9 gün istirahət bizə yaraşırmı?

“Uzun tətillər onsuz da işləməyi çox sevməyən bir toplumun daha da tənbəlləşməsi üçün çox gözəl “fürsətdir”“Hansısa bir xarici ölkə vətəndaşı Azərbaycanda bir iş görmək istəyirsə, deməli o, 10 gün gözləməlidir”
Toplum olaraq, bayram, tətil günlərini çox sevirik. Elə bunun nəticəsidir ki, "aclıq olsun, kef olsun” məsəli cəmiyyətdə bayram olsun, kef olsun” formasında dilə gətirilir. İşləyən insanın uzun müddəti əhatə edən tətil günləri arzulaması təbiidir. Amma biz bir şeyi anlamalıyıq ki, tətilin müddəti çox olduqda istənilən insanda işə uyğunlaşma ilə bağlı çətinliklər yaşanmağa başlayır. Üstəlik də maddi cəhətdən xeyli itkilərə məruz qalır. Bildiyimiz kimi, mart ayında dövlət müəssisələrində 9 gün qeyri-iş günü olacaq. Bəli, nə əskik, nə artıq, düz 9 gün...
Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 20-si bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar günü olduğundan Novruz bayramında ardıcıl 8 gün iş olmayacaq. Qeyd edək ki, mütəxəssislər uzun bayram tətilləri barədə heç də optimist rəylər vermirlər.
Türkiyəli psixiatr Erol Gökanın araşdırmalarına görə, uzun tətillər rüşvətçi bir toplum psixologiyasına zəmin hazırlayır. 
Onun fikrincə, iş və siyasi əxlaqa zidd olan bu cür sistem tənbəlləri də mükafatlandırır. Psixiatr onu da deyib ki, dünyanın inkişaf etmiş ölkələrində belə bir sistem yoxdur: "Uzun tətillər onsuz da işləməyi çox sevməyən bir toplumun daha da tənbəlləşməsi üçün çox gözəl "fürsətdir”. Onsuz da tibbdə "bazar ertəsi sindromu” deyilən hal artıq öz təsdiqini tapıb. Bir həftədən artıq davam edən tətillərdə bu sindrom daha dərin olur. Belə ki, istirahətə alışmış beynin analiz edən hissəsi işə qayıdandan sonra yeni vəziyyətə alışmaqda çətinlik çəkir. Bu vəziyyət daha çox tələbələrdə və zehni əməklə məşğul olanlarda özünü göstərir ki, bu da konsentrasiya problemi adlanır. Nəticədə diqqətsizlik və stress də özünü göstərir”.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, istirahət günlərinin bu qədər çox olmasının mənfi təsirləri daha çoxdur: 
"Kifayət qədər aktual və ciddi problemlərimiz var. Həmin problemlərin həllini axtarıb tapmaq və onları aradan qaldırmaq lazımdır. Bunun üçün də intensiv şəkildə işləməli, hər günümüzdən, hər anımızdan istifadə etməliyik”.
Sosioloqun sözlərinə görə, Azərbaycanda istirahət günlərinin bu qədər çox olması xarici ölkə vətəndaşları ilə əməkdaşlığa müəyyən maneələr törədir: "Hansısa bir xarici ölkə vətəndaşı Azərbaycanda bir iş görmək istəyirsə, deməli o, 10 gün gözləməlidir. Çünki bu müddətdə bizim bütün dövlət idarələri, banklarımız bağlı olur. Bayram günlərinin bu qədər çox olması bəlkə də kimlərinsə işinə yaraya bilər. Amma işgüzar adamlar tətil günlərinin bu qədər çox olmasından hər zaman şikayət edir. Hesab edirəm ki, Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməli və bu məsələ tənzimlənməlidir. Bu qədər tətil hansı günümüzə yaraşır?! Hökumət post-neft dövrünə keçdiyimizi elan edib. Deməli, biz var-gücümüzlə çalışıb, iqtisadiyyatımızı, kənd təsərrüfatımızı inkişaf etdirməliyik. Maraqlıdır, bir ayın yarısını evdə oturmaqla hansı inkişafa nail olacağıq?! Hələ istirahət günlərinin çox olması bir yana, 10 gün evdə oturan adam işə qayıdanda da 3 gün adaptasiya problemi yaşayır”.
Ə.Qəşəmoğlu deyib ki, istirahət günləri maksimum dərəcədə azaldılmalı və ya ortaya differensial yanaşma qoyulmalıdır: "Ən azından dövlət əhəmiyyətli və daha vacib olan qurumlar üçün tətil günlərinin sayını azaltmaq olar”.
Yuxarıda da qeyd etdiyim kimi, uzun tətil günlərinin psixoloji və sosioloji təsirləri ilə yanaşı, iqtisadi təsirləri də var. Maraqlıdır, iqtisadçı-ekspertlər necə düşünür, böhran dövründə 9 günlük bayram tətili ölkəyə neçəyə başa gələcək? İqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, istirahət günlərinin bu qədər uzun olması iqtisadi cəhətdən məqsədəuyğun deyil: "9 gün bayram tətilinin elan edilməsində qazanan tərəf yalnız turizm sektoru olacaq. Nəzərə alsaq ki, turizm sektoru adətən istirahət günlərinin və ya bayram günlərinin çox olmasından, yerli müştərilərin cəlb edilməsi baxımından gəlir əldə edə bilir. Bayram günlərinin çox olması vətəndaşların ölkədaxili turizm, bəzilərinin isə xarici ölkələrə səyahət etmək üçün turizm xidmətindən istifadə etməsinə gətirib çıxarır. Bu baxımdan bayram günlərinin çox olmasından qazanan tərəf turizm sektorudur. Güman olunur ki, nəqliyyat sektoru da qazanan tərəfdir.
Çünki bu sektorda ölkədaxili, ölkəxarici, hava nəqliyyatı və dəmiryol nəqliyyatından daha çox gəlir əldə etmək olur”.
8 günlük ardıcıl qeyri-iş gününün mənfi psixoloji tərəflərinə toxunan iqtisadçı deyib ki, adətən insan 9 gün işləməyibsə, onda müəyyən tənbəllik formalaşır: "Psixoloji olaraq işə yanaşmada müəyyən çətinliklər formalaşır. Bunun da mənfi psixoloji tərəfləri var. Digər mənfi cəhət isə həmin qeyri-iş günlərində əlavə dəyərin nisbətən az yaradılması ilə bağlıdır. Belə ki, bayram günlərində, xüsusən şirkətlərin və dövlət müəssisələrinin dəyər vergisiz çalışmadığı üçün həmin iş yerlərinin yaranan dəyərin məbləğini azaldır. Bütün hallarda məhz bu, birmənalı şəkildə iqtisadiyyata nisbətən az dəyərin yaradılması formasında təsir göstərir. Sözsüz ki, sonrakı dövrdə işçilər həmin dəyəri kompensasiya edə bilər. Amma bütün hallarda, xüsusən də 9 günlük qeyri-iş və bayram günlərinin olması iqtisadi baxımdan arzuolunan deyil”.
Şəymən