“90 faiz sənətçi eyni vəziyyətdə yaşayırıq”

Tofiq Hüseynov: “Elə böyük maaşım yoxdu. Nə deyim? Ağlayım? Guya bu, nəyi dəyişəcək ki?”



Əməkdar artist Tofiq Hüseynov bu yaxınlarda Milli Onkoloji Mərkəzdə əməliyyat olunub. Çətin günlərini arxada qoyduğunu deyən sənətçi "Şərq”ə danışıb:

"Xəstəliyimin olduğunu təsadüfən bildim. Sözün düzü, ağlıma belə gəlməzdi ki, onkoloji xəstəliyim ola bilər. Amma həyatdı, nədən qorxursansa, o da başına gəlir. Həkimlər qısa müddətdə əməliyyatımı vacib saydılar. İndi şükür ki, yaxşıyam. Teatra bir-iki dəfə gedib dəymişəm. Evdə otura bilmirəm. Çox darıxıram. Biz aktyorlar sanki balıq kimiyik. Balıq sudan kənarda yaşaya bilmədiyi kimi, biz sənətçilər də səhnədən uzaqda qala bilmirik. Mən özümü səhnəsiz təsəvvür edə bilmirəm”.

Əməkdar artist maddi sıxıntılarından da az-çox danışdı: "Düzünü deyim, əməliyyat üçün sənət dostlarım imkan qədər kömək etdilər. Bir də öz vəsaiti hesabına əməliyyat oldum. İndi hansı aktyorun maddi vəziyyəti yaxşıdır ki? Təbii ki, bəzi istisnalar olur. Yəni teatrda olan bəzi sənətçilərin sağlıqlarına qismət, imkanları yaxşıdır. Amma 90 faiz sənətçi eyni vəziyyətdə yaşayırıq. Elə böyük maaşım da yoxdu. Nə deyim? Ağlayım? Guya bu, nəyi dəyişəcək ki? Yenə də şükr edirəm. Biz onsuz da səhnənin tozunu udub ailəmizi dolandırmağa öyrəşmişik. Bu gün sənətçilərin həyatının həqiqətən hər birisi bir hekayədir. Hərənin bir cür çətin həyat tərzi var. Sovet dönəmində sənətçilərin vəziyyəti yaxşı idi, indi axı o zəmanə deyil. Mən şükr edə-edə bu yaşıma çatmışam. Allah səbrli olmağı tövsiyə edir. Bircə onu bilirəm ki, teatra, işimə qayıtmaq üçün darıxıram. Yəqin 2-3 aya teatra gedəcəm. Rollarım var. Onları oynamaq istəyim var. Tamaşaçılarım üçün darıxıram. Necə deyim ki, hisslərimi çatdıra bilim. Hər dəfə səhnəyə eyni həvəs və həyəcanla çıxıram. Mənim üçün səhnə sözün böyük mənasında müqəddəs yerdi”.

Tahirə