Bayden Ərdoğandan üzr istədi

Ağ Ev ABŞ vitse-prezidentinin çıxışı ilə bağlı açıqlama verib



 ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək ondan üzr istəyib.
ANS PRESS-in məlumatına görə, Ağ Evdən verilən açıqlamada bildirilib ki, ABŞ vitse-prezidenti Co Bayden Harvard Universitetindəki çıxışına aydınlıq gətirmək üçün bu gün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Açıqlamada deyilir: "Vitse-prezident Türkiyənin, o cümlədən ABŞ-ın bölgədəki digər müttəfiq və ortaqlarının İŞİD-i, ya da Suriyadakı başqa terror tərəfdaşlarını bilərəkdən dəstəkləməsinə və ya inkişafına kömək etməsinə işarə edən hər cür fikirlərinə görə üzr istəyir. Vitse-prezident həm də Türkiyə də daxil olmaqla, dünyadakı bütün müttəfiq və ortaqlarımızın İŞİD-lə mübarizədə üzərinə götürdükləri öhdəliklərə və göstərdikləri fədakarlıqlara böyük dəyər verdiyini bildirib. İki lider İŞİD-ə qarşı fəal mübarizə aparmaq üçün ABŞ və Türkiyənin birlikdə yaxından əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb”.

Xatıraldaq ki, bir müddət əvvəl Harvard Universitetindəki çıxışı zamanı Co Bayden İŞİD terror təşkilatının güclənməsində BƏƏ, Səudiyyə Ərəbistanı ilə yanaşı Türkiyəni də günahlandırıb. Onun sözlərinə görə, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı Bəşər Əsədi devirməkdə o qədər iddialı idilər ki, ona qarşı vuruşan hər kəsə pul və silahla dəstək göstərirdilər. Bayden İŞİD-in güclənməsində Türkiyənin Suriya ilə sərhədi uzun müddət açıq saxlamasının təsiri olduğunu da vurğulayıb. Ərdoğan isə cavabında "Əgər Bayden belə bir şey söylədisə, o, mənim üçün sadəcə bir tarix olacaq”, - deyə münasibət bildirmişdi.