Dilimizlə bağlı vəziyyət ürəkaçan deyil

Sabir Rüstəmxanlı: “Gərək sərəncamdan dərhal sonra şəhərdəki reklamlara əl gəzdiriləydi”
Qulu Məhərrəmli: “Mərkəzi küçədə yanımdan keçən 10 adamdan 7-8-i rus dilində danışır, özlərinin kübar olduğunu göstərməyə çalışırlar. Bu, olduqca yaramaz yanaşmadır”


Firudin Ağasıoğlu: "Hazırda ən bərbad terminologiya dilçilik elmindədir”

Sevda Tahirli: "Bu gün ən bərbad ifadələr televiziya - radiolarda səslənir”

Dünən Azərbaycan Dil Qurumu İctimai Birliyi təşkilatçılığı ilə geniştərkibli toplantı keçirilib. Tədbirdə ziyalılar və dilçi-alimlər iştirak edib.
Toplantıda Prezidentin 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının icrası məsələləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan millət vəkili, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı dil məsələsinin heç kəsin inhisarında olmayaraq, xalqa məxsus olduğunu bildirib: "İstənilən qurum bununla bağlı fikir bildirə bilər. Bugünkü məsələ olduqca vacibdir, təkcə Dilçilik İnstitutuna və AMEA-ya aid olan məsələ deyil. Sərəncamla bağlı görüləcək işlər bütün ölkə həyatını əhatə edir”. S.Rüstəmxanlı Azərbaycan Dil Qurumu (ADQ) İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib. O bildirib ki, birlik 2006-cı ildə rəsmi dövlət qeydiyyatına alınıb. KİV-in dili və reklam lövhələri ilə bağlı 16 monitorinq aparılıb, 40-dan çox təbliğat çarxları hazırlanıb. Müxtəlif televiziyaların tok-şou proqramlarında bu mövzunun müzakirəsi aparılıb, 24 "dəyirmi masa” keçirilib, təkliflər səsləndirilib. Dil qüsuruna yol verən şirkətlərin məhkəməyə verilməsi ənənəsi ADQ tərəfindən irəli sürülüb. Ancaq məhkəmə ADQ-ni tərəf kimi qəbul etmədiyindən bu barədə heç bir qərar çıxarılmayıb. Birliyin hazırda ana dilinin yazı qaydalarını təbliğ edən və onlayn qaydada orfoqrafiya lüğəti yüklənən saytı (www.adq.az) fəaliyyət göstərir.

S.Rüstəmxanlı rəhbərlik etdiyi təşkilatın beynəlxalq əlaqələrinə toxunaraq bildirib ki, Türk Dil Qurumu ilə bərabər gələn ilin mayında Bakıda tədbir keçirilməsi nəzərdə tutulur. Problemlərdən söz açan millət vəkili "2002-ci ildə soyad sonluqları ilə bağlı qərar verilib, üstündən 22 il keçib, ancaq bunu heç kəs dəyişdirmək istəmir: "Bu, milli şüurun iflicidir, mən Milli Məclisdə deməkdən, onlar da cavab verməkdən yorulublar. Biz ana dilimizdən danışırıq. Əgər anamıza "mama” deyiriksə, orta məktəblərdə "mama dili” deyək, uşaq öz anasına ana deməlidir. Prezident tarixi sərəncam verib, Dövlət Proqramı hazırlanıb, ancaq proqramın icrası qənaətbəxş deyil. Mən Akademiyanın işləri ilə bağlı hansısa fikir söyləməyə iddialı deyiləm, ancaq gərək sərəncamdan dərhal sonra şəhərdəki reklamlara əl gəzdiriləydi. Bunun olmaması hörmətsizlikdir, bunu yenidən müzakirə etməliyik. Uşaq rus məktəbində oxuyursa, şüur dəyişəcək. Doğrudur, onların da arasından gözəl ziyalılarımız çıxır. Bunu heç kəs inkar edə bilməz. Ancaq ümumi halda bu məsələyə diqqət yetirilməlidir”.

Uşaqların ana dilində söz ehtiyatına toxunan S.Rüstəmxanlı Amerika və Azərbaycanda bu sahədəki vəziyyəti müqayisə edib: "Amerikada 10 yaşına qədər uşaq 5500 sözdən aktiv istifadə edir. Azərbaycanda isə orta məktəb şagirdlərinin söz bazası 1500-dür. Ali məktəblərdə oxuyanların fəal söz ehtiyatı 3 000-dir. Bu, dilimizin bütün ehtiyatlarını fəal dilə çevirə bilməməyimizi göstərir. Səməd Vurğun dilimizi "təmizlədi”, dilin bir hissəsini arxivə göndərdi. O sözlərin bir hissəsi arxivdən çıxarılmalıdır”.

Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli son illər dilin statusu ilə bağlı fundamental sənədlərin qəbul olunduğunu xatırladıb: "Dilə xor baxmaq xalqa xor baxmaq deməkdir. Dilimizə sanki 2 münasibət var- bir mərkəzi küçədə, bir də ucqarlarda. Mərkəzi küçədə yanımdan keçən 10 adamdan 7-8-i rus dilində danışır, özlərinin kübar olduğunu göstərməyə çalışırlar. Bu, olduqca yaramaz yanaşmadır. Nə qədər ki, bu düşüncə var, dilin tətbiq olunduğu sahələrdə də baxış arzuedilən səviyyədə deyil. 50-ci illərin ortalarında Azərbaycan dilinin dövlət dili statusu uğrunda mübarizə aparanların sayəsində Ali Sovet qanun qəbul etdi. Maliyyə, Mədəniyyət, Kənd Təsərrüfatı Nazirliyində yoxlama aparıldı. Mətbuat nümayəndələri

də həmin yoxlamada yer aldı. Ancaq indi mətbuat dilin mühafizəsində hansı mövqedə dayanır? Yazıçılar Birliyi dil uğrunda mübarizədən bir addım geri çəkilib”.

Keçmiş təhsil naziri, professor Firudin Ağasıoğlunun sözlərinə görə, hazırda ən bərbad terminologiya dilçilik elmindədir: "Bu, dilçilərin günahıdır. Bunu islah etmək lazımdır. 1958-ci ildə çap olunan orfoqrafiya lüğəti çap olunur. Məsələn, 2 "y” ilə sözlərin işlədilməsinə nə ehtiyac var? Mən kitablarımda bundan istifadə etmirəm. Bunlar orfoqrafiyada islah olunmalıdır. Həmin sözləri heç bir azərbaycanlı 2 "y” ilə demir. Digər türk xalqları cəm şəkilçilərini 10-12 variantda yazır. Biz isə orfoqrafiya qanununa görə 2 variantda yazırıq”.

Mirzə Ələkbər Sabirin nəvəsi, "Sabir” Fondunun prezidenti Sevda Tahirli müasir dilin tətbiqi ilə bağlı keçirilən monitorinqin nəticəsindən danışıb. Bildirib ki, radio-televiziyadan tutmuş adi şəxslərin danışığına qədər yanlışlıqlar müşahidə olunub: "Füzuli öz sözünü bu dildə deyə bilirsə, biz bu gün bunu ifadə edə bilmiriksə, buna dil günahkar deyil. Bu gün ən bərbad ifadələr televiziya - radiolarda səslənir. Bunu sərəncamla aradan qaldırmaq olmaz”. S.Tahirli bədii qiraət, yazı müsabiqələrinin keçirilməsinin mümkünlüyünü də qeyd edib.

Tədbir iştirakçıları Dövlər Proqramının icrası istiqamətində tədbirlərin genişləndirilməsi, müzakirələrin mütəmadi olaraq davam etdirilməsi, təkliflərin ümumiləşdirilməsini qərara alıb.

Şəymən