"Hüquq-mühafizə orqanları asanlıqla bunu sübuta yetirə bilər"
Azərbaycan dövləti erməni vəhşiliyini dünyada tanıtmaq üçün Xocalı soyqırımı ilə bağlı bir çox ölkələrdə, xüsusən də Avropa dövlətlərində tədbirlər keçirdi. Təbii ki, bu tədbirlərə qarşı hər zaman olduğu kimi, bu dəfə də ermənilər 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələri önə çəkirlər. Guya ki, azərbaycanlılar Sumqayıtda erməniləri "soyqırım”a məruz qoyublar. Amma faktlarla, sənədlərlə məlumdur ki, Sumqayıtda ermənilərin qətlə yetirilməsi də hər zaman yalanları ilə, saxtakarlıqları ilə seçilən ermənilərin özlərinin hazırladığı mənfur təxribatdan biri idi. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr erməni millətçilərinin Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi.
Əsrlər boyu qonşuluqda yaşayaraq ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atdılar. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi. Bu qanlı senari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımın, işğalçılıq siyasətinin əsası qoyuldu.
Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi. Həmin ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb. Bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.
1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi.
İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğunun apardığı istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi. Məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu.
Yenidən gündəmə gələn hadisə ilə bağlı "Şərq”ə danışan "Tolerantlıq” İctimai Birliyinin sədri, tanınmış politoloq Azər Rəşidoğlu Sumqayıt hadisələri Sovet DTK-sının həyata keçirdiyi bir təxribat idi:
"Hüquq-mühafizə orqanları asanlıqla bunu sübuta yetirə bilər. Həmin təxribatlarda erməni Qriqoryanın əsas talançı kimi iştirak etməsi də sübuta yetirilb. Minlərlə ermənini azərbaycanlı ailələr öz evində qoruyub. Biz, bu barədə məlumatları dünya mediasının nəzərinə hələ yetərincə çatdırmamışıq. Həmin dövrdə hüquq-mühafizə orqanlarında işləyən şəxslər bu istiqamətdə çox işlər görə bilərlər.
Düşünürəm ki, Sumqayıt hadisələrini tədqiq edən yeni bir komissiya yaradılmalı və bu hadisə yenidən araşdırılmalıdır. Ermənilərin əli ilə SSRİ DTK-nın həyata keçirdiyi bu təxribatda azərbaycanlıların heç bir təqsiri yoxdur. Yeni yaradılacaq komissiya bütün həqiqətləri üzə çıxarda bilər”.
İsmayıl