“İran-Azərbaycan sərhədi Tehran tərəfindən ciddi qorunmur” – Sabiq müşavir





"Sərhədlərin qorunması hər bir dövlətin mövcudluğunun əsasıdır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Ekspert bildirib ki, bir ölkənin sərhədləri nə qədər möhkəm olarsa, həmin dövlətin təhlükəsizliyi də o qədər inkişaf edər:

 "İran-Azərbaycan sərhədi Tehran tərəfindən ciddi surətdə qorunmur. Bu səbəbdən sözügedən sərhədin müəyyən hissəsi qaçaqmalçıların və digər cinayətkarların oylağına çevrilir. Sərhəddə baş verən hadisələr narahatlıq doğurur. 

Martın 10-dakı olayda bir əsgərimiz şəhid oldu, digəri isə yaralandı. Ancaq İran tərəfi məsələ ilə əlaqədar olaraq ortaq komissiya yaratmaq, yaxud da birgə tədbirlərin görülməsi ilə bağlı heç bir təklif irəli sürmədi. Sanki Tehran rejimi ermənilər tərəfdən işğal olunmuş ərazilərə yaxın sərhədlərin nəzarətini əldən buraxıb. 

Hər halda İran tərəfininin bu hadisələrdə səhlənkarlığı göz önündədir. Əgər cənub qonşumuz öz sərhədlərinə Azərbaycan kimi güclü nəzarət etsəydi, heroin ticarətinin qarşısını almaq mümkün olardı. Lakin təəssülər olsun ki, çox zaman bu kimi olaylara göz yumulur, hətta müxtəlif üsullarla dəstək verilir. 

Burada qaranlıq məqamlar var. Amma əsas reallıq odur ki, İran tərəfi sərhədin bəzi hissələrinə ciddi nəzarət etmir. Ona görə də Azərbaycan tərəfi sərhədlərini daha da möhkəmləndirməyə məcbur qalır”.

İsmayıl