720 manata satılan alçanı kim alır...?! - ŞƏRH





"Bütün hallarda qiyməti tələb və təklif müəyyənləşdirir. Dolayısıyla, tələbin müəyyənləşməsi qiymətin yaranmasına səbəb olur”.

Bunu "Sherg.az”a qış mövsümündə marketlərdə alçaların həddindən artıq baha satılmasının səbəblərini izah edərkən iqtisadçı - ekspert Natiq Cəfərli deyib. 

O vurğulayıb ki, iqtisadi qaydalara görə, qiymətlərdə vətəndaşın alıcılıq qabiliyyəti də nəzərə alınıb:

"Kommersiya təşkilatlarına, supermarketlərə dövlətin, digər nəzarətedici orqanların müdaxiləsi düzgün olmaz. Bu, bazar iqtisadiyyatı qaydalarına da ziddir. Amma bunun psixoloji tərəfi də var. Sual yaranır ki, 720 manata satılan alçanı kim alır ki, ona bu qiyməti qoyurlar? Artıq bu sosial problemin yaranmasına, insanlar arasında sosial layların artmasına gətirib çıxarır.

Alçaya qoyulan qiymət istehsalçının öz işidir. Buna müdaxilə etmək olmaz. Əgər həmin qiymətə qoyulubsa, deməli kimsə alır. Amma özü-özlüyündə tələb və təklifə uyğun qiymət formalaşmalıdır.

Dünyada belə tendensiya var: qara piar özü də reklamdır. Alçanın qiymətini bu qədər baha qoymaqla reklam etməyə çalışırlar. İstər-istəməz bu, sosial şəbəkələrdə yayılır, müzakirə olunur, mətbuatda dərc edilir və maraq yaranır.

Başqa cür az miqdarda alçanın 720 manata satılması, insanların onu rahat şəkildə ala bilməsi məntiqli görünmür”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, paytaxtdakı bəzi supermarketlərdə alçanın 300 qramı 720 manata satılır.

Aysel Alsan