ABŞ-da seçilmiş prezidenti devirmək asan deyil

"Narazılığın olması normaldır. Çünki Tramp qeyri-adi bir siyasətçidir"


Vaşinqton şəhəri və Merilend ştatının baş prokurorları ölkə Prezidenti Donald Trampa qarşı Merilend məhkəməsində iddia qaldırıblar. Prokurorlar Trampı dövlət başçısı vəzifəsinə keçdikdən sonra biznes əlaqələrini kəsməməkdə ittiham ediblər.

Onların sözlərinə görə, ABŞ Prezidenti əvvəlki kimi əmlak əməliyyatlarında iştirak edir və bununla da ölkə konstitusiyasını pozur. 

İddia ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, həm Konqresdə, həm də digər strukturlarda Trampın fəaliyyəti ilə bağlı narazılıq mövcuddur. Amma digər reallığı da nəzərə almalıyıq. Amerikada seçicilərin çoxu Trampa səs verib: 

"ABŞ seçki sistemi belədir ki, əgər prezident seçilən şəxs dövlət başçısı postuna təsdiq olunubsa, onun devrilməsi çox mürəkkəb məsələdir. İmpiçment elan etmək üçün komissiya yaradılmalıdır və ciddi iddialar irəli sürülməlidir. İddiaların arxasında müəyyən hüquqi, siyasi əsaslar olmalıdır. Daha sonra Komissiyanın qərarını Konqresin əvvəlcə aşağı palatası, sonra yuxarı palatası təsdiq etməlidir. Yəni prosedur olduqca mürəkkəbdir”.

Politoloq Konqresdə Trampın təmsil etdiyi respublikaçı nümayəndələrin çoxluq təşkil etdiyini də xatırladıb: 

"Narazılığın olması normaldır. Çünki Tramp qeyri-adi bir siyasətçidir. Onun müxtəlif istiqamətlərdə atdığı addımlar suallar doğurur, bəzən isə narazılıq yaradır. İstənilən halda impiçmentə nail olmaq, seçilmiş prezidenti devirmək asan deyil”.

İsmayıl