Onların ən çox yayılanı Levant gürzəsidir
İlanlar sürünənlər sinfinin pulcuqlular dəstəsinə aiddir. İlanların ziyansız növlərilə yanaşı, canlılar üçün çox təhlükəli hesab olunan növləri də var. Yay aylarında ilanlar yaşayış yerlərində çoxalmağa başlayır və ilan sancma təhlükələri də artır.
AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov "Şərq”ə danışarkən bildirib ki, Azərbaycan ərazisində 8 zəhərli ilan növü var. Lakin onlardan ikisi faktiki olaraq sübut edilməyib. Real olaraq bu gün 6 növ zəhərli ilandan danışmaq mümkündür. Yerdə qalan 22 növ ilan isə zəhərsizdir. İnsan həyatı üçün heç bir təhlükə daşımır: "İlanlardan qorunmağın ən yaxşı yolu onları tanımaqdır. İlana toxunanda, tapdalayanda, o, insanı sancır. İlan sancmalarının əksəriyyəti ölümlə nəticələnir.
Ona görə də çöldə tədqiqat işi aparanlar, sahədə işləyənlər diqqətli olmalıdırlar. Azərbaycanda ən çox yayılan zəhərli ilan növü Levant gürzəsidir. Sıx meşədən başqa, qalan meşə ətəklərində, səhralarda, yarım səhralarda, bütün yerlərdə yayılıb. Yüksək dağlıq yerlərdə isə step (çöl) gürzəsi adlanan ilan növü mövcuddur. Zəhərli ilanı, zəhərsizdən fərqləndirmək lazımdır. Bu isə insanlara orta məktəbdə aşılanmalı, öyrədilməlidir. Zəhərli ilanların zəhər dişləri, qısa quyruğu, yastı başı, başının üzərində xırda pulcuqları olur”.
İnsanların ilanlarla bağlı məlumatları yetəri qədər olmadığı üçün, onlardan qorxur və çıxış yolunu öldürməkdə görürlər. Lakin bir çox canlılar kimi ilanların da təbiət üçün öz faydası var. Bəzi heyvanların təbii qida mənbəyi olmaqla yanaşı, xırda məməlilər, quş və quş balaları, kərtənkələlər, qurbağalar və s. canlıları yeməklə onların təbiətdə sayının tənzimlənməsində iştirak edir. Eyni zamanda siçan kimi taun xəstəliyi yayan canlıları yeməklə xəstəliyin yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
Sahib Əhmədov qeyd edib ki, ilanları öldürmək çıxış yolu deyil. Zəhərli ilanlar-gürzələr tapıldığında gərək mütəxəssislər çağırılsın və o ilanlar öldürülməsin, zərərsizləşdirilsin.
Zooloq bildirib ki, ilan sancmalarından qorunmaq, insanların təhlükəsizliyini təmin etmək üçün gərək mühazirələr təşkil olunsun:
"İnsanlar maarifləndirilməlidir. Zoologiya İnstitutunun elmi işçiləri çağrılmalı, seminarlar təşkil olunmalıdır”.
İlanlar yayın isti vaxtlarında sərinlənmək üçün sərin, soyuq vaxtlarda qızınmaq üçün isti yerlər axtarır. Bu cür yerlərə siçan yuvaları, otluq, kol-kos dibi, daş-kəsək altı, hasarlarda, divarlarda olan boşluqlar, yerə yığılmış əşyalar, tullantılar və s. misal göstərmək olar. Ona görə də həyət-baca səliqəli saxlanmalı, ilanların yerləşə biləcəyi əlverişli şərait aradan qaldırılmalıdır. Çünki ilanlar özləri üçün əlverişli şərait tapmadığında, başqa, daha münbit əraziyə üz tuturlar.
"İlan sancmaları zamanı ilkin olaraq yaranı bağlamaq lazımdır. Ondan sonra tez bir zamanda təcili yardım çağırmaq, yaralını xəstəxanaya çatdırmaq, həkimə müraciət etmək lazımdır. Yara müayinə və müalicə olunmalıdır.
Belə hallarda insan çoxlu maye qəbul etməlidir. Heç kəs ilan sancmasından sığorta edə bilməz. Hər yerdə ilana rast gəlmək mümkündür. Ona görə də gərək təhlükəsizlik qaydalarına əməl edilsin. Gürzələr bəzən mühitə o qədər uyğunlaşır ki, rəngini seçmək çətin olur. Ona görə çox diqqətli olmaq lazımdır” - deyə Sahib Əhmədov vurğulayıb.
Sevda Ulutau