“Baxça” yox, “bağça” yazılmalıdır

Orfoqrafiya lüğətində səhv yazılsa belə, əsas mənbə hesab olunur




Sosial şəbəkədə müzakirə olunan mövzuya alimlərin də öz baxışı var

Azərbaycan orfoqrafiyasında müəyyən sözlər var ki, kökü çaşqınlığa səbəb olur. Orada əhatəli izah olmadığı üçün hərə öz arqumentini əsaslı sayır. Məhz bu mövzu ilə bağlı sosial şəbəkədə müzakirə açılıb. Polemikaya səbəb də "bağça” və "boxça” sözlərinin düzgün yazılış qaydasıdır.

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanova öz şəxsi "facebook” səhifəsində yazıb: "Baxça” yox, "bağça”. Sözün kökü "bağ”dır, "bax” deyil. Yəni "Detski sad”, "kindergarten”. Eyni zamanda isə "boxça” yox, "boğça”dır ki, bu da boğmaq sözündəndir.

Sabiq təhsil naziri, professor Vurğun Əyyub isə "komment”də yazıb: "Naibə xanım, əgər "Detski sad” mənasında işlədirsinizsə, "baxça” olmalıdır. "Bax” feilindən düzəlib. Yəni uşaqlara baxılan yer! "Bağça” sözünün kökündə dayanan "bağ” sözüdür ki, "bağça” onun kiçiltmə formasıdır”.

Naibə xanım da "Vurğun bəy, "sad” sözü niyə "baxmaq” feilinə görə tərcümə olunsun ki?” deyə sual edib.

V.Əyyub: "Tərcümə işlərindən o qədər də başım çıxmır, Naibə xanım. Onu yəqin ki, ruslardan soruşmaq lazımdır ki, uşaqlara baxılan yerə nədən "sad” adı veriblər! O iki sözdəki hərf fərqləri bir məntiqə dayanıb. Biz uşaqları "baxılmaq” üçün verdiyimiz yerə "baxça” adı veririk. "Bağ” sözü isimdir, "bağça” da bağın kiçik forması. Uşaqları biz işdən qayıdana qədər baxılmaq üçün verdiyimiz müəssisədən söhbət gedirsə, mən bildiyim qədər "baxça” olmalıdır”.

Bəs görəsən, dilçi-alimlər nə düşünür? Hansı düzdür, bu birləşmədə əsas sözün kökü "bağ” ismindəndir, yoxsa "bax” feilindən? "Bağça” yazılmalıdır, yoxsa "baxça”? Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov birmənalı şəkildə bağçanın "bağ” sözündən olduğunu qeyd edib. Onun sözlərinə görə, bu söz rusların "detski sad” sözünün kalkası, tərcüməsidir. "Yəni uşaqlar bir növ hələ təbiətdən ayrılmayıblar, təbiətin qoynundadırlar. Yəni bağçanın təbiətin içərisində olması baxımından belə obrazlı ifadə yaranıb. Vaxtilə Avropada akademiyalar yarananda həmin elmi müəssisələrin mənası "bağ” sözündən olub. Yəni bağda yığışıb, təbiətin qoynunda elmi söhbətlər edirik. Hər halda bizim ağlımıza gəlməyib, rusların "detski sad”, "sadik”, sözlərindən tərcümədir. Yəqin onlar da Avropadan götürüblər”. Lakin N.Cəfərov qeyd edir ki, zaman keçdikcə, məzmun dəyişikliyi də olur. "Bu gün bağçaların uşaqların daha çox təhsil alması, zövqlərin formalaşması baxımından akademik yön alıb. Yəni "bağça” sözünün "baxmaq” feili ilə heç bir əlaqəsi yoxdur”.

Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi İlham Tahirov bildirib ki, orfoqrafiya lüğətində "bağça” yazılıb və bunun başqa heç bir variantı yoxdur. "Orfoqrafiya lüğətinə uyğun olaraq "uşaq bağçası” sözü belə yazılmalıdır. Bu, Nazirlər Kabinetinin qanunla təsdiqlənmiş sənədidir və orada səhv yazılsa belə, əsas mənbə hesab olunur”.

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli isə bu məsələnin çox ciddi olduğunu deyib: "Əslində Vurğun müəllim haqlı deyib ki, "bağça” sözü "bax” feilindən düzəlib. Yəni uşaqlara baxılan yer deməkdir! Amma "ça” isim düzəldən şəkilçi olduğu üçün onun "bax” feilinə əlavə olunması qanunlara ziddir. Ona görə də, bu söz Orfoqrafiya lüğətində "bağça” kimi götürülüb. Əsas etimologiyası "bax” feili ilə bağlıdır, amma qanunlarımıza uyğunlaşmadığı üçün "bağça” yazılaraq uşaqların gəzdiyi kiçik bağ kimi qəbul edilib. Qaldı ki, "boxça”, ya "boğça” məsələsinə, burada da bir qarışıqlıq var. Orfoqrafiyada "boxça”, yazılıb. Halbuki onun da söz kökü "boğmaq” feilidir. Yenə də, "ça” şəkilçisini feil kökünə artırmaq mümkün olmadığı üçün "boxça” qəbul olunub”.

N.Əhmədlinin sözlərinə görə, bu sözlər öz etimologiyasından uzaqlaşdığı üçün səhv yazılış düz kimi qəbul olunur: "Bu cür sözlər tarixən formasını dəyişmiş sözlər olduğu üçün izah vermək bizim üçün çətindir. Sadəcə bu iki sözlə bitmir. Orfoqrafiya lüğətimizdə bu cür problemli sözlər çoxdur”.

Şəymən