"ABB-nin indiki rəhbərliyi və MBNP o qədər qeyri-peşəkardır ki..."

Əkrəm Həsənov: "Bununla dünyada və ölkənin daxilində də bank haqqında çox mənfi rəy formalaşdı"


"Yalnız Beynəlxalq Bankın deyil, əksər bankların reytinqi şişirdilib”.

Bunu Sherg.az-a "Beynəlxalq Bankı necə sağalamlaşdırmaq olar?" sualını izah edərkən hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, hazırda bankın 1 milyard dollardan çox zərəri var, dövlət isə ona 3 milyard 137 milyon dollar bağışlayır:

"Bundan sonra o 2 milyard dollardan çox mənfəət əldə edəcək və sağlamlaşacaq. Demək olar ki, heç bir problemi qalmayacaq. Sadəcə bankın indiki rəhbərliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası o qədər qeyri-peşəkardır ki, bütün dünyaya yaydılar, Nyu-York məhkəməsinə müraciət etdilər ki, bankın hazırda ödəniş qabiliyyəti yoxdur, məhkəmə iddialarının qarşısı alınsın və s. Bununla dünyada və ölkənin daxilində də bank haqqında çox mənfi rəy formalaşdı. Hətta ölkədə vətəndaşlar tərəfindən milyonlarla əmanət çıxarılıb. Bundan sonra isə bankın reytinqini aşağı saldılar. Bank borcu olduğu şəxslərlə ayrılıqda razılaşma əldə etməli idi. 

Onlar onsuz da buna etiraz etməyəcək. Söhbət xarici banklara Beynəlxalq Bankın borcunun dövlətə keçməsindən gedir. Hansı kreditor istəməz ki, onun qarşısında bank yox, dövlət fondu dursun. Bu gün bankda əmanətiniz var, bank deyir ki, mən o əmanəti dövlətin üzərinə keçirirəm, dövlət də qəbul edir. Buna heç bir kredit götürən şəxslər etiraz etməz. Bir-bir hamı ilə belə razılıq əldə etmək olardı və bununla bankın imicinə zərər gəlməyəcəkdi. Sonradan çıxıb, hər şeyi etiraf etdikdə, hətta bankın reytinqi arta bilərdi. Amma elə qeyri-peşəkar fəaliyyət apardılar ki, heç bir əsas olmadan reytinq aşağı düşdü. Səbəbi isə savadsızlıqdan, işi bilməməkdən başqa heç nə ilə izah edilməz. ABB və Palata heç bir izah vermir. Əgər dedikləri doğrudursa, dövlət üzərindən bu qədər borc götürülübsə, bu il və gələn il problem olmayacaq”.

Ayyət Əhməd