ABŞ-dan Qarabağ təklifi gözləməyə dəyməz

Çünki Vaşinqton passiv mövqeyini davam etdirəcək
Deputat: “Amerika kəşfiyyatında bu informasiya hardandır...”

ABŞ Milli Kəşfiyyat Agentliyi dünyadakı risklər barədə hesabat hazırlayıb. Hesabat agentliyin direktoru Daniel Kouts tərəfindən Konqresə təqdim edilib. Sənəddə bir çox münaqişə ocaqları ilə yanaşı, Dağlıq Qarabağ probleminə də xüsusi yer ayrılıb. 

Vurğulanıb ki, tərəflərin kompromislərə getmək niyyətinin olmaması Azərbaycanla Ermənistan arasında tammiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər: "Tərəflər arasında gərginlik 2016-cı ilin aprelində alovlanıb. İndiyə qədər gərgin vəziyyət davam etməkdədir. Hansısa kompromis olmazsa, savaş şiddətlənə bilər”. 

Amerika tərəfindən verilən proqnozla bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Amerikanın diqqəti Cənubi Qafqaz regionuna yox, daha çox Yaxın Şərqə və Şimali Koreyaya yönəlib. Ekspertin sözlərinə görə, yaxın müddət ərzində ABŞ tərəfindən sərgilənən mövqe dəyişməz olaraq qalacaq:

"Amerikanın bizim regionla bağlı əsas məqsədi yaranmış maraqlar balansının qorunmasıdır. Ona görə də, Cənubi Qafqaza diqqət azdır. Hətta Qarabağda münaqişə alovlansa belə, Ağ Ev problemin həllinə deyil, prosesi savaş ritorikasından çıxarmağa çalışacaq. Vaşinqtondan həlledici addım, təklif gözləməyə dəyməz. Çünki ABŞ passiv mövqeyini davam etdirəcək. Postsovet məkanında da Amerika Ukraynada gedən proseslərin tənzimlənməsində, bu istiqamətdə Rusiya ilə danışıqların davam etdirilməsində maraqlıdır. Yəni postsovet arealında belə Qarabağ məsələsi kənarda qalır”. Politoloq bildirib ki, proqnoz xarakterli hesabatlar təkcə bizim regionla yox, bütün münaqişə ocaqları ilə bağlıdır: "Ancaq bu o demək deyil ki, Amerika hesabatda vurğulanan bütün qaynar nöqtələrə müdaxilə etməyi düşünür. Bu, sadəcə olaraq monitorinqin nəticəsidir. Vaşinqton bəzi məsələlərdə daha fəal mövqe ortaya qoyur, digərlərində isə profilaktik tədbirlərin həyata keçirilməsini məsləhət görməklə kifayətlənir”.


"Amerika kəşfiyyatında bu informasiya haradandır, bilmirəm, amma Qarabağda məhz bu il savaşın başlayacağını deyə bilmərik” 

Bunu Sherg.az-a ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında yer alan bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlar həyata keçirilməsi proqnozunu şərh edərkən millət vəkili Fəzail İbrahimli deyib.
O bildirib ki, ABŞ Kəşfiyyat İdarəsinin hesabatının nəyə söykəndiyini demək çətindir: "Qarabağda genişmiqyaslı müharibənin başlanması iki halda ola bilər. İlk olaraq, Azərbaycan hiss etsə ki, beynəlxalq hüquq normaları müstəvisində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil, təbii ki, onda öz torpaqlarını azad edəcək. Bu zaman irimiqyaslı müharibə başlana bilər. İkinci halda isə Ermənistanın avantürist hərəkətləri ilə bağlı müharibə başlaya bilər. Güman etmirəm ki, ermənilər bu addımlara cəsarət edə bilsin. Çünki onun nə iqtisadi, nə hərbi, nə də ölkə daxilində stabilliyi buna imkan verir. Yəni hər hansı addım atarsa, bugünkü Ermənistan hakimiyyətinin çökməsinə gətirib çıxarar. Müharibə Ermənistanın vəziyyətini çürümüş bir ağacın sınıb, yerə düşməsinə bənzədər”.


İsmayıl