davransın. Heyvanlara işgəncə verməsin. Lazım olmadıqca, onları ovlamasın. Qurbanlıq heyvanlara isə xüsusi nəvaziş göstərilməlidir. Çünki, bu, Allahın buyruğu ilə, Allah yolunda və Allah rizası üçün kəsilən heyvandır. İstər qurbanlıq olsun, istərsə də adi, gündəlik tələbat üçün kəsilən heyvanlar, onlarla gözəl davranılmalıdır. Heyvana işgəncə vermək günahdır. Kəsim işini bilməyənlər gərək əlinə bıçaq almasın. Bu işi bilənlərə, təcrübəli adamlara tapşırsınlar. Qayda budur ki, heyvanı kəsəcəksənsə, gərək ona bıçağı göstərməyəsən. Hətta bəzən heyvanın gözlərini bağlayırlar da. Heyvanları biri-birinin gözü önündə kəsmək də günahdır.

Bizim camaatda başqa səhv bir yanaşma da var ki, hamı istəyir qurbanlıq öz həyətində, hər kəsin gözü önündə kəsilsin. Hətta belə yanlış bir ifadə də işlədirlər ki, "qoy qurbanlıq heyvanın qanı qapımıza tökülsün”. Guya, bu heyvanın qanı qapıya, həyətə töküləndə nə olacaq ki? Günahları bağışlanacaq?! Evlərində əmin-amanlıq olacaq?! Təsəvvür edin ki, hətta Həcc ziyarətində, zəvvarların heç də hamısı Minada qurban kəsməyə özü getmir. Pulu yığıb verirlər, xüsusi adamlar qurbanlığı kəsir. Sadəcə, zəvvarlara sənəd verilir ki, sizin qurbanlığınız kəsildi. Hamı eyni vaxtda Minada qurbangahlara getsə, görün orada nə basabas olar. Bizim əhali bunları bilmir. Hamı istəyir ki, qurbanlıq kəsilməsinə şahid olsun. Bunlar bilgisizliyin, mövhumatın əlamətləridir. Əksinə, uşaqların gözü önündə heyvan kəsmək düzgün deyil. Bəzən bu hərəkətlər uşaqların psixikasına mənfi təsir edir. Hətta elə böyük, yaşlı insanlar da var ki, heyvan kəsilməsinə baxa bilmirlər, onlara pis təsir edir. Nəyə lazımdır, hamının gözü qarşısında bunu etmək? Şükürlər olsun ki, artıq Bakıda da xüsusi ət kəsimi yerləri fəaliyyətə başlayıb. Heyvanların kəsilməsi üçün xüsusi yerlər ayrılıb, orada təcrübəli qəssablar işləyir. Ən yaxşısı, qurbanlıq heyvanın kəsilməsini bu insanlara həvalə etməkdir. Yoxsa ki, nabələd adamlar heyvan kəsməyə qalxır, heyvana da əziyyət verir, özünə də. Daha bunun harası yaxşı əməl oldu?!

Qurbanlığın ən başlıca şərtləri insanın inanaraq, Allah rizası üçün qurbanlıq heyvan kəsməsi, kəsəcəyi heyvanın da qüsursuz olmasını təmin etməsi, heyvan kəsilərkən Allahın adının çəkilməsi, kəsilən heyvandan 3 pay ayrılması, bir payın kasıblara, ehtiyacı olanlara, bir payın qohum-əqrəbaya, bir payın da qurban kəsdirənin özünə qalmasıdır. Bəzən elə insanlar olur ki, qurbanlıqdan heç özlərinə pay da saxlamırlar. Ancaq Allah buyurur ki, kəsdiyiniz heyvanların ətindən özünüz də yeyin, fəqirlərə, yoxsullara, qohum-əqrəbaya da paylayın. Çünki islamın təməl prinsiplərindən biri də paylaşmaq, bölüşməkdir. Və bu zaman insan özünü, öz ailəsini də yaddan çıxarmamalıdır.

Məlahət Rzayeva