Azər Ayxan: “Müxbirlər hər yazıda vətənpərvərlik aşılaya bilməz”
Vüsal Hətəmov: "Azərbaycanda KİV reytinq bazarı adı ilə reytinq azarına tutulub”
(əvvəli ötən sayda)
Müharibə şəraitində olan Azərbaycan Respublikasında milli şüurun inkişafı və vətənpərvərliyin yüksəldilməsi hər zaman diqqət mərkəzində olan məsələlərdən olub. Nəzərə almalıyıq ki, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli məhz gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır.
Lakin təəssüflər olsun ki, torpaqlarının 20 faizi işğal altında olan ölkəmizdə gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər qənaətbəxş deyil. Bunu ilk növbədə analoji konsepsiyaların, layihələrin və proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar. Vətənpərvərlik, dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dinlərə, məzhəblərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixoloji təsirin nəticəsidir. Bu cür qruplarla ən yaxşı mübarizə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı, yəni dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Xalqımızın ən böyük dərdi Qarabağdır. Bu, hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtdir. Bunun üçün təlim-tərbiyə və təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətənin və xalqın marağını daha uca tutmağa hər an hazır olmalısan. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövrdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu məsələlərin təbliğində televiziya, radio, yazılı və elektron kütləvi informasiya vasitələri təsiredici rol oynaya bilər. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, vətənpərvərlik tərbiyəsində digər amillərin ciddi təsiri var. Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutan uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxarmasınlar. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə edir. Cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Əlbəttə, etiraf etmək lazımdır ki, bu gün təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılara böyük tələbat duyulur və bu, günümüzün tələbidir. Eyni zamanda jurnalistlərin vətənpərvərliyi də çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bəs görəsən, yazılı və elektron kütləvi informasiya vasitələrinin nümayəndələri mediada vətənpərvərlik hisslərinin artırılması kimi mövzulara nə dərəcədə üstünlük verirlər?
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli hesab edir ki, tipindən asılı olmayaraq, bütün media qurumları milli maraqlarımızı qorumalı, vətənpərvər yazılara üstünlük verməlidir. Amma digər funksiyalar da yaddan çıxmamalıdır: "Medianın hər funksiyasının öz yeri var. Onlar arasında rabitə yaratmaqla istənilən yazıda vətənpərvərlik elementlərini tərənnüm etmək lazımdır. Vətənpərvər yazılar jurnalistin özünü və ya başqasını tərifləməsi demək deyil. Müxbir məqaləni çox incə məqamlarla ictimaiyyətə təqdim etməli və yazının ümumi ruhuna vətənpərvərlik simptomları səpməlidir”.
Professorun sözlərinə görə, jurnalist-oxucu münasibətləri qarşılıqlı olmalıdır: "Əsas məsələ cəmiyyətin qarşısında duran vəzifəni yerinə yetirmək və xalqa xidmət etməkdir. Ancaq işi elə qurmaq, elə forma tapmaq lazımdır ki, həm redaksiyanın təklifi, həm də oxucunun istəyi üst-üstə düşsün”.
"Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan isə bildirib ki, KİV ancaq təbliğat-təşviqat rolunu oynamalıdır, sadəcə vətənpərvərlik hissini aşılamalıdır kimi fikirlər sovet dövründə mediaya təlqin olunan ideyalardır: "Əslində SSRİ zamanı təkcə televiziyanın, yazılı mətbuatın yox, ümumiyyətlə, bütün sahələrin üzərinə məsuliyyət kimi konkret tələblər qoyulub. Ancaq həqiqi medianın işi təkcə nəyisə təbliğ etmək deyil. Mətbuatın funksiyası bütün dünya standartları üzrə müəyyən edilib. Biz özümüzdən Amerika kəşf etmirik ki? KİV olaraq əsas missiyamız ictimaiyyətə informasiya vermək, insanları məlumatlandırmaqdır. Əgər insanın qanında vətənpərvərlik yoxdursa, mətbuat həmin adamı dəyişdirməyə borclu deyil. Heç bunu edə də bilməz. Çünki vətənpərvərlik istedad kimi anadangəlmə məsələdir. Ona görə də bu işi birbaşa media qurumlarının üzərinə yükləməyi doğru yanaşma hesab etmirəm”.
A.Ayxanın sözlərinə görə, müəyyən layihələr çərçivəsində Azərbaycanın maraqlarını müdafiə edən müxtəlif məqalələr yazılır. Amma cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsi yaratmaq sadəcə medianın vəzifəsi deyil. Proses kompakt şəkildə aparılmalıdır: "İnsan özü vətənpərvər olmalıdır, Vətənini, xalqını, dövlətini sevməlidir. Müxbirlər hər yazıda vətənpərvərlik aşılaya bilməz. Düzdür, KİV-in təsiredici imkanı güclüdür. Media ictimaiyyəti istənilən məsələ ilə bağlı istiqamətləndirə bilir. Ancaq jurnalistin əsas missiyası cəmiyyəti məlumatlandırmaqdır. Şübhəsiz ki, dövlətin, ölkənin, xalqın əleyhinə, ziddinə fəaliyyət göstərmək də yolverilməzdir”.
Baş redaktorun birinci müavini deyib ki, Azərbaycanda oxucu auditoriyası çox azdır. İnsanımız oxumağı sevmir: "Düzdür, zamanında Azərbaycan oxucusu çox mütaliəli və intizamlı olub. Əksəriyyətimiz rayonlarda, kəndlərdə yaşamış adamlarıq. O vaxtlar insanlar ələ keçirdikləri hər şeyi, qəzetləri, kitabları birnəfəsə oxuyardılar. O cümlədən cəmiyyətin ədəbiyyata, ədəbi yazılara da marağı çox idi. Amma müasir dövrdə bu sahədə vəziyyət çox acınacaqlıdır. İnsanların kitab, qəzet oxumaması ciddi problemdir. Siz ictimai nəqliyyatda neçə adamın əlində kitab və ya qəzet görə bilərsiz? Çox az, əksəriyyət əlindəki mobil telefonlarla cürbəcür sosial şəbəkələrdə eşələnməklə məşğuldur. Kitab oxumayan, mütaliə etməyən, öz üzərində işləməyən cəmiyyət şübhəsiz ki, cahilliyə doğru yuvarlanır. Ona görə də Azərbaycanda amansız qətllərin, boş, mənasız motivlərlə törədilən cinayətlərin sayı çoxalır. Oxumuş intellektli adam heç vaxt əlinə bıçaq alıb kimisə öldürməz. Amma ömründə bir kitab və ya qəzet oxumayan, dövrün mətbuatını izləməyən, dünyanın gediş-gəlişindən xəbəri olmayan adamlar istənilən xoşagəlməz hadisəyə meyl edər. Ona görə də bu məsələdə müvafiq qurumların üzərinə çox ciddi missiya düşür. Yəni mövcud problemi aradan qaldırmaq üçün dövlət xəttinin olması vacibdir. Həm vətənpərvərliyin, həm də insanların maariflənməsinin məsuliyyəti də, ağırlığı da daha çox dövlətin üzərinə düşür. Bu missiyanı sadəcə qəzetdən, saytdan tələb etmək doğru deyil”.
A.Ayxanın fikrincə, elə bir mühit yaranmalıdır ki, bugünkü ucuz və düşük televiziya verilişləri efirə getməsin: "Qəzetin auditoriyası ilə televiziyanın oxucu bazası eyni deyil. Televiziyalar ortalığa daha ciddi məsələlər qoymalıdır. İndiki efirlərə baxan vətəndaş necə vətənpərvər formalaşsın?! Efiri mənasız, duzsuz, heç bir intellektual yükü olmayan proqramlarla yükləmək, vətənpərvərliyi sadəcə yazılı media qurumlarının üzərinə atmaqla sağlam cəmiyyət formalaşdırmaq mümkün deyil. Əlbəttə ki, o cür verilişlərlə böyüyən nəsil vətənpərvər yazılara yox, Nadir Qafarzadənin mahnılarına, Təranə Qumralın qalmaqallarına maraq göstərəcək. Mənim, sənin yazdıqlarım o cür adamlar üçün maraqlı deyil”.
"Birlik.az” saytının baş redaktoru Vüsal Hətəmov deyib ki, KİV ən böyük təsir vasitələrindən biri yox, elə ən böyük təsir vasitəsidir. İstər müsbət, istərsə də mənfi mənada: "Təəssüf ki, Azərbaycanda KİV reytinq bazarı adı ilə reytinq azarına tutulub. Bu səbəbdən bəzi media qurumları vətənpərvərliyin, milli şüurun inkişafında əngəl rolunu oynayır. Ekspertlər ara-sıra qeyd edirlər ki, KİV-in sifarişi cəmiyyətdən gəlir. Yəni cəmiyyətin səviyyəsi nədirsə, media onu hazırlayır və təqdim edir. Xeyr, bu əsla belə deyil. Cəmiyyətə mədəniyyət, maarifçilik, məfkurə səviyyəli KİV-dən transfer olunur. Odur ki, mətbuat rəhbərləri strateji məsuliyyətlərini anlamalıdırlar. Anlamaq lazımdır ki, media ucuz mövzularla, şou xarakterli motivlərlə tərəqqi yolunu keçə bilməz”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb