“Topaz”ın ömrünü kəsəcəklər
Ölkənin üçüncü şəxsi də dilə gəldi, millət vəkilləri də, daha nə qaldı?
Nəhayət, Milli Məclisdə illərdir əhalini müflis edən və mətbuatın da dönə-dönə bu "tale qarası” futbol mərc oyunları - "Topaz”lar yenə gündəmə gəldi. Əslində, "Topaz”larla bağlı Milli Məclisdə bundan əvvəl də bir neçə dəfə millət vəkilləri məsələ qaldırmışdılar və bu mərc oyunlarının qadağan olunmasını təklif etmişdilər. Amma nəticə hasil olmamışdı. Bu dəfə isə millət vəkili Qüdrət Həsənquliyev idman mərc oyunlarının insanlara fəlakət gətirdiyini bir daha parlamentdə səsləndirib və həmin oyunların ləğv olunmasını təklif edib:
- Mərhum Prezident Heydər Əliyev bir vaxtlar çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırdı. O, bu addımı ilə çox ailəni, çox gənci bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradır. Nə qədər ailələrin uşaqları bu bəlaya düçar olub.
Deputat bu mərc oyunlarının ləğvini təklif edib. Parlamentin spikeri Oqtay Əsədov da millət vəkilinin mövqeyini paylaşıb. İndi qalır məsələnin həlli tərəfi. Danışmaq yaxşıdır və bəs bu iş necə həyata keçirilməlidir? Onsuz da kreditlər, bank faizləri, mərc oyunları, "topazlar”, "binqolar”, "ailə sevincləri” camaatı müflis edib. Metro çıxışlarında hərə qarşısına bir kətil
qoyub "bu axşam oynayır haa”, deyib camaatı lotoreyalara cəlb edir. Yazıq, fağır, kasıbçılıqdan bezmiş bəziləri də "bəlkə bəxtim bu dəfə gətirdi” deyib olan-olmaz pulunu da lotoreyaya verib evə gətirir. Axşam da əlinin altında "Volidol”, "Volokardin” əyləşir televizorun qənşərində ki, görsün, bəxti ona yar olur, ya yox. Sonunda yenə peşmançılıq, həyatdan küskünlük, taleyə və onu doğan anaya qarğışlar... Hətta intihar da. Futbol mərci isə insanlarımızı əsl xəstəyə çevirib. Bir-iki "bəxti gətirənin” hesabına yüzlərlə, minlərlə insan varını-yoxunu itirir, həyatın dibinə yuvarlanır. Evi də əlindən çıxır, borcları da o qədər yığılır ki, axırda dözməyib özünə qəsd edir. Bunu elə-belə - göydən, bilməzə demirik. Yadınızdadırsa, Milli Məclisin iclaslarından birində xanım millət vəkili Məlahət İbrahimqızı həyəcan təbili çalmışdı:
- Guya ki, bu oyunlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Amma adamlar orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri oradan yığmaq olmur. Təkcə Nəsimi rayonundan 13 ana mənə müraciət edib. Bu günlərdə daha 3 müraciət də daxil olub. Hətta bir müraciətdə qadın qeyd edib ki, onun həkim olan həyat yoldaşı "Topaz”da külli miqdarda pul uduzub və evini satmaq məcburiyyətində qalıb. Digər iki müraciətdə isə analar bildirir ki, övladlarını həmin yerdən çəkə bilmirlər. "Topaz”ın işi, gənclərin, insanların asudə vaxtının təşkili ilə bağlı, dövlət başçısının, parlamentin, dövlətimizin həyata keçirdiyi siyasətin tam əksinə olan bir fəaliyyətdir. Yəni bir yerdə ki pulla oyunlar var, bunun nəticəsi də artıq məlumdur, hansı formada oynanılmasının fərqi yoxdur. Başlanğıc, nəticə və niyyət eynidir. Parlamentdəki çıxışında xanım deputat "Topaz” bukmeyker kontorlarını hətta "mənəviyyatsız yer” adlandırmışdı.
Və indi millət vəkili Qüdrət Həsənquliyev bu məsələni təkrar Milli Məclisin gündəminə çıxardı. Deyəsən, "Topaz”ların ömrü bitmək üzrədir. Bir halda ki, millət vəkilləri vaxtaşırı bu problemi qaldırır, demək ki, vəziyyət həqiqətən də ağırdır. Və problemin həlli vacibdir.
Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü Çingiz Qənizadə "Şərq”ə açıqlamasında xalqın "Topaz”lardan xilasını müvafiq qanuna əlavə və dəyişiklik edilməsində gördüyünü dedi:
- Mən mərc oyunlarının əleyhinəyəm. Nə qədər insan bu mərc oyunlarında müflis olur. Ona görə də bu mərc oyunları qadağan olunmalıdır. Necə ki, Azərbaycanda kazinoların fəaliyyəti qanunla qadağan edilib, mərc oyunları da qadağan olunmalıdır. Çünki mərc oyunları da kazino, qumarxananın başqa bir növüdür. Bunun üçün də gərək müvafiq qanuna dəyişiklik edilsin. Nə vaxtsa bu mərc oyunları qanuniləşdirilib, onların fəaliyyət göstərməsi qanunla tənzimlənib, eləcə də, qanunauyğun olaraq da, ləğv edilməlidir. Mərc oyunlarının ləğvi ilə bağlı müvafiq komitə tərəfindən qanun layihəsi hazırlanmalıdır və Milli Məclisə təqdim edilməlidir. Qanuna əlavə və dəyişikliklər etməklə bunun qarşısını almaq mümkündür.
Millət vəkili qeyd etdi ki, idman mərc oyunlarının ləğvi ilə bağlı hüquq-mühafizə orqanları, baş prokurorluq da məsələ qaldıra bilər:
- Hər şeyi Prezidentdən gözləmək lazım deyil. Hamı öz işini icra etməlidir. Hüquq-mühafizə orqanları məsələ qaldırmalıdır ki, bu mərc oyunları cinayətkarlığın artmasına səbəb olur. İnsanlar pullarını uduzur, borca düşür, sonra da gedib oğurluq, soyğunçuluq edirlər ki, borclarını ödəsinlər. Bir bədbəxtlik başqa bir bədbəxtliyə səbəb olur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları idman mərc oyunlarında müflis olan vətəndaşların siyahısını açıqlasınlar. Onlar belə bir statistikanı əldə edə bilər. Mən inanıram ki, qanun layihəsi hazırlanıb təqdim olunsa, ən yüksək səviyyədə dəstəklənəcək. Artıq sözdən işə keçmək vaxtıdır.
Məlumat üçün bildirək ki, idman mərc oyunlarının təşkilinə Milli Məclis tərəfindən "Bədən tərbiyəsi və idman haqqında” qanuna 2010-cu il 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsiylə icazə verilib. Hərçənd, əlavə və dəyişikliklərdə qeyd olunur ki, mərc oyunları bədən tərbiyəsi və idmanın təbliği və təşviqinə xidmət etməlidir, əldə olunan gəlir idmanın inkişafına məsrəf olunmalıdır, görünən budur ki, itkilər qazancdan qat-qat artıqdır. İndi iş qalır Milli Məclisin öhdəsində. Necə bu əlavə və dəyişiklikləri qəbul edibsə, eləcə də, yeni əlavə və dəyişikliklər qəbul edib insanları bu bəladan xilas etsinlər.
Məlahət Rzayeva