Parlamentari: İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri uğurla davam etdirilir

"Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə bu işlər ən sürətli formada həyata keçirilir".

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

 Onun sözlərinə görə, məhz 2024-cü il bir çox əlamətdar hadisələrlə yadda qaldı:

"Artıq Füzuli, Zəngəzur, Laçın və digər azad edilmiş ərazilərdə insanlar yaşayır. Həmçinin mənim təmsil etdiyim Cəlilabad rayonunda da 1000 ailə məskunlaşıb. Dövlətimiz onların qısa zamanda köçü, uyğunlaşması üçün bütün zəruri addımları atır. Eyni zamanda Qarabağda yollar, elektrik enerjisi və qaz ən yüksək səviyyədə qurulub. Bundan başqa işğaldan azad edilmiş ərazilərdə yeni iş yerlərinin yaradılması davam etdirilir. Üstəlik, Araz vadisi iqtisadi zonasında önəmli layihələrin həyata keçirilməsinin şahidi oluruq. Digər tərəfdən bütün dünya Laçından, buranın azadlığından, gözəlliyindən danışır. Bir müddət bundan öncə torpaqlarımızı azad edəndə çox az sayda insan prosesin belə sürətli gedə biləcəyini düşünürdü. Lakin qısa zamanda sözügedən quruculuq abadlıq və infrastrukturun bərpasını gördük. Yəni Azərbaycan ən yüksək memarlıq və tikinti üsulundan istifadə edərək bu işləri reallaşdırdı və buna davam edir. Bu isə dövlətimizin böyük qayğı və diqqətinin göstəricisidir. Şəxsən Prezident İlham Əliyev özü həmin işlərə ən peşəkar formada nəzarət edir. Həmçinin biz onun Qarabağa davamlı olaraq səfərlərinin, yerli əhali ilə görüşünün şahidi oluruq. Ümumilikdə isə xalqımız və keçmiş məcburi köçkünlər də İlham Əliyevin bu məsələlərə həssas baxışını xüsusi qiymətləndirirlər".