Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır.
Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, banklar tərəfindən hesablanmış bütün cərimələr və faizlər ləğv olunacaq.
Onun sözlərinə görə, devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur:
"Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan məexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək”.
İqtisadçı deyib ki, Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.
Güzəştlərin həm dollar, həm də manatla götürülən kreditlərə aid edildiyini qeyd edən V. Bayramovun sözlərinə görə, 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər:
"Əgər kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.
Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa o vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildəkdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır”.
Güzəştin avro və ya rubl ilə götürülən kreditlərə şamil olunacağına gəldikdə isə iqtisadçı bildirib ki, məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan, rubl ilə kredit götürənlər də bu imkandan yararlana biləcəklər:
"Sadəcə banklardan yox, bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.
Qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borc ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin”.
V. Bayramov deyib ki, ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq. Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək”.
Şəymən