“Dövlət ən azı 18 yaşa qədər uşaq pulu verməlidir” – Ekspert

"Maddi vəziyyətin aşağı olması ucbatından uşaqlar xəstəliklər tapırlar və böyüdükdə daha çox problem yaşayırlar. Bu da dövlətin xərclərini artırır. İqtisadiyyatı oturuşmuş ölkələrdə uşaq pulu əsasən 18 yaşadək, bəzi ölkələrdə hətta 24 yaşadək verilir”.
Bunu "Sherg.az”a iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib.
Onun sözlərinə görə, indiki dövrdə sağlam böyümə sosial durumdan asılıdır:
"Həmçinin uşaqların tibbi sığortaya cəlb olunması da bu tipli məsələlər əsasında formalaşır. Uşaq pulu dediyimiz maddi təminatın miqdarı yaşayış minimumuna uyğunlaşdırılır. İlkin olaraq 3 il bərpa olunmasını müsbət addım kimi qiymətləndirmək olar. Ancaq bunu yetərli hesab etmirəm. Fikrimcə, bu, "uşaq pulu”nun bərpası istiqamətində ilkin mərhələdir. Düşünürəm ki, dövlət maddi durumundan asılı olmayaraq bütün kəsimlərdən olan vətəndaşlara bu imkandan yararlanma şansını yaratmalıdır”.
İqtisadçı bildirib ki, prosesin tam şəffaf olması üçün güclü mexanizmin qurulmasına ehtiyac var:
"Ən azı 18 yaşa - uşaqların tam yetkin yaşa çatmasına qədər dövlət müavinət verməlidir. Və bu müavinətin miqdarı ilkin mərhələdə differensial da ola bilər, ailələrin sosial vəziyyəti də nəzərə alına bilər. Hesab edirəm ki, bu mənada ölkə başçısı bizim dediyimiz fikirlərə üstünlük verəcək və ailələrin maddi təminatının yaxşılaşdırılması və uşaqların sağlam böyüməsi üçün bu addımın atılmasını zəruri hesab edəcək”.
Sevda Ulutau