Valideynlərin davasından ən çox uşaqlar əziyyət çəkir

Azyaşlı körpə gördüyü səhnələrdən qorxuya düşür, psixoloji zədə alır



"Ər-arvadın savaşı, yaz gününün yağışı” olsa da, sonda fırtınaya düşən uşaqlar olur. Hər bir evdə ər-arvad arasında problemlər olur. Əslində ailədə yüngül mübahisələr təbii haldır. Amma hər şey qədərində gözəldir. Ailə daxilində yaşanan münaqişələr stress yaradan böhranlarla yekunlaşır ki, bunun da nəticələri bir çox hallarda acınacaqlı olur. Adətən valideynlər arasındakı münaqişələrdə ən çox əziyyət çəkən uşaqlardır.

Valideynin söyüş söydüyünü, kötəyə əl atdığını, qab-qacağı sındırdığını görən uşaq sarsılır, əzab çəkir. Valideyn övlad üçün ilkin nümunədir. Uşaq dava-dalaş salan valideyndən əsəbini başlı-başına buraxmağı öyrənir. Azyaşlı körpə gördüyü səhnələrdən qorxuya düşür, psixoloji zədə alır. Gözünü açdıqda ailədə dəhşət, münaqişə, mübahisə görən azyaşlı müəyyən müddət keçdikdən sonra aqressivləşir, hər kəsə, hər şeyə daha sərt reaksiya göstərməyə başlayır. Bu gün kriminal hadisələrin sayının artmasında da ailədaxili münasibətlərin mühüm rolu var. Bir çox hallarda kriminal hadisə törədən şəxsin böyüdüyü ailənin problemli olduğunun şahidi oluruq. Beləcə atasının anasına, ya da ki ətrafdakılara qarşı qəddarlığını görən azyaşlı zaman keçdikcə, onun yolunu davam etdirir.

Psixoloq Elnur Rüstəmov gələcəkdə qurulacaq ailə üçün gənclərin böyüyüb boya-başa çatdığı ailənin nümunəvi rola malik olduğunu deyib. Onun sözlərinə görə, uşaqların gələcək həyat tərzlərinin formalaşmasında valideynlər arasında olan münasibətlərin mühüm rolu var: "Ailədaxili münaqişələr, kəskin münasibətlər kimi travmatik olaylar sonradan uşaqların həyat tərzinə, həyat yoldaşı seçiminə, münasibətə də təsirsiz ötüşmür. Gənclərin ailə həyatı qurmaqdan boyun qaçırmaları da təsadüfi deyil. Onlar böyüdükləri mühitdə normal ailə modeli görmədikləri üçün gələcəkdə bu cür analoji hallarla qarşılaşmaq istəmədiklərindən ailə həyatı qurmaqdan imtina edirlər. Münaqişəli ailələrdə böyüyən uşaqlarda zaman keçdikcə güvənsizlik, özünə, sevgiyə inamsızlıq formalaşır. Belə düşüncələr insanda heç nədən formalaşa bilməz. Baş verən hadisəyə necə münasibətimiz uşaq vaxtlarında aldığımız təsirdən formalaşır”.

Ailədaxili münaqişələrin azyaşlıların psixologiyasına həddindən artıq pis təsir etdiyini deyən psixoloq bildirib ki, belə inamsız, güvənsiz bir mühitdə böyüyən uşağın ətrafdakılara da inamı azalır. Münaqişəli ailələrdə böyüyən uşaqlarda zaman keçdikcə aqressiya, depressiya, əsəbi gərginlik formalaşır: "Zaman keçdikcə, həmin uşaqlarda ünsiyyətdən qaçma meyilləri də aşkarlanır. Bu cür konfliktləri uşaqların yanında həll etmək olmaz. Elə kişilər var ki, övladının yanında anasını təhqir edir, onun ünvanına küçədəki qadına belə deyilməyəcək sözlər səsləndirir. Tərəflər münaqişəli məsələlər yaranarkən bir çox nüanslara həssas yanaşmalıdır”. Onun sözlərinə görə, uşaqları gələcək psixoloji tramvalardan qorumaq üçün tərəflər problemlərini övladlarının üzərində həll etməkdən boyun qaçırmalıdır: "Baş verən konfliktlərin, səslənən fikirlərin uşaq psixologiyasına mənfi təsir etməsi nəzərə alınmalıdır. Valideynləri arasında konfliktlərin baş verməsini görən azyaşlı həyətə düşmək istədiyini deyəndə biri get deyirsə, o biri tərəf onun acığına icazə vermədiyini söyləyir. Belə hallarla qarşılaşan azyaşlılarda zaman keçdikcə, qərar verməkdə çətinliklər yaranır. Psixoloqlar hər zaman ikilikdə problemlərini həll edə bilməyən cütlüklərə mütəxəssislərə müraciət etməyi tövsiyə edir. Ziddiyyətli ailələrdə böyüyən uşaqlar hər şeyə pis gözlə baxmalı olur. İnsanlara qarşı inam hissi azalır... Erkən

yaşlarda bu özünü büruzə verməsə də, yeniyetməlik yaşlarına çatdıqdan sonra boşanmış və münaqişəli ailədə böyüyən uşaqlarda həyata, insanlara qarşı inamsızlığın olduğunu müşahidə edə bilərik. Tərəflər arasında bəzən əsaslı, bəzən isə əsassız münaqişələr baş verir. Məişət zəminində baş verən konfliktlər böyüyərək əhatəsini də genişləndirir. Beləcə xırda problemə görə həm qız, həm də oğlan tərəf münaqişəyə cəlb olunaraq müəyyən çıxış yolları axtarmalı olurlar. Ata-anası arasında normal münasibətlər görməyən, yaxud da boşanmış ailədə böyüyən uşaq ailə həyatı qurduqdan sonra müəyyən problemlərlə qarşılaşaraq həyat yoldaşından ayrılmalı olur”.

E.Rüstəmov atasının anasına qarşı sərt davrandığını görən azyaşlının sonradan bu "modeli” tətbiq etməsinin də istisna olmadığını deyib: "Atasının anasına qarşı normal münasibət bəsləmədiyini görən övlad sabah həyat yoldaşına qarşı eynilə o cür rəftar etməli olur. Amma bəzən əksinə də olur. Atasının anasına qarşı kobud rəftarını görən kişi övladlarının anası ilə bu cür rəftar etməkdən çəkinərək normal ailə münasibətləri yaradır”. Psixoloqun sözlərinə görə, problem varsa, həlli yolu da var. Münasibətləri kəskinləşdirib, uşaqlarının gələcək həyatını təhlükə altına atmaqdansa, oturub həlli yolunu düşünsünlər. Problem çözülməlidir. Əri pis olan qadın hər zaman ona qarşı iradlarını səsləndirir. Bu cür fikirləri dəfələrlə səsləndirməyə nə gərək var ki? Problemin həlli kimi önəmli nüanslar kənarda qala-qala tərəflər yenə də bir-birlərini nədəsə ittiham etməyə davam edirlər. Valideynlər münaqişələrini, problemlərini heç vaxt uşaqların yanında həll etməyə cəhd etməməlidir. Bunun üçün ilk növbədə onların bilikli olması, maariflənməsi önəmlidir. Biliksiz ailə başçısı nəyi necə etdiyini dərk etmir. Dövlət, müxtəlif nazirliklər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu işlə məşğul olmalı, müəyyən işlər apararaq hər kəsi maarifləndirməlidir. Sovet dövründə bu istiqamətdə az da olsa addımlar atılırdı. Müstəqil dövlət olsaq da, təəssüflər olsun ki, bu istiqamətdə hələ ki işlər görülmür. Hazırda konkret olaraq bu işlə məşğul olan qurum yoxdur. QHT-lər müəyyən qədər də olsa, bu işlə məşğul olmağa cəhd edirlər.

Şəymən