Ümidlər artır: İnanırıq ki, Şahbazla Dilqəm sərbəst buraxılacaq

Elmar Məmmədyarovun Cenevrədəki təması əhəmiyyətli ola bilər



Soydaşlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisində girov götürülməsindən artıq 5 ilə yaxın müddət keçir. Bu müddət ərzində girovların sərbəst buraxılması tələbi ilə bir çox beynəlxalq qurumlara
müraciətlər edilib, lakin yenə də ikili standartlar özünü göstərməkdədir.

Girovlarla əlaqə yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəsilə saxlanılır. BQXK-nin da «işi» məktub aparıb gətirməkdir. Amma bu günlərdə ümidverici bir addım da atılıb. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BQXK-nin prezidenti Piter Mauer ilə görüşüb və görüşdə girovlar problemini də səsləndirib. Nazir 2014-cü ildə doğma torpaqlarını ziyarət edən zaman erməni silahlıları tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini önə çəkib. Həmçinin, Ermənistanın Cenevrə Konvensiyasının öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb. Xarici işlər nazirinin BQXK prezidentinə girovlar barədə xatırlatması soydaşlarımızın azadlığa çıxacağına ümidləri artırır.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da «Şərq»ə açıqlamasında bu görüşün ümidverici olduğunu dedi:

- Hamımız inanırıq ki, bu məsələ gec-tez həllini tapacaq və Şahbazla Dilqəm sərbəst buraxılacaqlar. Bu məsələdə Azərbaycan dövlətinin tutduğu mövqeyi dəstəkləyirik. Biz qeyri-hökumət təşkilatları da çalışırıq ki, girovlar məsələsi daim gündəmdə olsun. Şahbazla Dilqəmin qanunsuz girov götürülməsi, onlarla bağlı heç bir hüquqa sığmayan qondarma məhkəmə prosesinin keçirilməsi, əsassız hökm elan olunması və girovların həyatının təhlükədə olmasının beynəlxalq təşkilatlara çatdırılması çox vacibdir. Müsbət haldır ki, xarici işlər naziri BQXK-nin prezidenti ilə görüşüb və girovlar problemini də onun nəzərinə çatdırıb. BQXK prezidenti girovlar barədə məlumatlıdır, çünki BQXK nümayəndələri baş çəkdikləri əsir və girovlar barədə rəhbərliyə məlumat verirlər. Hesab edirəm ki, xarici işlər naziri səviyyəsində girovların xatırladılması Şahbazla Dilqəmin sərbəst buraxılmasında əhəmiyyətli olacaq.

S.Bənənyarlı qeyd etdi ki, hüquq-müdafiə təşkilatları girovluqda olan soydaşımızla bağlı fəaliyyətlərini dayandırmır:

- Biz özümüz də, bir sıra beynəlxalq təşkilatlara müraciətlər etmişik. Girovların taleyindən narahatlığımızı ifadə etmişik. Rəsmi strukturlarla yanaşı ölkədəki əksər qeyri-hökumət təşkilatları da girovların taleyi ilə daim maraqlanır, məsələni diqqətdə saxlayırlar. Biz hüquq müdafiəçiləri Avropa Şurası Parlament Assambleyasının sessiyalarında iştirak edərkən də, Avropa Parlamenti deputatları ilə görüşlərimizdə də girovların məsələsini gündəmə gətiririk. Beynəlxalq təşkilatlara müraciətlərin böyük önəmi var. Çünki beynəlxalq təşkilatlar ictimai institutların çağırışlarına, yerli xarakterli bəyanatlara diqqət ayırır. Biz də çalışırıq ki, bu məsələ daim gündəmdə olsun. Məlumdur ki, Ermənistan tərəfi girovlardan təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. 

Lakin iki soydaşımızın girovluqda saxlanmasının insan haqlarına, bütün beynəlxalq konvensiyalara zidd olduğunu da hamı yaxşı bilir. Əlbəttə ki, ən böyük narahatlıq girovların ailələrinə məxsusdur. Çünki yalnız səhhətlərinin normal olması xəbərini alırlar. Ancaq girovların ailələri də bilir ki, dövlət bu işlə məşğuldur. Bu da onlara bir təsəllidir. Hesab edirəm ki, girovlarla bağlı istədiyimiz sonluğa nail olunması və onların özünün də tamamilə haqqı çatan azadlığa çıxmaları üçün bu məsələ daim gündəmdə saxlanılmalıdır.

Məlahət Rzayeva