Kəlbəcərli girovların məsələsi beynəlxalq təşkilatların diqqətində saxlanmalıdır
Ötən ilin iyul ayında öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərovla Şahbaz Quliyev hələ də erməni işğalçılarının əlindədir. Tək günahı 21 ilin Vətən həsrətini içlərində boğa bilməməkləri olan bu azərbaycanlılar "casusluqda” ittiham edilərək, onlara qarşı qondarma ölkədə saxta məhkəmə düzənləndi. "Məhkəmə”nin qərarıyla Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib. Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iki azərbaycanlı öz ərazilərində qanunsuz tutulub. Onlar Azərbaycan ərazisində həbs olunublar, ancaq beynəlxalq ictimaiyyət hələ də susur. İlk vaxtlarda bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılanda, beynəlxalq təşkilatlar məlumatlandırılanda, girovları geri qaytarmaq kimi fikirlər çox səsləndi. Bu istiqamətdə də müvafiq addımlar atıldı. Həm dövlət, həm də ictimaiyyət səviyyəsində. Nəticə isə göz önündədir.
Bəs belə olan halda Azərbaycan öz vətəndaşlarını hansı yolla qaytarmalıdır? Onları Azərbaycana gətirmək üçün hansı addımlar atılmalıdır?
Əslən Xankəndindən olan sabiq millət vəkili, professor Həvva Məmmədova da deyib ki, Şahbaz Quliyevlə Dilqəm Əsgərovun girovluq məsələsi hər zaman Azərbaycan ictimaiyyətinin və dövlətinin diqqətindədir. Bu məsələ heç vaxt gündəmdən düşməyib, onlar girovluqdan azad olunana qədər də bizim üçün prioritet məsələlərdən biri olacaq: "Öz doğma torpaqlarına, valideynlərinin qəbrini ziyarət etməyə gedən iki günahsız insanın girov götürülməsi və haqlarında ədalətsiz məhkəmə qərarının çıxarılması yolverilməzdir. Onların əlində nə silah tutulub, nə də səfərlərində kəşfiyyat xarakterli faktlar əldə olunub. Onların həbsinin heç bir hüquqi əsası yoxdur. Şahbaz və Dilqəm 20-25 ildən artıq doğmalarının qəbirlərini ziyarət edə bilməyib. Axı, onların nə günahı var? Əzəldən Azərbaycan torpağı olan yerlərə gediblər. Hesab edirəm ki, dünya ictimaiyyəti bu iki şəxsin həbsi ilə bağlı öz sözünü deməlidir. Dağlıq Qarabağ dünyada tanınmamış qurumdur və onların məhkəməsi də qondarmadır. Onların çıxartdığı qərarları da beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tanımayacaq. Bunun üçün də dövlət və ölkə ziyalıları əlindən gələni edirlər. Biz əlimizdən gəldiyi qədər bu məsələni Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar qarşısında qaldırır, ədalətin bərpasını tələb edirik. Yeri gəlmişkən deyim ki, Xocalı faciəsi ilə əlaqədar Hollandiyada olarkən Avropa parlamentinin deputatı Van Der Kaapla görüş zamanı millət vəkili Vahid Əhmədovla birlikdə iki azərbaycanlının qanunsuz həbsi və onlara verilən işgəncələr məsələsini qaldırdıq. İşğalçı Ermənistanın törətdiyi cinayətlərə diqqət çəkərək onlara Ermənistanın daxilində belə ölkə rəhbərliyinə qarşı münasibətin mənfi olduğunu izah etdik. Ermənistan yalnız azərbaycanlılara qarşı deyil, öz vətəndaşlarına qarşı da amansız münasibət sərgiləyir. Əsgər anaları ayağa qalxıb, əsgər ölümlərinə etiraz edir. Kasıb ailələrin övladları hərbi xidmətə cəlb olunaraq, ölümə göndərilir. Belə bir rejimdən girovlarla bağlı ədalətli qərar gözləmək ən azı sadəlövhlük olar. Odur ki, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirməli, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara durmadan müraciət edib, onların başına açılan oyunları gündəmdə saxlamalıyıq. Ermənistan heç vaxt məkrli niyyətlərindən əl çəkməyəcək. Ermənistan cəzasız qalan dövlətdir. Bu ölkəyə heç BMT-nin 4 qətnaməsi ilə də təsir etmək mümkün olmur. Ona görə də cəzasız qalan Ermənistan dünya üçün problemə çevrilir. Əgər bu gün 2 azərbaycanlı girov götürülübsə, vaxt gələcək başqa ölkələrə də qarşı münasibətləri pisləşək. Beynəlxalq təşkilatların ermənilərə qarşı sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan keçib. Hesab edirəm ki, Avropa Məhkəməsi girovlar məsələsinə baxmalı və tezliklə doğru cavab verməlidir”.
Girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olduğuna diqqət çəkən sabiq millət vəkili Rusiyanın bu məsələyə biganəliyindən, öz vətəndaşlarına laqeydliyindən də gileylənib: "Təəssüf doğurucudur ki, girovlardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, həmin ölkənin məsələyə müdaxiləsini görməmişik. Rusiya öz vətəndaşının hüququnu Ermənistanda qoruya bilməyib. Biz ölkəmiz, həm də dünyada yaşayan azərbaycanlılar adından davamlı şəkildə müraciətlər etməliyik”.
Şəymən