Həcc ziyarəti

Rauf CƏBRAYILOV, İlahiyyatçı



(Əvvəli ötən sayımızda)

Həcc əməllərini şəriətdə göstərilən qaydada yerinə yetirmiş şəxsə hacı deyirlər. Həcc ziyarətini yerinə yetirmək nə qədər çətin və əziyyətli olsa da, hacı adını daşımaq ondan dəfələrlə ağır və şərəfli sınaqdır. Ziyarətdən qayıdan hacı əvvəlki illərlə müqayisədə günahlardan çəkinməsi ilə fərqlənməlidir. Əfsuslar olsun ki, bu hal bir çox hacılar tərəfindən unudulur. İstər ilkin islam dönəmlərində, istərsə də günümüzdə bu vacib ibadətlə "şöhrət alveri” edənlər də tapılır. Müasir nəqliyyatın olmadığı dönəmlərdə insanlar dəvə, at, ulaq və piyada minlərlə kilometr uzaqlıqda yerləşən Məkkə şəhərinə yollanır və aylarla bu səfərin məhrumiyyətlərinə dözməli olurdular. Bu üzdən Həcc ziyarətinə hər kəs gedə bilmir, bu ağır səfərə daha çox ibadət edən möminlər yollanırdılar. O dövrlərdə vacib ibadətləri olmayan müsəlmanların həccə getmək, demək olar ki, yadlarına belə düşmürdü. Çünki Həcc sadəcə müqəddəs məkanların ziyarəti deyildir.

Günümüzdə də Həccə gedənlərin sayı ilbəil artır. Müasir nəqliyyatın köməyi ilə min kilometrlərlə yol 4-5 saata qət edilir. Həccə gedənlərin çəkdikləri əziyyət də əvvəlki dövrlərə nisbətən çox azalmışdır. Təsəvvür edək ki, indiki zamanda Məkkə şəhərinə on saata gedib qayıtmaq mümkündür. Əvvəllər isə bunun üçün təxminən yarım ilə qədər vaxt sərf olunurdu. Bu səbəbdən və planetimizdə yaşayan insanların artımına görə hər il Həcc ziyarəti zamanı təxminən 5-6 milyon insan eyni vaxtda bu ziyarətə gedir. 20-ci əsrin əvvəllərinə qədər Həccə gedənlər o qədər az idi ki, bolgə, mahalda onları barmaqla saymaq olurdu. Bu insanlara nəinki yaşadıqları ətrafı, hətta onların Hacı olduğunu bilən hər kəs hörmətlə yanaşırdı. Hacılar yaşadıqları ərazidə ən hörmətli insan hesab olunurdu. Hər kəs övladının xeyir işində, elçilikdə qız qapısına hacı aparırdısa, onları əli boş geri qaytarmırdılar. Münaqişələrdə, dava-dalaş zamanı, qan töküləndə hacılar araya girər və məsələni sülh yolu ilə həll edərdilər. Bu da bir faktdır ki, əvvəlki dövrlərdə haca gedənlərin demək olar ki, hamısı orta yaşdan yuxarı, yaşlı və ibadət əhli idilər. Günümüzdə isə Həccə gedənlər içərisində gənclər kifayət qədərdir. Əlbəttə, müsəlman gənclərin Həcc mərasiminə müsbət yanaşmaları sevindirici haldır. Amma bu gənclərin böyük əksəriyyəti hara getdiklərini lazımi səviyyədə dərk etmirlər. Düzdür, belə cahil insanlar yaşlılar arasında da az deyil. Amma müəyyən yaşa çatmış insan ibadətin nə olduğunu dərk edən, "ucuz şöhrət axtarışı” dövrünü arxada qoyan, axirətini fikirləşənlərdir. Bəzi insanlara isə yalnız hacı adı lazımdır. Hətta haca gedənlər içində ömründə iki rükət namaz qılmayanlar və oruc tutmayanlar, bir sözlə, islam dininin əsas vacib ehkamlarından xəbəri olmayanlar da çoxdur.

Bütün bunlara baxmayaraq bəzi insanlar yanlış olaraq Həccə yalnız namaz qılıb, zəkat verən, oruc tutan, ibadət edənlər getməlidirlər fikri ilə başqalarını bu vacib əmrdən uzaqlaşdırırlar. Həmin insanlar bilməlidirlər ki, islam dinində pilləli ibadət ierarxiyası anlayışı yoxdur. Yəni, namaz qılmayan insan Həccə də gedə bilər, oruc da tuta bilər, digər ibadətləri də yerinə yetirə bilər. Heç kəsdə belə bir səlahiyyət yoxdur ki, hər hansı bir ibadəti etmək istəyənlərin qarşısına "pilləli” ibadət şərti qoysun. Birmənalı surətdə deyə bilərik ki, Həccə getmək hər bir halda Allahın çağırışına itaət etmək və islam dininin vacib şərtlərindən birini yerinə yetirməklə Yaradanı razı salıb çoxlu savaba nail olmaq və günahların bağışlanması və hidayət yoluna yönəlmək üçün əvəzsiz vasitədir. Amma unutmamalıyıq ki, Həcc ziyarətinin özünəməxsus qayda-qanunları və şərtləri vardır ki, əməllərin qəbulu üçün mütləq onlara riayət olunmalıdır. Həzrət Əli (ə) dünyadan köçərkən etdiyi vəsiyyətdə ümmətə Kəbəni tək qoymamağı dönə-dönə tapşırmışdır: "Sizi Allaha and verirəm! Sizi Allaha and verirəm! Rəbbinizin evinin haqqına riayət edin. Nə qədər ki, sağsınız Həcci nəzərinizdən çıxarmayın. Əgər Həcc tərk olunarsa, sizlərə möhlət verilməyəcək”. (Nəhcül-Bəlağə, məktub 27).

Biz yuxarıda dinimizdə ibadət ierarxiyasının olmamasından danışdıq. İslam aləmində bunun əksini düşünənlər də vardır. Onlar belə əsas gətirirlər ki, islamın əqidə əsaslarından başqa, yəni əməlsiz əqidə ilə qəbul olunmalı şərtlərdən sonra müsəlmandan tələb olunan vacib ibadət namaz və zəkatdır. Bundan sonra oruc tutmaq və Həcc ziyarəti gəlir. Əlbəttə, bunlar dinimizin müzakirə olunmayan hökmləridir. Amma davamlı şəkildə yerinə yetirilməli olan bu vacib ibadətlərin yalnız birinin Həcc ziyarətinə birbaşa təsiri vardır. Bu da zəkatdır. Çünki Həcc ziyarətinə gedən insanın öncə sərf etdiyi vəsait halal olmalıdır. Haram pulla Həccə gedən insana "can ağrısı” qalır. Həzrət Peyğəmbər (s.ə.s) buyurur: "Haram pulla Həccə gedən şəxs "Ləbbeyk Allahummə ləbbeyk” deyəndə Allah-taala ona buyurar: "La ləbbeykə və la səədeykə (Həccin özünə qalsın)”. (əd-Durrul-Mənsur, II cild).

Həcc ziyarətinə gedən insan malından zəkat verməsə (onun malı zəkat həddinə çatıbsa) onun bu ziyarətə sərf etdiyi vəsait bütünlüklə haram hesab olunur. Çünki zəruri ehtiyacdan artıq qalan malın və qazancın halal olması üçün mütləq onun zəkatı verilməlidir. Bəziləri də belə bəhanə gətirirlər ki, Həccin vəsaitini uzun müddətə toplamışam. Həmin insanlara demək istəyirik ki, hər bir halda zəruri ehtiyacdan artıq qalan malın zəkatını verərək onu haramdan təmizləməli, yəni mallarımızdan uca Allahın yoxsullar üçün müəyyən etdiyi haqqı ödəməliyik. Məhz belə vəsaitlə Həccə gedən şəxs əməllərinin qəbul olunmasına ümid bəsləyə bilər. Bir anlıq düşünək ki, Həccə zəkatını vermədiyimiz haram pulla gedirik. O halda Həccimizin qəbulu mümkündürmü? Bu sualın cavabını hər kəsin öhdəsinə buraxırıq. (Yaxşısını Allah bilir).

Həccin vacib buyrulmasının əsas səbəblərindən biri də insanların Ərəfatda tövbə edib günahlara bir daha qayıtmamaq şərtilə Allahla əhd bağlamaq üçün onlara bu şəraitin yaradılmasıdır. Həcc ziyarətini edən hacı müqəddəs Ərəfatda Allaha günahlara geri qayıtmayacağı barədə söz verib tövbə etdikdən və bağışlanacağına ümid etdikdən sonra əvvəllər ibadət əhli olmasa da qayıdan kimi təcili vacib ibadətlərə başlamalı, bütün böyük günahlardan çəkinməlidir. Hələ İslamın ilk illərindən həccə gedənlərin əməllərinin qəbul olunub-olunmamasını yoxlamaq üçün belə bir üsuldan istifadə edirdilər. Ziyarətdən qayıdan hacının yaşam tərzini, ibadətlərə və insanlara münasibətini və günahlardan nə dərəcədə çəkinməyini izləyir, bununla da onun həqiqi hacı olub-olmamasını yoxlayırdılar. (Hər bir halda yaxşısını Allah bilir).

Həcc ziyarətinə getmək istəyənlərin və qayıdanların nəzərinə bir vacib məsələni də çatdırmaq istəyirik. Bu da Minada şeytana daş atmaq mərasimidir. Bu mərasim tövhid ailəsinin (İbrahim, Hacər, İsmail) ilahi əmrlərə itaət edib İblisi daşlamaq hərəkətlərinin simvolik təkrarlanmasıdır. Həcc mərasiminin bu vacib hissəsi nədənsə bir çoxlarını düşündürmür. Elə təsəvvür edirlər ki, xırda daşları divara vurmaqla bu vacib əməli yerinə yetirmiş olurlar. Amma əslində hacı tövhid ailəsinin etdiklərini xatırlayaraq onu şeytana və günahlara tərəf yönəldən nəfsini daşlarla bərabər divara vurmalıdır. Əlbəttə, nəfsin divara vurulması da bənzətmədir. Hacı burada Allahla əhd bağlayıb şeytanı özündən birdəfəlik uzaqlaşdıracağına, yəni nəfsinə hakim olacağına və böyük günahlara bir daha dönməyəcəyinə and içir. Ona görə də bu müqəddəs ziyarətdən gələnlərin böyük günah etdiklərini görən hər kəsin onları "şeytan” adlandırmağa haqları vardır. Onlar günahlara davam etdiklərinə görə Mina çölündə Allahla yox, şeytanla əhd bağlamışlar. Çünki Minada insanla şeytan arasında bütün bağlılıqlar qırılmalı, bundan sonra hacı adını alan şəxs bütünlüklə Allaha və Onun hökmlərinə tərəf yönəlməlidir. Bu üzdən Həcc ziyarətinə yola düşmək istəyən və yaxud qayıdan hacılar bu şərtləri yerinə yetirmədən ziyarətlərinin qəbul olunduğunu necə düşünə bilərlər? Hədislərin birində deyilir: "Əbdürrəhman ibn Kəsir: "İmam Sadiqlə (ə) Həccə getmişdik. Yoldan keçəndə, o Həzrət (ə) bir dağa qalxıb yüksəklikdən camaata baxdı və buyurdu: "Nə çox hay-küy, nə az hacı var!” (Biharul-Ənvar, cild 27, hədis 30)

Bu məsələ barədə uzun-uzadı yazmağımızın məqsədi həqiqətən cəmiyyətdə bu vacib ziyarətdən qayıdanlara qarşı münasibətin birmənalı olmaması və bunun toplumu narahat edən məsələlər sırasında olmasıdır. Çünki müqəddəs amallar uğrunda səfərə çıxmış, nümunəvi və üstün əxlaqlı olmağa borclu olan bu insanlardan bəzən cəmiyyət elə çirkin hərəkətlər görür ki, bu insanlara, hətta bu ada belə ikrahla yanaşırlar. Belə hacıların elələri də var ki, ziyarətdən gələndən sonra qohum və dost-tanışların şadlıq məclislərində belə iştirakdan imtina edir, spirtli içki verilən yığıncaqlarda oturmağın günah olması dəlilini gətirirlər. Amma yaddan çıxarırlar ki, qohumluq əlaqələrinin qırılması dinimizdə böyük günahlardan biridir. Bundan başqa pis işlərdən çəkindirmək və yaxşı işlərə dəvət etmək kimi dinimizin vacib ibadətlərindən uzaqlaşmaqla cəmiyyətdə bu prinsipləri təbliğ etmək əvəzinə özləri günah sahibi olurlar. Əslində cəmiyyəti qıcıqlandıran bu məsələ yox, həmin hacıların özlərini təkəbbürlü aparmaları, ibadət əhli olmamaları, günahlardan çəkinməmələri, bəzilərinin isə, hətta spirtli içki və donuz ətindən düzəldilmiş haram məhsulların ticarətindən gələn gəlirlə dolanmaları, zina etmələri və bir çox günah işlərlə məşğul olub riyakarlıq etmələridir.

İslam dini mövqeyindən məsələyə yanaşsaq müqəddəs hacı adını ləkələyənlər öz əməlləri ilə başqalarının hacı olmasına və hətta hacı olduqdan sonra pis əməllərə qayıtmalarının günahına yüklənir və bu günaha şərik olurlar. Hətta, cəmiyyətdə kifayət qədər savadlı və dinə meyilli insanlar var ki, həcc ziyarətinə getmək istəsələr də "yalançı” hacılara ikrah hissi onlarda müqəddəs hacı adına qarşı mənfi münasibət formalaşdırır. Bəziləri isə riyakar hacıların bu əmməllərini görüb özləri hacı olsalar da onlarla bərabər bu ada sahib olmamaqdan ötrü hətta spirtli içki və haram qidalardan istifadə edir, habelə əvvəlki günah əməllərə geri dönürlər. Belə insanlar da ən azından riyakar hacıların etdikləri cahillikləri təkrar etmiş olurlar. Çünki düzgün düşüncəsi, əqli və məntiqi olan heç kəs haca gedənlərin bir qismi riyakardır deyə əqidəsindən dönməz. Bu bəhanə həmin insanların imanlarında olan naqisliklərdən və günah əməllərə dönmək istəklərindən qaynaqlanır.

Allaha olan iman riyakar və ikiüzlü insanların etdikləri pis əməllər nəticəsində "dəyərsizləşəcəksə” deməli, həmin iman elə əvvəldən kamil olmayıb və tənəzzülə məhkumdur. "Pislər çoxdur deyə mən də yaxşı olmayacam”- deyən hər kəs bütün dövrlərdə səfeh adlandırılıb. "Qurani-Kərim”də də Allah öz dininin başçısı təyin etdiyi İbrahimdən (ə) üz döndərənləri səfeh adlandırır. Çünki Həcc mərasimi bütünlüklə Həzrət İbrahimlə (ə) əlaqədardır: "(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər?...” (Əl-Bəqərə,130).

Qətiyyətlə deyə bilərik ki, müqəddəs Həcc səfərinə gedən hacıların bir qismi şəriətə və islam əxlaqına zidd əməllərə yol versələr də, onların arasında sözün əsl mənasında bütün topluma nümunə olacaq imanlı və Həccin bütün tələblərinə riayət etmiş nurani insanlar və din xadimlərimiz kifayət qədərdir. Məscid tikdirən, yol, su çəkdirən, çoxlu qurbanlar kəsdirib yoxsullara paylatdıran, xəstələrə, şikəstlərə, müsafirlərə, tələbələrə yardım edən, bir sözlə, cəmiyyətin problemlərinə biganə qalmayan və onların həlli istiqamətində imkanı daxilində yaxından iştirak edən hacılarımız minlərlədir. Onlar heç kəsin yanında hacı olduğunu vəziyyət tələb etmədikcə yada salmaz, təkəbbürlə başqalarına minnət qoymaz və böyük günahlardan daim uzaq olarlar. Məhz onlar cəmiyyət üçün nümunəvi əxlaqa sahib əsl hacılardır. Hacı adını şərəflə daşımaq istəyənlər riyakarlara yox, belə təmiz insanlara baxıb örnək götürə bilərlər.

Həcc ziyarəti hər bir müsəlmanın imanının və ibadətlərinin kamilləşməsi, ilahi hökmlərə daim əməl edəcəyi barədə uca Allahla əhd bağlamaq üçün səfərə yollandığı hesabat xarakterli müqəddəs bir yoldur. Bu yolu kimlərinsə düzgün gedib-getməməsindən asılı olmayaraq hər bir imkanlı müsəlman islam dininin dirilik rəmzi olan Kəbəni ziyarət etməkdən boyun qaçırmamalı və Yaradanın bizim üçün nur qaynağı olan bu vacib ibadət çağırışına itaət etməlidir. Bu müqəddəs səfərə getmək istəyən hər kəsə uca Allahdan bol ruzi, günahlarının bağışlanması, hidayət olunması, qayıdıb gəldikdən sonra isə bu müqəddəs adı şərəflə daşımağı arzu edirik.