Azərbaycan tarixinin şanlı səhifələrindən biri, xalqımıza Qələbə bəxş edən Vətən müharibəsinin başlanmasının 6-cı ildönümünü qeyd edirik. Zəfərə aparan yolda canını fəda etmiş Vətən oğullarını ehtiramla yad edir, ruhları qarşısında baş əyirik.
Anım günü və 44 günlük Vətən müharibəsində qazanılan qələbə haqqında Sherg.az-a danışan Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev bildirdi ki, Vətən müharibəsindən sonra, antiterror əməliyyatından əvvəl iştirak etdiyim beynəlxalq görüşlərin birində həm Qərb, həm də erməni analitiklərinin çox mühüm bir məsələdə yanıldığını bildirdim:
“Sözsüz ki, tədbir iştirakçıları bu yanlışlığın nədən ibarət olduğunu soruşdular. O zaman bildirdim ki, həm Qərb, həm də erməni analitikləri Azərbaycan xalqının Qarabağla bağlı düşüncələrini düzgün analiz edə və düzgün nəticə çıxara bilməyib. 30 ilə yaxın bir müddətdə Qarabağ problemi Azərbaycanın bir nömrəli problemi olaraq qaldı. Heç vaxt bu problem arxa plana keçmədi. Hər zaman bu problemin həlli üçün dövlət də, xalq da, hər bir fərd də ayaqda oldu. Və 27 sentyabrda hücum əmri veriləndə bu, hamının gözlədiyi, arzuladığı bir əmr oldu. Məhz bunun nəticəsi idi ki, nə 27 sentyabr 2020-ci ilə qədər, nə də 10 noyabr 2020-ci ilə qədər olan müddətdə Azərbaycan cəmiyyətində heç bir fikir ayrılığı, heç bir fərqli yanaşma olmadı. Qələbənin əsas şərti məhz bu idi.
A.Quliyev söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ağdamın Kəngərli kəndinin istifadəyə verilməsi mərasimində kövrələrək söylədiyi sözlər 44 günlük Vətən müharibəsinin əsas formulunu ortaya qoydu:
“"Əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma”. Bəli, həmin günlər insanların bircə fikri vardı – dayanmamaq. Və Azərbaycan son nöqtəni qoyana qədər dayanmadı. Bu yolda şəhid olanların ruhuna salam olsun. Sağlamlığını itirənlərə şəfa arzulayıram”.