Masaj salonları...

Elanlarda kifayət qədər şübhələnməyə əsaslar var
"Bu elanlardan və rastlaşdığımız konkret hallardan da belə qənaətə gəlmək olur ki, bizdə bəzi masaj salonları öz birbaşa funksiyasını həyata keçirmir. Hansısa başqa məqsədlərə xidmət edirlər"


Sosial şəbəkələrdə masaj salonlarına dəvətlər bol yer alıb. Dəvətlərin mətni də diqqətçəkəndir. Həm iş təklifləri var, həm də xidmətlərdən istifadəyə dəvətlər. Dünən "Facebook”da yayılmış elanlardan biri "Evroklub” masaj salonu ilə bağlı idi. Elanda bildirilirdi ki: "yalnız bəyləri kosmetik masaja dəvət edirik”. Deməli, artıq "bəylər” də kosmetik masajlara aludə olub? Sonra da xüsusi olaraq qeyd edilmişdi: "Gənc və peşəkar xanımlar sizə xidmət etməyə hazırdır”.

Başqa bir elanda isə işə masajçı qızlar tələb olunduğu xəbərdarlığı edilirdi. Elanın mətni belə idi: "Masaj salonunda işləmək üçün qızlar tələb olunur. Bilməyənlər öyrədilir. Yaş həddi - 30-dək. Gündəlik qazanc 20-30 AZN arasında. Üstəlik, "çayevoy” (yəni, xidmət göstərdiyin şəxs səxavətli olsa, cibinizə əlavə pul "basacaq”. Buna "mədəni” dildə "çaypulu” deyilir).

Belə elanlara aludə olanları yolun sonunda nə gözləyir?

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında bildirdi ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti azaddır, bir şərtlə ki, qanuni şəkildə olsun:

- Xırda sahibkarlıq subyektləri rəsmi dövlət qeydiyyatında olmalıdırlar və fəaliyyətləri sertifikatlaşdırılmalıdır. İşçi axtaran, eləcə də xidmət təklif edən hər bir müəssisə ilk növbədə sertifikatını təqdim etməlidir. Bir halda ki, sosial şəbəkələr vasitəsilə elan verirlər, sertifikatlarını da təqdim edə bilərlər. Bu halda onlara inam artar və şübhələrə də yer qalmaz. Amma məzmunu açıqlanan bu elanlarda şübhələnməyə kifayət qədər əsaslar var. Məhz kişilərin xidmətlərdən istifadəyə və məhz gənc xanımların işə dəvət edilməsi, yaş həddinin göstərilməsi, əlavə qazanc mənbəyinin qabardılması, gənc xanımlara masaj peşəsinin öyrədiləcəyi vədi, bütün bunlar şübhə doğuran məqamlardır. Gənc xanım necə peşəkar masajçı ola bilər? Peşəkar masajçı olmaq üçün illərlə işləmək, təcrübə toplamaq lazımdır. Orta yaşlı, hətta yaşlı xanımlar gənc qızlardan daha təcrübəli olar və öz peşəsini də bilər. Masaj xüsusi bir peşədir. Bu, tibb sahəsi ilə birbaşa bağlıdır. Masajı tibb mütəxəssisləri icra etməlidir. Masajçı bədənin nöqtələrini dəqiqliyilə bilməlidir ki, səhvə yol verməsin. Bəzən masajçının səhvi əks-effekt yaradır, xeyir verməkdənsə, ziyana salır. Bədənə masaj lazım olduğunu həkim təyin etməlidir. Adətən həkimlər masajı məsləhət biləndə azı 10 kurs müalicə yazırlar. Masaj müalicəvi xarakter daşımalıdır. Amma bu elanlardan və rastlaşdığımız konkret hallardan da belə qənaətə gəlmək olur ki, bizdə bəzi masaj salonları öz birbaşa funksiyasını həyata keçirmir. Hansısa başqa məqsədlərə xidmət edirlər. Bunu elanlardan görmək mümkündür. Hesab edirəm ki, elanda gənc xanımların işə dəvətinin və
müştərilərə də məhz gənc xanımların xidmət göstərdiyinin xüsusi vurğulanması müştəri cəlb etmək məqsədi daşıyır. Bu elanla masaj salonları əməkdaşlarının kimlərdən ibarət olduğunu göstərir. Məlumdur ki, masaj salonlarına imkanlı təbəqənin nümayəndələri gedir. Bir neçə saatın içində 50 manat xərcləmək kasıblara aid deyil. Burada dəvət varlı adamlara hesablanıb. Elanların mətnini araşdırdıqda üzə çıxan indikatorlara əsasən demək olar ki, dəvətlərdə şübhəli məqamlar kifayət qədərdir.

M.Zeynalova masaj salonlarına ölkədə böyük tələbat olmadığını da vurğuladı:

- Azərbaycan cəmiyyəti üçün masaj salonları tələbat olmayan müəssisələrdir. 9 milyonluq əhalinin neçə faizi bu salonların xidmətlərindən istifadə edir? Çox az bir qisim. Azərbaycanlılar masaja adaptasiya olunmuş xalq deyil. Azərbaycan xalqı üçün ev şəraitində ovxalanmaq üsulu ilə bədənin yumşaldılması daha yayqındır, nəinki masaj salonları. Bir vaxtlar saunalar da yağışdan sonra göbələk kimi artmağa başlamışdı. Sonra məlum oldu ki, saunalardan da birbaşa funksiyası üzrə deyil, tamam başqa məqsədlər üçün istifadə edilir. Nəticədə saunaların sayının artması prosesi dayandı. İndi masaj salonları dəbə düşüb. Bunlar barədə də məlumdur ki, cəmiyyətdə mənfi fikir formalaşıb. Və əsassız da deyil. Bəzi masaj salonlarında əxlaqsız yuvaları aşkarlandığı da bəllidir. Ona görə də əhali masaj salonlarına etibar etmir və məncə, doğru da edir.

M.Zeynalova Daxili İşlər Nazirliyinin Analitik Mərkəzinin bu tip elanlarla bağlı təhlillər apardığını da bildirdi:

- Elə bilməyin ki, masaj salonları, saunalar nəzarətdən kənardır. Bu tip müəssisələr daim diqqət mərkəzində saxlanılır. Və siqnal alındıqda lazımi tədbirlər həyata keçirilir.

"İctimai Birlik rəhbəri olaraq siz, masaj salonlorında əməyin və ya cinsi istismarla bağlı hallara rast gəlmisinizmi” sualına cavabında isə M.Zeynalova "yox, konkret bu hallarda rastlaşmamışıq, çünki buna dair monitorinq aparmamışıq. Amma təşkilatımız NİV-lə mübarizə çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirəndə bəzi masaj salonlarına da gedilirdi. Və biz orada çalışan xanımların geyimlərində şübhəyə səbəb olacaq əsaslar görürdük. Masaj salonlarında çalışan gənc xanımlar hədsiz açıq-saçıq geyimlərdə olurlar. Görünür, onlardan məhz belə geyim tələb olunur. Bu da şübhələnməyə tutarlı əsasdır”.

Məlahət Rzayeva