“TQDK deyirsə ki, variant üsulu ləğv ediləcək, görünür, mümkün köçürmələrin qarşısını ala biləcək, bunun üçün yəqin vasitələri var”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış və qəbul imtahanlarında yenilik etməyə hazırlaşır. Bura imtahan sual kitabçalarının yeni sistemlə çapı daxildir. Söhbət variant üsulunun ləğvindən gedir. TQDK-dan yeniliklə bağlı bildirilib ki, test tapşırıqlarının hazırlanmasında yeni qaydalar tətbiq oluna bilər. Yeni çap prosesində insan faktoru tamamilə aradan qaldırılır, sual kitabçaları çap olunduqdan sonra imtahanların keçirildiyi zallar üzrə paketlənir və binalar üzrə qutulara yığılır.
Sistem avtomatik işləyir, hətta suallar və cavablar da avtomatik yer dəyişdirə bilir. Əvvəlki qayda ilə hazırlanan variantlara artıq ehtiyac qalmır. Bu yenilik tətbiq edilərsə, imtahanlarda köçürmə hallarının minimuma endirilməsi təmin ediləcək. Yeni sistemlə çap olunan sual kitabçalarında eyni zamanda abituriyentlər haqqında açıq və kodlaşdırılmış məlumat da öz əksini tapır. Bu isə yazılı tapşırıqların tətbiqinə imkan verir.
Yeniliyi şərh edən "Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı "Şərq”ə açıqlamasında çoxvariantlılığın köçürmələrin qarşısını almaq məqsədilə tətbiq edildiyini bildirdi:
- İmtahanlarda çoxvariantlılığın əhəmiyyəti böyükdür. Tapşırıqlar bir neçə variantda verilir ki, abituriyentlər biri-birindən köçürməsin. Çünki bir variant olanda abituriyentlər biri-birinə kömək edə, biri-birindən köçürə bilər. Bunun qarşısını almaq üçün çoxvariantlığa üstünlük verilir. TQDK deyirsə ki, variant üsulu ləğv ediləcək, görünür, mümkün köçürmələrin qarşısını ala biləcək, bunun üçün yəqin vasitələri var. Bəlkə də bu işi kompüter özü görəcək. Kompüter özü variantları dəyişir. Ya köçürmənin qarşısını alaraq hamıya eyni variant verilir, ya da hərəyə bir variant göndərilir, hərənin də öz cavabı olur. Məncə, ikinci variant daha yaxşıdır. Kompüterdə əvvəlcədən cavablar yerləşdirilə bilər. Abituriyentin verdiyi cavaba uyğun olaraq da qeydə alınar. Amma burada məsələn, esselərin yazılmasında problem ola bilər. Çünki esselərin kompüter vasitəsilə yoxlanması çətindir.
H.İsaxanlı TQDK-nın yeniliklərini müsbət hesab etsə də, ümumilikdə qəbul imtahanlarının keçirilmə qaydasından narazı olduğunu dedi:
- Mən mərkəzləşdirilmiş qaydada imtahanların keçirilməsini düzgün saymıram. İmtahanlar üçün bir dəfə və yalnız bir gün təyin edilir. Həmin gündə abituriyentin lap başı ağrıya bilər və o, cavabları düzgün yazmaqda çətinlik çəkər. Bir gün imtahan təyin edilir və bu bir gün insanın bütün gələcək taleyini həll edir. Dünyada bu qaydalar çoxdan dəyişib. Universitetlər özü abituriyenti yoxlayır. İmtahanlar ikimərhələli keçirilir. Birinci mərhələdə, abituriyentin oxumaq, yazmaq, riyazi bilikləri yoxlanır. Əsas isə ikinci mərhələdir. İkinci mərhələdə insanın şəxsiyyəti - onun təfəkkürü, dünyagörüşü, baxışları, hisslərini, istəklərini ifadə etmək bacarığı yoxlanır. Və universitetlər daha çox bu ikinci mərhələnin nəticələrini üstün sayırlar. Bu nəticələri əsas götürürlər. Bizdə bu sistemin tətbiqi hələ ki, real görünmür. Bunun öz obyektiv və subyektiv səbəbləri var.
Məlahət Rzayeva