Azərbaycanın hərbi gücü Paşinyanı çıxılmaz duruma salıb

Baş nazirin görüş niyyəti təzyiqlərdən sığortalanmaq və atəşkəsi qorumaq məqsədi daşıyır
Ermənistan hökumətinin prioritet hədəflərindən biri Qarabağın subyektivlik səviyyəsinin artırılması olmalıdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan dünən Tehranda erməni icması qarşısında çıxışı zamanı deyib. Paşinyan danışıqlar çərçivəsində dövlət başçısı İlham Əliyevlə rəsmi şəkildə görüşmək istədiyini bildirib: "Azərbaycan prezidenti ilə görüşməliyik. Bu görüş gündəmsiz olacaq, onun əsas istiqaməti danışıq formatının müzakirəsinə yönələcək. Hələlik format ətrafında razılaşma yoxdur, kontaktlar rəsmi danışıqlar sayılmamalıdır”.
Ermənistan baş nazirinin görüş niyyətini "Şərq”ə şərh edən Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Paşinyanın Prezident İlham Əliyevlə görüşmək istəməsi Azərbaycanın hərbi təzyiqlərindən sığortalanmaq və atəşkəsi qorumaq məqsədi daşıyır: 
"Danışıqlar formatında pauza yaranıb və Paşinyan separatçıları danışıqlar masasına gətirəcək absurd yanaşma ortaya qoyur. Bu yanaşma Azərbaycanda hərbi əməliyyatların yenidən gündəmə gəlməsinə gətirib çıxarıb. Digər tərəfdən inqilabın bir ili yaxınlaşsa da, daxildə sosial islahatlar keçirilməyib. Bu da növbəti etiraz dalğasını formalaşdıra bilər. Belə olan təqdirdə Azərbaycanın hərbi təzyiqləri Paşinyanı çıxılmaz duruma salar. 
Nəticədə Paşinyan həm xarici, həm də daxili siyasətdə məğlub olar”.
Analitikin sözlərinə görə, Paşinyan Qərbə göstərmək istəyir ki, danışıqlara sadiqdir:
 "Paşinyan Rusiyanın iştirakı olmadan birbaşa Bakı ilə danışıqlarda maraqlıdır. Çünki Kreml Qarabağ üzərindən Paşinyana nəzarət edir. 
Görüş baş tutacağı halda Paşinyanın mövqeyi bəlli olacaq. Azərbaycan tərəfi Paşinyana "Bolton” planına uyğun olaraq danışıqlara başlamaq şərtini irəli sürməlidir. Əgər Paşinyan maraqlı olmasa, hərbi variant masaya qoyulmalıdır. ABŞ-da bu istiqamətdə Azərbaycana dəstək verə bilər. Paşinyan Amerikanın siyasətinə zidd addımlar atmaqla Vaşinqtonu narahat edir”.
İsmayıl