Bu məhkəmənin adı nə olacaq?

Bildirəcəklər ki, öz doğma yurd-yuvanıza niyə gəlmisiniz?



Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma məhkəmə işi başlayır. Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt açıqlanmayıb. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz "casusluq” və digər maddələrlə ittiham olunurlar.

Məlumdur ki, Ş.Quliyev, D.Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Daha sonra ermənilər tərəfindən öldürülən H.Həsənovun meyiti danışıqlardan sonra ölkəmizə qaytarılıb və dəfn olunub.

Qondarma rejimin əsassız məhkəməsi barədə "Şərq”ə danışan millət vəkili Elman Məmmədov qeyd edib ki, bu işlə ölkə başçısı İlham Əliyevin göstərişinə müvafiq olaraq, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məşğul olur. Onun sözlərinə görə, belə məsələlər daim nəzarətdədir: "Bütün səviyyələrdə beynəlxalq təşkilatlar qarşısında da dəfələrlə qaldırılıb. Ermənistan işğalçı dövlətdir. Qanunların işləmədiyi cinayətkar ölkədir. Onlara birbaşa təsir göstərə bilmirik. Bu iqtidarda olsaydıq, torpaqlarımızı işğaldan azad edərdik. Ölkəmiz rəsmi İrəvana fikrini beynəlxalq qurumların vasitəçiliyi ilə çatdırır. Bu məhkəmə də ermənilərin növbəti uydurmasıdır. Məhkəmədə nə deyəcəklər ki? Bildirəcəklər ki, öz doğma yurd-yuvanıza niyə gəlmisiniz? Azərbaycan vətəndaşları da məhkəmə qarşısında iddia edəcəklər ki, biz deyil, qanunun aliliyinə hörmət edirsinizsə, siz ittiham olunmalısınız. Çünki biz deyil, siz bizi doğma torpaqlarımızdan didərgin salmısınız. Soydaşlarımız heç bir qanunu pozmayıb. Öz respublikamıza məxsus ərazilərdəki yaxınlarını ziyarətə gediblər”.

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanı haqsızlıq və ədalətsizlikdə qınayan bəzi beynəlxalq təşkilatlar səslərini çıxarmırlar: "Hanı həmin təşkilatlar? Niyə səslərini qaldırmırlar? Azərbaycan məsələni bütün dünyaya bəyan edib. Niyə insan hüquqlarını qoruyan beynəlxalq qurumlar bir söz demir? Ölkəmiz beynəlxalq qurumlardan ədalətli reaksiya gözləyir. Buna baxmayaraq həmin institutlar ikili standartlardan çıxış edir. Ermənistandan niyə tələb etmir ki, bu məhkəmənin adı nə olacaq? Hansı maddə ilə cəzalanacaqlar. Axı BMT-nin qətnaməsi var. Həmin qətnamə Ermənistanın bu ərazilərdən çıxmasını tələb edir. Bu məhkəmə bir daha sübut edir ki, rəsmi İrəvan heç bir beynəlxalq təşkilatı tanımır. Onların qərarlarını kobud şəkildə tapdalayır”.

Deputat bildirib ki, Azərbaycan və vətəndaşları haqsızlıqla üz-üzədir: "Bəzi beynəlxalq qurumlar "Azərbaycanda siyasi məhbus var” deyə haray qoparır. Amma millətimizə qarşı törədilən cinayətlərə susurlar. Göz yumurlar. Bu 3 nəfərin günahı nədir? Niyə bu məsələ bir dəfə də olsun beynəlxalq təşkilatların tribunasından səslənmir? Aydınca görünür ki, həmin nüfuzlu təşkilatlar da soyqırım törədən barbar bir ölkənin mövqeyini müdafiə etməklə məşğuldur”.

E.Məmmədovun qənaətincə, Azərbaycanın sürətli inkişafını bəzi Avropa ölkələri həzm edə bilmir: "Hazırda beynəlxalq hüququn gücü deyil, gücün beynəlxalq hüququ var. Kim güclüdürsə, o, haqlıdır. Hüquq onun tərəfindədir. 20 ildən artıqdır ki, ərazilərimiz işğaldadır. 1 milyondan artıq vətəndaşımız qaçqın və köçkün şəraitində yaşayır. Bunu bilirlər. Dərk edirlər. Amma separatçı ölkəyə qarşı cəza tədbirlərini işə salmırlar. Baxın, Robert Köçəryan və Serj Sarkisyan bütün dünyanı gəzib, bəyan edirlər ki, Xocalı soyqırımında birbaşa iştirak ediblər. Və bununla fəxr edirlər. Onlar bu cinayətkarları niyə müdafiə edirlər? Nəyə görə, bu 20 il ərzində işğalçı Ermənistanla təcavüzə məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoyurlar? Hətta separatçını müdafiə edirlər. Bu niyələri soruşmuşuq da. Cavabları reallığı əks etdirməyib. Ölkəmizə qarşı qərəzli və məkrli fikirlərlə çıxış ediblər. Haqsızlıq, qərəz, şər-böhtan kampaniyasına keçirlər. Görünür, Azərbaycanın şərqin inkişaf etmiş müsəlman dövləti kimi nüfuzunun artmasını qəbul edə bilmirlər”.

Ayyət Əhməd