Əməliyyatın qiyməti 2 mindən 10 minə qaldırılıb

"Həmin pasiyentlər bu barədə xəstəxana rəhbərliyinə müraciət etməli və konkret səbəblərini araşdırmalıdır"




Ayşən Ayxan adlı feysbuk istifadəçisi şəxsi səhifəsində "Baku Medical Plaza"nın fəaliyyətindən narazılıq edib.

Xalası qızının bu günə (dünən) təyin olunan əməliyyata girə bilmədiyini qeyd edən şikayətçi "Baku Medical Plaza"nın əvvəlcədən məbləği (2000) və vaxtı danışılan əməliyyatın qiymətinin artdığını (10000 ediblər) bildirib: "Təsəvvür edirsiniz? Sən uşağını psixoloji bu əməliyyata hazırla, çox çətinliklə əməliyyat pulunu tap və əməliyyat günü qiyməti qaldırsınlar. Məlumat üçün bildirim ki, Sevdanın 15 yaşı var, 15 ildir yerimir. Müalicə olunsa da, çox az təsiri olub. Valideynlərinin ümidi bu və bundan sonra keçiriləcək əməliyyatlara idi. Onu da belə əllərindən alırlar”.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bəzi vaxtlar planlaşdırılan əməliyyatla bağlı plan dəyişə bilir: 

"Xəstənin daxilində tamam başqa bir patalogiya aşkar oluna, əməliyyatdan sonrakı dövr üçün xəstənin reabilitasiya məsələsinin uzun çəkmə ehtimalı kimi spesifik tədbirlər qiymətlərə təsir edə bilir. Əksər hallarda əməliyyat planlaması zamanı həkim bütün bunları nəzərə alıb, qiyməti o cür müəyyənləşdirir. Hərdən də əməliyyat zamanı kiçik miqdarda qiymət artımı edə bilir. Lakin 2000 manata danışılan əməliyyatın əməliyyat günü 10000-ə qaldırılması normal deyil. Hesab edirəm ki, həmin pasiyentlər bu barədə xəstəxana rəhbərliyinə müraciət etməli və konkret səbəblərini araşdırmalıdır”.

Şəymən