Hərbi ekspert: “Anım Günü bizə Zəfəri hansı bədəllər hesabına qazandığımızı xatırladır”

Bu gün 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi gündür. 27 Sentyabr həm də 44 günlük Vətən müharibəsinin başladığı, Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yolun ilk addımının atıldığı tarixdir. Həmin gün başlayan döyüşlər 44 gün sonra tarixi Zəfərlə başa çatdı. Bu Zəfərin arxasında isə 2900 şəhidin canı, yüzlərlə ailənin ağrısı və xalqın böyük iradəsi dayanır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan ərazilərin azad olunması uğrunda mübarizə apardı. Xalqımız isə arxa cəbhədə Ordumuz ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirdi. Şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olaraq Prezidentin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan edildi. Bu gün şəhidlərimizin xatirəsi qarşısında ehtiramla baş əyir, onların keçdiyi döyüş yolunu və Vətən uğrunda göstərdikləri fədakarlığı minnətdarlıqla anırıq.

 Sherg.az-a açıqlamasında Anım Gününün həm hərbi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayan hərbi ekspert Tərlan Eyvazov bu əlamətdar gün münasibəti ilə Azərbaycan xalqını təbrik edib: 

“Anım Günü münasibətilə xalqımıza ən yüksək arzularımı bildirirəm. Bunu təbrik kimi ifadə etməyimin səbəbi odur ki, 1994-cü il mayın 12-də ağır şərtlərlə imzalanan atəşkəs sazişindən sonra bu günü uzun illər gözləmişdik. Təxminən 26 il gözlədik və nəhayət, həmin gün gəlib çatdı. O an yetişdi ki, ümumən Ermənistanda o dövr üçün seçilmiş hakimiyyət “Qarabağ Ermənistandır” bəyanatını verdi. Bundan sonra hər hansı danışıqların aparılması, beynəlxalq vasitəçilərin gəlib tərəfləri barışdırmaq missiyasını yerinə yetirməsi üçün artıq heç bir lüzum qalmadı. Bundan iki ay əvvəl isə məlum Tovuz hadisələri baş verdi. Ardınca Ağdam istiqamətində də bizim qoşunlarımız erməni hərbi birləşmələrinin hücumuna məruz qalmışdı. Sual oluna bilər: nədən bu cür genişmiqyaslı müharibə məhz erməni hücumu ilə başladı? Bunun cavabı odur ki, biz daim belə bir hücuma və əks-həmləyə hazır olmuşuq. Sadəcə, həmin dövrdə hazırlıqlarımız tam başa çatmışdı və Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələri bu prosesə cəlb edildi. Azərbaycan dövləti, hakimiyyət və xalq bu mübarizəyə tam şəkildə dəstək verdi. Vətən müharibəsi yüksək hərbi nizam-intizam, peşəkarlıq və müasir dövrün tələblərinə uyğun hazırlıq şəraitində başladı".

Ekspertin sözlərinə görə, müharibəyə qədər aparılan hazırlıqlar, döyüşlərin gedişində nümayiş etdirilən yüksək peşəkarlıq, eləcə də müasir hərbi texnologiyalardan səmərəli və düzgün istifadə edilməsi Azərbaycanın üstünlüyünü təmin edən əsas amillərdən oldu. Nəticədə düşmənin təslim olmaqdan başqa yolu qalmadı:

" Azərbaycan xalqı, xaricdə yaşayan soydaşlarımız və bizi dəstəkləyən dünya ictimaiyyətinin böyük hissəsi BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməmiş dörd qətnaməsinin Azərbaycan Ordusu və dövləti tərəfindən icra olunmasını müsbət qarşıladı. Məhz buna görə də müəyyən dövlətlərin və siyasi qurumların etirazlarına baxmayaraq, bu məsələ beynəlxalq miqyasda geniş etirazla qarşılanmadı və Azərbaycana qarşı kəskin iradlar səsləndirilmədi. Bu, ilk növbədə ondan irəli gəlir ki, Azərbaycan müharibəni beynəlxalq hüquq normalarına riayət edərək apardı. Digər tərəfdən, məlum qətnamələrin tələbləri yerinə yetirildi. Bu gün dünyanın müxtəlif bölgələrində gedən müharibələr zamanı günahsız insanların, o cümlədən qadın və uşaqların həyatını itirməsi, mülki infrastruktura zərər vurulması ilə bağlı görüntüləri görürük. Vətən müharibəsi zamanı isə Azərbaycanın mülki obyektləri hədəf almaması və mülki infrastruktura zərər vurmaması səbəbindən ölkəmizə qarşı beynəlxalq təşkilatlar tərəfindən ciddi etirazlar səslənmədi. Bütün bu məqamlarla yanaşı, Azərbaycan haqq etdiyi müharibədə haqq etdiyi qələbəni qazandı. Bu qələbənin və ardıcıl siyasətin nəticəsi olaraq, təxminən üç il sonra işğal altında qalan ərazilərdəki qeyri-qanuni erməni hərbi birləşmələri də tam şəkildə sıradan çıxarıldı və onların üzərində qələbə əldə edildi". "Lakin etiraf etməliyəm ki, bu il Anım Gününün ilk illərdə olduğu kimi geniş və yüksək səviyyədə qeyd olunmaması məni narahat edir. Təbii ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Ölkəmizdə, xüsusilə də Bakı şəhərində keçirilən beynəlxalq tədbirlərin yaratdığı sıxlıq və gündəmin dəyişməsi müəyyən qədər buna təsir göstərə bilər. Amma bütün bunlara baxmayaraq, şəhidlərimizin xatirəsi üçün təsis olunan bu günün diqqətdən kənarda qalmasına biganə yanaşmaq olmaz. Çünkü bu tarix bizə hansı bədəllər hesabına Zəfər qazandığımızı xatırladır. Azərbaycan dövləti ötən illər ərzində Vətən müharibəsi və şəhidlərimizin xatirəsi ilə bağlı çox böyük işlər görüb. İstər aidiyyəti qurumlar, istər ictimaiyyət, istərsə də yaradıcı insanlar tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilib.Düşünürəm ki, bu işlər bundan sonra da davam etməli və mütəmadi olaraq artan xətt üzrə inkişaf etməlidir. Çünki şəhidlərimizin xatirəsinin yaşadılması və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması hər zaman diqqətdə saxlanılmalıdır".

T. Eyvazov hesab edir ki, təkcə Anım Günü yox, eləcə də 8 Noyabr – Zəfər Günü də ildən-ilə daha yüksək səviyyədə qeyd olunmalıdır:

" Mən bunu bir arzu olaraq bildirirəm. Bir ekspert kimi deyil, ilk növbədə bir vətəndaş və həmin müharibənin iştirakçısı kimi fikirlərimi bölüşməkdən məmnunam. Çünki bu tarixlər bizim üçün sadəcə təqvimdəki günlər deyil. Bu tarixlərin arxasında şəhidlərimizin canı, qazilərimizin fədakarlığı, xalqımızın illərlə davam edən həsrəti və böyük Zəfərimiz dayanır. Ona görə də bu günlərə münasibətimiz də hər zaman bu tarixi məsuliyyətə layiq olmalıdır. Şəhidlərimizin xatirəsi yaşadıqca, onların uğrunda can verdiyi Vətən də daim bizim üçün ən böyük dəyər olaraq qalacaq”.