“Məgər Milli Kitab Mükafatı “kolxoz”dur”

Zahir Əzəmət: “Əsəd Cahangir AYB-nin rəhbərliyində təmsil olunur, bir müsabiqə də onlar keçirsin”
“Öz layihələri işləmir deyə başqa təşəbbüslərə “mız” qoyurlar”


Milli Kitab Mükafatı ilə bağlı fikirlərini "Şərq”ə bölüşən növbəti müsahibimiz MKM-nin ekspertlərindən biri olan, yazar Zahir Əzəmətdir.

MKM-nin keçirilməsini necə dəyərləndirirsiniz?

- Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatı üçün kifayət qədər əhəmiyyətli və gərəkli bir layihədir. MKM ətrafında zaman-zaman müəyyən mübahisələr, narazılıqlar yaransa, haqlı və ya haqsız iradlar səslənməsinə rəğmən deyə bilərəm ki, Milli Kitab Mükafatı Azərbaycanda keçirilən ən böyük ədəbiyyat və ya kitab müsabiqəsidir. Əslində elə bu müsabiqənin ədəbi mühitdə müzakirələrə səbəb olması da müsabiqənin effektivliyinin göstəricisidir. Məqsədi Azərbaycanda oxucu sayını artırmaq və ədəbiyyatımıza yeni ab-hava gətirmək olan Milli Kitab Mükafatı kitabı gündəmə gətirə, cəmiyyətdə, mediada müzakirə obyektinə çevirə bildi. Bir müsabiqə üçün bundan başqa daha nə uğur ola bilər? Belə bir müsabiqənin keçirilməsini dəstəkləyirəm və davamlı olmasını arzulayıram. Azərbaycanda kitab bazarının, ədəbi proseslərin formalaşmasında, yazarların stimullaşdırılmasında Milli Kitab Mükafatının əhəmiyyətli dərəcədə rolu var. Hesab edirəm ki, Nigar xanım ittihamlardan, iradlardan təsirlənib, ruhdan düşməməlidir. Əksinə, müsabiqəni 2-3 ildən bir yox, hər il keçirsin.

- Milli Kitab Mükafatında etiraz doğuran səbəblərdən biri ekspertlərin ədəbiyyat sahəsinə aidiyyəti olmayan adamlardan təşkil olunmasıdır. Sizcə, münsiflər heyətinin seçimləri nə qədər uğurludur?

- İlk müsabiqədə münsiflər heyətinin tərkibi daha az idi. Tənqidlərdən sonra onların tərkibi genişləndirildi. Münsiflərin tərkibi müxtəlif sahə adamlarıdır deyənləri anlamıram, çünki münsiflər tacirlərdən ibarət deyil ki? Ekspertlərin tərkibində yer alanların hər biri cəmiyyətin ziyalı təbəqəsi, bu və ya digər formada Azərbaycanın mədəni həyatını təmsil edən adamlardır. Təbii ki, Milli Kitab Mükafatında zövqlər, ekspertlərin ictimai mövqeyi müzakirə oluna, hətta tənqid oluna bilər. Bu çox normal bir haldır. Çünki heç bir tərkib ideal deyil. Tənqidlər isə ideal olmasa da, cəmiyyətin daha çox təbəqəsini razı sala biləcək bir sistem yaradılması üçündür. Amma təcrübə də göstərir ki, heç vaxt, heç bir müsabiqə tənqiddən sığorta olunmayıb. Narazılar, tənqidçilər hər zaman olub, olacaq da. O başqa məsələ ki, Milli Kitab Mükafatını tənqid edən adamların arqumentləri nə dərəcədə əsaslıdır. Əgər siz bu müsabiqənin formatını bəyənmir, obyektivliyinə şübhə ilə yanaşırsınızsa, bir yerə yığışıb, bir müsabiqə də siz elan edin. Milli Kitab Mükafatına alternativ kitab yarışması keçirin ki, rəqabət mühitində ən yaxşı müsabiqə önə keçsin. Amma özün heç bir iş görmədiyin halda işin-gücün başqasının təşəbbüslərini tənqid etməkdirsə, bu sadəcə bekarçılıq əlamətidir. Tutulan tənqidləri o halda əsaslı hesab edirəm ki, keçirilən müsabiqələri bəyənməyib, alternativ yaradırlar. Milli Kitab Mükafatını dövlət keçirmir ki? Bu müsabiqə bir şəxsin, bir strukturun təşəbbüsü ilə yaradılıb və özünün baxış tərzini ortaya qoymağa çalışır. Axı Milli Kitab Mükafatı sırf intellektual ədəbiyyat yarışması deyil. Bu müsabiqənin məqsədi populyar və oxunaqlı kitabı ortaya çıxarmaqdır. Unutmayaq ki, Milli Kitab Mükafatı bir kitab mağazaları şəbəkəsinin təşəbbüsüdür. Nigar xanım üçün maraqlıdır ki, hansı kitabı daha çox sata bilər. Bu ən yaxşı roman və ya hekayə yarışması deyil ki, münsiflər heyətinin tərkibi sırf mütəxəssislərdən ibarət olsun. MKM-nin məqsədi ən yaxşı və ən çox satılacaq kitabı ortaya çıxarmaqdır. MKM-i tənqid edənlər elə hesab edir ki, bir müsabiqədə bütün tərəflərin istəkləri nəzərə alınmalıdır. Amma bu, mümkün deyil. Dünyada yüzlərlə ədəbiyyat müsabiqələri var. Biri uşaq ədəbiyyatı, digəri isə fantastik ədəbiyyatla bağlı müsabiqə elan edir. Amma biz hamısını bir yerdə istəyirik. Məgər Milli Kitab Mükafatı "kolxoz”dur?

- Milli Kitab Mükafatı ilə bağlı ən kəskin münasibət sərgiləyənlərdən biri tənqidçi Əsəd Cahangirdir. Onun yanaşmasına münasibətiniz necədir?

- Əsəd bəyin Milli Kitab Mükafatı ilə bağlı fikirləri ilə tanışam. Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin aktiv, rəhbərlikdə təmsil olunan üzvlərindən biridir. AYB isə dövlət tərəfindən kifayət qədər vəsait alır. Niyə bir müsabiqə də onlar keçirmir? Əslində bir ara keçirdilər, sadəcə gündəmə gətirə bilmədilər. Onlar öz layihələri istənilən nəticəni vermir deyə, başqalarının təşəbbüslərinə "mız” qoyurlar. Əgər Milli Kitab Mükafatı sizin tələblərinizə cavab vermirsə, siz öz istəklərinizə uyğun təşəbbüs irəli sürün və göstərin ki, yaxşısı budur.

- Milli Kitab Mükafatına tutulan ən böyük iradlardan biri müsabiqənin antimilli siyasət yürütməsi ilə bağlıdır. Qalib olan əsərlərin daha çox siyasi çalar üzərində qurulan, milli dəyərlərimizə əks mövqedə dayanan əsərlər olduğu iddia edilir...

- Ədəbiyyatda nə millilik, nə siyasi çalar? Bir əsərin milliliyini sübut etmək üçün o əsər başqa dillərə tərcümə olunmamalıdır? Milli ədəbiyyat folklordur, qoşma, bayatıdır. Milli roman olmaz axı! Ədəbiyyat siyasət deyil ki, əsərlərdə siyasi çalarlar önəmli rol oynasın.

- Əksər yazarlar ekspertlərin qərəzli olduğunu deyir...

- Bunlar təbiidir. Milli Kitab Mükafatında məni də qane etməyən şeylər var. Çingiz Abdullayevin rəhmətlik Rafiq Tağı ilə bağlı fikirləri mənə də xoş deyil. Amma bunlar müsabiqənin effektiv olmadığı qənaətinə gəlmək üçün əsas deyil. Bayaq dedim ki, ideal müsabiqə olmur. Bu müsabiqə dövlətin deyil ki, etiraz edək ki, bizim vergimizlə formalaşmısan, bizim istəklərimiz də nəzərə alınmalıdır. Bu da Nigar xanımın çox sağoludur? Dizini yerə qoyub, bu müsabiqənin yükünü tək üstələnib.

- Müsabiqəyə təqdim olunan əsərlər arasında sizin üçün ən layiqlisi hansı əsər idi?

- Ekspertlərin əsas işi ilk onluğu müəyyən etmək idi. Bütün müsabiqələrdə seçilən onluq isə 99 faiz bizim ürəyimizcə olurdu. Fikir vermisinizsə, ekspertlərin müəyyən etdiyi onluqlar cəmiyyətdə də müzakirə olunmurdu. Əgər hansısa əsər onluğa qədər gəlib çıxırsa, deməli, bu və ya digər formada qalib olmağa layiqdir. Mənim əsas favorim Şərif Ağayar idi, amma başqa bir əsər qalib gəldi. Amma unutmayaq ki, həmin qalib də bir bal aşağı, bir bal yuxarı mənim də səsverməm nəticəsində onluğa düşüb. Əgər müsabiqədə 10 bal yox, 7 bal verdiyim kitab qalib olubsa, mənim buna etirazım cığallıq olar.

Onsuz da formal olaraq, kimsə qalib olmalıdır da. Bu, at yarışı deyil axı?

Ədəbiyyat müsabiqələri ən yaxşı yazıçını müəyyən etmir. Onu zaman təyin edir. Ədəbiyyat yarışları sadəcə stimuldur. Heç bir ciddi insan buna əhəmiyyət verməməlidir. Elə Nobel mükafatçıları var ki, 10 ildən sonra ədəbiyyat da, dünya da onu unudur. Amma elə yazıçı var ki, Nobel laureatı deyil, amma onun əsərləri 50 il, 100 il sonra da oxunur. Milli Kitab Mükafatının qalibi olmağa o yox, mən layiq idim o deməkdir ki, mən acam, o pulu da mən götürməli idim. Bu müzakirələrin heç biri ədəbiyyat davası deyil, pul davasıdır. Hansı müsabiqə bir yazarın istedadını artırıb və ya azaldıb? Burada əsas məsələ kitabın, əbədiyyatın müzakirəyə çıxarılmasıdır. Gəlin, Milli Kitab Mükafatını da ləğv edib bütün günü Röyanın, Elarizin, Mətanətin çıxardığı oyunları müzakirə edək. Cəmiyyət bunu istəyir, amma alternativ bir kitab müsabiqəsi cəmiyyətin bir təbəqəsini məcbur edir ki, həm də kitab medianın gündəminə daşınsın. Mükafatı isə Əhməd alacaq, Məmməd alacaq, fərq etmir. Hər ikisi bizdən biridir.

Şəymən