ABŞ Güləni qoruyur

FETÖ liderini Ağ Ev Ankaraya təslim etməsə, iki ölkə arasında gərginlik artacaq



Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a səfər edəcək. Amerikanın baş prokuroru Loretta Liçlə görüşməyi planlaşdıran nazir Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını müzakirə edəcəklərini deyib:

"FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”. Bozdağ vurğulayıb ki, Türkiyə Fətullah Gülənin təhvil verilməsi ilə bağlı haqlı israrından vaz keçməyəcək. Məsələni "Şərq”ə şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Amerika Fətullah Gülənlə bağlı iki addım ata bilər: "İlk variant FETÖ liderini Türkiyəyə ekstradisiya etməkdir. İkinci versiya isə məskunlaşdığı yerdə həbs etmək, ya da ən azından evində göz altında saxlamaqdır. Hələki Fətullah Gülənlə bağlı heç bir məhdudiyyət yoxdur. Türkiyəni narahat edən əsas məsələ odur ki, Gülən çox rahat hərəkət edir, xarici mediaya müsahibə verir və Ankara hökumətinə qarşı ittihamlar irəli sürür. Amma buna baxmayaraq, ABŞ Gülənlə bağlı heç bir addım atmır. Əksinə, qardaş ölkənin qana boyanmasında əli olan cani ilə sıx əməkdaşlıq edir, onu qoruyur. Düşünmürəm ki, Bəkir Bozdağın Amerikaya səfəri nəyisə dəyişəcək. Ancaq Prezident Ərdoğanın da dediyi kimi, vəziyyət bu cür davam edərsə, iki dövlət arasında çox ciddi gərginlik yarana bilər. Çünki ortada Fətullah Gülənlə yanaşı, Vaşinqtonun kürdlərə dəstək məsələsi də var. Əgər dünənin strateji müttəfiqləri yaxın zamanda biri-birinə düşmən olarsa, bundan sadəcə Rusiya xeyir görər”.

İsmayıl