80 min hərbçi hücum əmrini gözləyir

Tramp isə Türkiyə əməliyyata başlayacağı halda, ölkəni iqtisadi zərbə ilə hədələyir
ABŞ-ın Suriya ilə bağlı planı yarımçıqdır. Bu plan Kissincerin bir vaxtlar irəli sürdüyü İraq və Suriyanın üç hissəyə - şiə, sünni və kürdlərə bölünməsindən uzağa gedə bilmir

Türkiyə Silahlı Qüvvələrinin Menbiç və Fərat çayının şərqində həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıqlar böyük ölçüdə tamamlanıb. "Yeni Şafak”ın yazdığına görə, 80 min hərbçi hücum əmrini gözləyir. Bu rəqəm, 1974-cü ildə Kipr əməliyyatında iştirak edən hərbi qüvvədən iki dəfə çoxdur. Türkiyə Cümhuriyyəti tarixində ən böyük əməliyyat Şanlıurfa və Kilis vilayətlərindən idarə olunacaq. "Mehmetcik” eyni anda 10-dan çox nöqtədən hücuma keçəcək. Hədəf təxminən 30 min kvadrat kilometr ərazini terror təşkilatlarından təmizləyərək "terror dəhlizi” təhdidini tamamilə aradan qaldırmaqdır. Bu arada əməliyyatın əleyhinə olan ABŞ Prezidenti Donald Tramp Suriyanın şimal-şərqində terrorçu PYD və YPG təşkilatlarına hücum ediləcəyi halda, Türkiyəyə iqtisadi zərbə vurulacağını bildirib: "İstəmirəm ki, kürdlər Türkiyəni, Suriyanı, Rusiyanı və ya İranı təhrik etsinlər. Onlar İŞİD-in dağıdılmasına ən böyük töhfə verdilər. Biz bunun üçün onlara minnətdarıq, amma indi qoşunları evə qaytarmaq lazımdır”. Türkiyə tərəfi Ağ Ev rəhbərinin hədəsinə cavab verib. 

Prezident sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə kürdlərlə deyil, terrorçularla döyüşür: "Kürdləri və suriyalıları bütün növ terror təhdidindən qoruyacağıq. Biz ABŞ-dan strateji tərəfdaşlıq öhdəliklərinin yerinə yetirməsini gözləyirik”.

Yaxın Şərqdəki prosesləri "Şərq”ə şərh edən politoloq Sədrəddin Soltan deyib ki, ABŞ-ın Suriya ilə bağlı siyasətinə dair sensasiya doğuracaq xəbərlər yayılmaqdadır. Ancaq Donald Trampın yazdıqları hələ iki ölkə arasında vəziyyətin tam bərbad və hər şeyin məhv olduğu anlamına gəlmir: 

"Bu yaxınlarda Türkiyədən bir rəsmi nümayəndə heyəti ABŞ-a səfər edəcək. Heç şübhəsiz, bölgədə böyük bir layihə həyata keçirilir. Region dövlətlər layihə zamanı üzləşəcəkləri ehtimal olunan itkilərdən yayınmağa, heç olmazsa, az itki verməyə çalışırlar. Böyük güclər isə layihəni həyata keçirməyə cəhd göstərirlər. Bütün məsələ bu ziddiyətlə bağlıdır. Dekabrın sonunda Trampın həyat yoldaşı Melaniya ilə İraqa elan olunmamış səfəri sensasiyalı hadisələrdəndir. Prezident İraqa səfərindən bir neçə gün əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Suriyadakı vəziyyəti telefon vasitəsilə müzakirə edib. Türkiyə rəhbəri söhbət zamanı ABŞ administrasiyasının Suriyada terrorçuluqla mübarizə sahəsində atdığı addımlardan razılığını ifadə edib. 

Tərəflər ABŞ qoşunlarının Suriyadan çıxarılması zamanı və onunla əlaqədar keçid mərhələsində sui-istifadəyə yol aça biləcək güc vakuumundan yayınmaq üçün iki ölkə hərbçiləri, diplomatları və digər səlahiyyətli şəxsləri arasında əlaqəni təmin etməyi razılaşdırıblar. Yanvarın 8-də isə Ərdoğan Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun təklifini qəbul etməyib. Buna səbəb Boltonun Türkiyəyə səfərdən əvvəl İsraildə verdiyi bəyanatdır. Müşavir bildirib ki, Suriyanın şimalında kürdlərin qorunması ilə bağlı anlaşma olmadan ABŞ hərbçiləri həmin bölgədən çıxmayacaq. Boltonun səfərindən bir gün sonra ABŞ dövlət katibi Maykl Pompeo İraqa səfər edib. O, Ərdoğanın terrorçu PKK və YPG qruplaşmasının Türkiyə üçün bir təhlükə mənbəyi olaraq tanınması fikri ilə bağlı suala cavabında deyib: 

"Hər iki tərəflə görüşmüşük. Hərbçilərimizin təhlükəsiz çıxması ilə bağlı görüşlər keçiririk. Çıxmazdan əvvəl Suriyanın İŞİD-ə aid bütün ünsürlərdən təmizləndiyinə tam əmin olmaq istəyirik. Ərdoğan terrorçuların onların həyatı üçün bir təhdid mənbəyi olduğunu bildirib. Biz də terrorçuların Türkiyəni təhdid etdiyinin fərqindəyik və bu məsələdə Türkiyəni dəstəkləyirik”.

Məsələ ondadır ki, ABŞ-ın Suriya ilə bağlı planı yarımçıqdır. Bu plan Kissincerin bir vaxtlar irəli sürdüyü İraq və Suriyanın üç hissəyə - şiə, sünni və kürdlərə bölünməsindən uzağa gedə bilmir. Problemin həllinə dair yeni ideya olmadığından İraq və Suriyada gərginlik aradan qalxmır. Baş verənlərdən belə görünür ki, ABŞ-ın Suriya və İraqda baş verənlərdə məqsədi PKK və ona oxşar terrorçu qrupların ideyalarının dəstəklənməsindən ibarət olub. Habelə bu işdə ərəb dövlətlərindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirin dəstəyinə bel bağlayıb. Bu baxımdan, Məhəmməd Mursinin Misir prezidenti postundan hərbi yolla devrilməsi ilə bağlı bəzi məqamlara da aydınlıq gətirmək olar. Qətər isə bu oyuna razılıq vermədiyindən Ər-Riyadın başçılıq etdiyi koalisiyanın sanksiyasına məruz qalıb. Ehtimal etmək olar ki, ABŞ bəhs etdiyimiz planı həyata keçirmək istəyəndə isə müqavimətin səviyyəsi və miqyasını nəzərə almayıb. Belə təəssürat yaranır ki, Suriya və İraqla yanaşı, oxşar hadisələr Türkiyədə də cərəyan etməli imiş. Bu üç ölkədə yaranan xaosdan isə bir dövlət qurub onu əraziyə nəzarət etmək üçün mərkəzə çevirməli imişlər. Ancaq hələlik bu plan alınmır”.

Ekspertə görə, Tramp və Pompeonun Türkiyəyə səfəri yaxşı hadisə ola bilər:

 "Gedişat sübut etdi ki, terrorçu və ya qanunsuz silahlı qruplaşmanı müttəfiqdən üstün tutmaq ziyanlı haldır. Daha açığı, ABŞ NATO-nun sonuncu sərhəd ölkəsi olan Türkiyəni gələcəyi, quracağı bəlli olmayan bir dövlətə dəyişməsi növbəti yanlış layihədir. Yol zorakılıqdan keçmir. Bütün savaşların sonu masa arxasında müzakirə ilə bitir. Bölgədə hər sahə dağılıb”.

İsmayıl