“Arif Hacılı, saxtakarlığı etiraf et və istefa ver!”





Müsavat başqanının keçmiş müşaviri Səxavət Əlisoy yeni başqan Arif Hacılını istefa verməyə çağırıb.
Lent.az-ın xəbərinə görə, bu barədə S. Əlisoy özünün facebook səhifəsində status yazıb.
S. Əlisoy Arif Hacılını saxtakarlığı etiraf etməyə çağırıb: "Arif Hacılı, saxtakarlığı etiraf et və Müsavatın parçalanmaması üçün İSTEFA ver!”
S. Əlisoy qeyd edib ki, Müsavat son 22 ildə ilk dəfə olaraq çox acınacaqlı duruma düşüb: "Bunu görməmək, sadəcə, siyasi korluqdur. Bu qurultaydakı saxtakarlığın miqyası VII qurultayda baş vermiş saxtakarlıqla müqayisəyə gəlməz. 2006-cı ildə saxtakarlığı ört-basdır etmək mümkün oldu. Nədən ki, saxtakarlar Başqanın səsləri hesablanan zaman yox, Məclis üzvlərinin səsləri sayılarkən yaxalanmışdı. O vaxt prosesin böyüməməsi üçün bir komissiya yaradıldı, narazılar da komissiyanın ədalətinə inanıb qarşıdurmaya getmədi. Ən acınacaqlısı odur ki, saxtakarlardan biri də Arif Hacılıya dəstək verən Zaqatala rayon müsavatçısı idi və o komissiyanın araşdırmalarının nəticələri bu günə kimi kimsəyə bəlli deyil”.
S. Əlisoyun yazdığına görə, sonuncu qurultayda baş verənlərə yüzlərlə müsavatçı etiraz səsini qaldırır, sosial şəbəkələrdə, mətbuatda ikitirəlik günü-gündən şiddətlənir: " Müsavatın reytinqinə, nüfuzuna çox ciddi zərbə dəyib, ən başlıcası bu partiyaya inanan insanlar xəyal qırıqlığına uğrayıb. "Dar gündə tutaq əl-ələ qardaşlarımızla” deyən müsavatçılar bu gün biri-birinə həvəslə düşmənçilik etməkdədir və görünən odur ki, bu proses qalxan xəttlə davam edəcək...”
S. Əlisoy yazıb ki, qurultayda baş verən saxtakarlıqlarla partiyanın nüfuzuna ağır zərbə vuruldu: "Saysız-hesabsız saxtakarlıq faktlarını tirajlayan çox sayda müsavatçı Arif Hacılını başqan kimi tanımadığını bəyan edir. Legitimliyi şübhə altında olan bir kəsin partiya başqanı kimi fəaliyyətinə davam etməsi Müsavatdakı gərginliyi daha da artıracaq. Bu vəziyyətdən yeganə xilas yolunu Arif Hacılının istefasında görürəm. Onunla heç bir şəxsi qərəzliyim, ədavətim yoxdur, sadəcə, siyasi fikirlərimiz üst-üstə düşmür”.
S. Əlisoy A. Hacılını istefaya, müsavatçıları isə yeni başqan seçməyə çağırıb.