“Biz gəzməyə yox, ziyarətə gəlmişik”

Zemfira Budaqova Məkkədən “Şərq”ə danışdı



Bütün dünya müsəlmanları kimi Azərbaycan zəvvarları da bu gün Ərəfatda olacaq, sabah isə Minaya gedib orada Həccin vacib əməllərini yerinə yetirəcəklər. Bununla belə zəvvarlarımızın xidmətdən narazılıq etməsi barədə də bəzi xəbərlər yayılır.

Məlumdur ki, ötən illərdə olduğu kimi bu il də Qafqaz Müsəlmanları İdarəsi iki paket xidmət təklif edib. 3250 manatlıq xidmət paketinə nisbətən aşağı səviyyəli otellər və gündə 2 dəfə yemək daxil olduğu halda, 4500 manatlıq xidmət paketləri də var ki, burada daha bahalı, komfortlu otellərdə gündə 3 dəfə yemək verilir. Həmin otellər həm də Kəbə evinə yaxındır. Azərbaycanlı zəvvarların hansı çətinliklərlə qarşılaşdığını öyrənmək üçün builki Həcc ziyarətində iştirak edən Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova ilə əlaqə saxladıq. Z.Budaqova yayılan məlumatların doğru olmadığını dedi. "Hər şey çox yaxşıdır, ziyarətimiz çox gözəl keçir. Hazırda Məkkədəyik. Bu gün axşam (dünən -red) Ərəfata gedirik, səhəri gün də Minaya gedib şeytanı daşlayacağıq. Hər şey əladır”. Z.Budaqova qaldıqları oteldəki xidmətdən də razılıq etdi: "Hər şey yaxşıdır. Bilmirəm, kimdir narazılıq edən, belə məlumatları kimlər yayır. Bura gəzməyə, istirahətə gəlməmişik. Ziyarətə gəlmişik. Daha nə olmalıdır? Gündə iki dəfə yemək verilir. Yeməkləri türk aşbazlar hazırlayır. Çox da dadlı yeməklərdir. Yeməklər boldur. Heç kim ac qalmır”. Z.Budaqova 8 saylı oteldə yerləşdiklərini, onunla üzbəüz 5 saylı oteldə də azərbaycanlı zəvvarların yerləşdiyini dedi. Z.Budaqova sonuncu təyyarə reysi ilə gəlməklərindən də razıdır: "Yaxşıdı ki, ən sonuncu biz gəlmişik. Hamı çıxıb gedəndən sonra, basırıq da olmayacaq. Kəbə bizim "ixtiyarımızda” qalacaq. İstədiyimiz qədər, nə vaxt istəsək, ibadət edə biləcəyik. Belə daha yaxşıdır”.

Allah bütün zəvvarların ziyarətini qəbul etsin. Amin!

Məlahət