“Abbas Bağırovdan başqa hamı simasını itirdi” - İlhamə Bədəlova

“Orda olanları maşına layiq görmürəm, amma gedənlərdən layiq var idi”




"Maşın” realiti-şousu ətrafında söz-söhbətlər, intriqalar səngimək bilmir. Nəzərə alsaq ki, iştirakçılar maşın uğrunda mübarizə aparır və bu o qədər də ucuz bir hədiyyə deyil, qalmaqalların bu qədər sərt olmasını ehtimal etmək mümkün idi. Ancaq maşının budəfəki surətində iştirakçılar arasında yaşananlar bir az da fərqli təqdimatla diqqətdən qaçmır. Sanki maşın ətrafında mübarizədə maşın yaddan çıxıb, daha çox kim kimdən daha güclüdür eqosunu sübut edib, sərgiləməyə çalışır.
İştirakçılar arasında hələ ki qruplaşmaların olduğu da istisnasızdır. Bu qruplaşma hələ son 5 iştirakçıya qədər davam da edə bilər. Sona qalan 5 iştirakçıdan sonra isə artıq konkret mübarizə başlamış olacaq. Hər gün maşından uzaqlaşan ən azı bir iştirakçı olur. Onu da nəzərə alsaq ki, elə gün olub ki, maşından əlini istəmədən götürənlər də olub, o gün maşından iki nəfərin getməsi də istisna deyildi, onda bu gərginliklərin də gün keçdikcə artması gözlənilən idi.

Maşından uzaqlaşdırılan ən yaddaqalan iştirakçılardan biri də aparıcı İlhamə Bədəlova idi. Maşın ətrafında xarakterli iştirakçı olaraq da seçilirdi. "Maşın”dan gedəndən sonra da İlhamə barədə müzakirələr hələ də davam edir. Elə ona görə də bu dəfə xanım aparıcı ilə həmsöhbət olmaq istədik. Maşın ətrafında baş verənləri bir də onun dilindən eşitmək istədik.

- Maşın ətrafında nə baş verir? Sanki maşın yaddan çıxıb, şəxsi intriqalar özünü göstərir.

- Əslində baş verənlərin görünən, görünməyən tərəfləri var. Hamı özünün güclü olduğunu göstərməyə çalışır. Ona görə də əllərində nə məlumat olur, kimin keçmişində nə olub, yığıb saxlayırlar ki, lazım olanda deyib, istifadə etsinlər, birini vurmaq, gözdən salmaq lazım gələndə silah kimi istifadə etsinlər.

- Güclü deyəndə nəyi nəzərdə tutursan. Maddi baxımdan güclü olduğunu göstərirlər, ya xarakter gücündən söhbət gedir?

- Orda maddi cəhətdən böyük mənada heç kim əziyyət çəkmir. Hamının imkanı normaldı. İnanın ki, həqiqətən orda bu dəqiqə maşın yada düşmür. Hərdən yadlarından belə çıxır ki, maşın ətrafında dayanıblar, maşın da sonda bir nəfərə çatacaq, hədiyyə olunacaq. Orda tam başqa söhbətlər gedir. Efirdən əvvəl aparılan danışıqlarla, efir zamanı olan danışıqlar tam fərqli olur. İstiqamət dəyişir, onda da aqressiya çoxalır.

- Çəkiliş başlayana qədər olan söz-söhbətlərlə efirə gedən danışıq arasında çoxmu böyük ziddiyyətlər olur?

- Oteldə söz-söhbətlər olmur, sadəcə maşın ətrafına gələndə günorta bir söhbət olur, planlaşdırılır, axşam başqa bir qərar gəlir. Misal üçün, bəziləri əvvəlcədən hədəfini açıqlayanda, bəziləri rahatlaşır ki, bu gün hədəf mən deyiləm. Onda da gərginlik yaranır. Hədəflər dəyişir deyə hamı biri-birinə aqressiya göstərir ki, sən yalan dedin, filan.

- İlhamə, son iki gün sanki təkləndin. Kimlərin marağında idi İlhaməni təkləyib maşından uzaqlaşdırmaq?

- Elə məni çıxartmaq üçün qruplaşma yaradılmışdı. Elə olmasaydı, məni belə tez maşından uzaqlaşdıra bilməzdilər. Orda sadəcə göstəriş verilmişdi ki, hərəniz İlhamə haqqında bir mənfi, neqativ fikir söyləyin.

- Kim tərəfdən o göstəriş gəlirdi? Ehtimalın varmı?

- Zamanla insanlar gedişatı diqqətlə izləsələr görəcəklər. Bəli, kim tərəfdən gəldiyini də bilirəm. Ad çəkmək istəmirəm. Çünki yanıla da bilərəm.

- Sən maşından gedəndə Roza Zərgərliyə atmaca atdın...

- Yox, o, atmaca deyildi. Maşından gedəndə sadəcə Rozanı qucaqlayıb dedim ki, səhvin var. Avtobusda olanda da Rozaya dedim ki, yanlış məlumat əldə etmisən.

- Roza səni suçladı ki, işçilərindən birini xəstəliyi olduğu üçün işdən çıxartmısan...

- Görünür, Rozaya səhv məlumat veriblər. Roza da məlumatı araşdırmadan, dəqiqləşdirmədən öyrənib əlində kozor saxlayıb ki, İlhaməyə qarşı istifadə edim. Görünür, bu məlumatı əldə edib özlərində saxlayıblar ki, İlhamə səhiyyənin adını çəkən kimi onu bu məlumatla vuraram. Bilirlər ki, mənim səhiyyə işçiləri, yəni həkimlər arasında kifayət qədər dostlarım var. Amma mən birinci dəfə səs istəyəndə ancaq ailəmə üz tutdum. İstəsəydim, onda da həkim dostlarımdan dəstək istəyə bilərdim. Orda hamı özünü xeyriyyəçi kimi göstərir. İlhamənin etdiyi yaxşılıqlar qədər insanlara yardım etməyiblər. Məni sadəcə yanlış şəkildə tamaşaçıya təqdim etməyə maraqlı oldular. Mən iki gün təkləndim. Orda iştirakçılardan bir çoxu mənə deyirdi ki, həkimlərdən niyə səs istəmirsən. Sonra anladım ki, bu, qurma imiş, onlar gözləyirdilər ki, məni buna yönəltsinlər, həkimlərin adını çəkim, səs istəyim. O anda da məni belə çirkin məlumatla vurub gözdən salsınlar. Roza xanım özünü xeyriyyəçi, məni də pis insan kimi göstərmiş oldu. Məni elə qələmə vermək böyük səhv idi. Gözləyirəm ki, Roza bu səhvinə görə məndən üzr istəyəcək. Çünki üzr istəmək özü böyük mədəniyyət tələb edir. İnşallah da o başa düşər ki, səhv edib. Səhv etsəm, üzr istəyə biləcək qədər mədəniyyətim var.

- Kimin siması maşın ətrafında dəyişdi. Yəni simalarını itirdilər maşına əl qoyanda?

- Abbasdan başqa hamı. Bir Abbas Bağırov simasını itirməyib.

- Sən maşın ətrafında Mətanət Əliverdiyevaya dəstək oldun. Ondan dəstək gördünmü?

- Bilirsiz hədəf açıqlananda bir-birimizə rəqib olsaq da, gedən və qalan arasında seçim edirsən. Mən çoxları üçün güclü rəqib idim. Mətanət bir dəfə mənə dəstək oldu. Əslində orda heç kim heç kimə dəstək olmur. Hamı çalışır ki, hədəf o olmasın ki, sona qədər gedə bilsin. Sadəcə bəzi məqamlarda kimlərinsə getməyi kimlərəsə sərf edir deyə qarşı tərəfə dəstəyini göstərmiş olursan.

- Səncə, maşın ətrafında kim maşına layiqdi?

- Çox çətin sualdı. İnanın bu suala cavab verə bilmərəm.

- Ürəyindən kimsə keçmir ki, maşın ona qismət olsun?

- Düzünü desəm, səmimi danışsam, yox, ürəyimdən kimsə keçmir. Orda olanları maşına layiq görmürəm. Gedənlər sırasında layiq var idi.

- Gedənlər arasında kimə maşının qismət olmağını istərdin?

- Məcidi layiq görürəm. Məcid Aytən xanımın hədəfi idi. Bu barədə deyilmişdi. Aytənin son anda hədəfini dəyişəcəyini Məcidə dəstək olanlar hesablamalı idilər. Məcid qalsaydı, onun qalib olmasını istərdim.

- Aytən Səfərova ilə Mətanət arasında nə baş verirdi. Axı onlar rəfiqə olublar. Bəziləri deyir ki, onlar ikisi də artistlik edirlər.

- Mən onların şəxsi münasibətləri barədə danışmaq istəmirəm. Öz işləridir. Amma o gün mən Mətanətə səs istədim, dəstək oldum. Bir dəfə də Mətanətdən qarşılıq gördüm. Qaldı artistliyə, orda heç kim artistlik etmir. Sadəcə nə baş verirsə, realdı, çünki hər kəs öz içini, mənəviyyatını göstərir. Sadəcə aqressiya var. Anlamadığım isə budur ki, biri-birinizi təhqir edirsiz, barənizdə müxtəlif fikirlər səsləndirib, sonra heç nə olmamış kimi necə qucaqlaşıb, üzünüzə gülə bilirsiz. Bax bunu qəbul edə bilmirəm. Bunu həzm edə bilmirdim. Hərənin bir xarakteri, şəxsiyyəti var. Mən elə artistlik edə bilmərəm.

- Rahidə Baxışova ilə də aranda mübahisə yarandı.

- Bir-birimizlə tanışlığımız olmayıb. Qiyabi tanış idik, insanlar necə tanıyıbsa o qədər. Çox gözəl, xoş xanımdı, yaradıcılıq uğurları arzulayıram. Sadəcə zarafata dediyim, bir kəlmə söz onu incidib. Məni kənara çəkib, deyə bilərdi ki, İlhamə xanım mənimlə belə danışanda xoş gəlmir. Mən də deyərdim bağışla, bu sözü pis mənada deməmişəm. Vəssalam. Amma iki gün dayanıb, özündə saxlayıb sonra canlı efirdə bunu dilə gətirmək məntiqsiz idi. Bu cılız söhbət məni özümdən çıxartdı.

- Bəs aparıcı Fira ilə aranızda olan söz-söhbət nədən başladı?

- Firanı mən uzun illərdi tanıyıram. Ona da uğurlar diləyirəm. Firanın isə səhvi onda oldu ki, arxamca danışdı, bu danışıq efirə getdi. Efirə gedəndə də boynuna almadı. Efirdən sonra da mənim oturduğum masaya yaxınlaşıb qarşımda oturmaq istədi. Mən də bildirdim ki, mənim qarşımda oturma, arxamca danışan insan mənimlə üz-üzə otura bilməz. Onu da silaha çevirdilər. Kim olsa, mənim kimi edərdi. Hamı bilirdi ki, söhbət məndən gedirdi. Lap etmisən, deyəydin ki, səhv etmişəm, üzrlü say. Mənim üzümə də deyirsən ki, mən səndən danışmamışam. Bu yalanı necə qəbul edim ki? Bunu tam fəqli şəkildə tamaşaçıya çatdırdılar.

- Yəni səni olduğun kimi yox, fərqli şəkildə tamaşaçıya tanıtmağa çalışdılar...

- Bəli, məni tamaşaçıya tam fərqli şəkildə təqdim etdilər. Mən xarakterimi itirən biri deyiləm. Amma məni yanlış göstərmiş oldular. Məni onlar təqdim etmək istədikləri kimi tamaşaçıya tanıtmağa çalışdılar.

- Nədən qorxdular, maşından gedərlər?

- Əslində heç kim getmək istəmir. Tamaşaçılar gün keçdikcə oynayanları görəcək. Görürsüz, bu gün nə baş verir. Rahidəni dəstəkləyənlər bu gün onu hədəf seçib, təkləyiblər. Bəs nə oldu, siz dost idiz, birlik var idi. Aranızda yeganə kobud insan İlhamə idi? İlhamə getdi, indi niyə narahatsız, qırırsız biri-birinizi. Aytən məni qınadı, suçladı, mən gedəndən sonra dedi ki, mən indi İlhaməni başa düşürəm. İnsan gərək mərd olsun, sərt olsun, amma mərd qalsın. İnsan kimliyini, kişiliyini, simasını itirməsin gərək.

Tahirə Məmmədqızı