Prezidentin addımı alqışlandı: “Problemli kreditlərlə bağlı qərar böyük sevinclə qarşılandı”





"Prezident İlham Əiiyevin kreditlə bağlı qərarı yüz minlərlə insana xeyir verəcək”

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya funksioneri bildirib ki, cənab Prezidentin problemli kreditlərin həlli ilə bağlı qərarı xalq tərəfindən böyük sevinclə qarşılandı: 

"Güzəşt fiziki şəxslər üçün nəzərdə tutulub və 10 min ABŞ dollarına qədər olan borclara aid olacaq. Proses 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı aparılacaq. Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir. 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödənilir. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün isə 60 qəpik dövlət büdcəsindən ödəniləcək. Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiyanın ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır. 

Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3 min 950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7 min 750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat büdcə kompensasiyası ödənir. Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bankda banklara illik 0.5 faizlə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur”.

Analitik bildirib ki, Prezident vətəndaşlara dəstək üçün 1 milyard manata yaxın vəsaitin verilməsi ilə bağlı qərar qəbul edib: 

"Dünyanın heç bir ölkəsində vətəndaşa bu dərəcədə dəstək nümayiş olunmur. Həddindən artıq alqışa layiq haldır. Fərman veriləndən dərhal sonra sosial şəbəkələrdə minlərlə insan öz sevincini, təşəkkürünü bildirdi”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək.

İsmayıl