ABŞ öz mövqeyində dəyişiklik etməyəcək

Türkiyənin tarixində indiki kimi ağır dövr olmayıb
“ABŞ-ı terroru dəstəkləməkdə ittiham etmək Türkiyəni uçuruma aparır. Belə məsuliyyətsiz bəyanatlar Türkiyənin dövlət maraqlarına zidd olan yanaşmadır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı yenidən tənqid edib. Prezident bildirib ki, PKK və PYD-nin heç bir fərqi yoxdur:

"Biz deyirik ki, bunlar terror təşkilatlarıdır. Amma ABŞ rəsmiləri deyirlər ki, onları terror təşkilatı olaraq görmürlər. Ey Amerika, bizim tərəfimizdəsiz, yoxsa PYD-nin? Siz bu təşkilatları tanımırsız. Ona görə də, bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”. Xatırladaq ki, ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib. Kirbi "ABŞ-ın hər iki tərəflə işbirliyində olduğunu” deməklə kifayətlənib: "Biz Türkiyə ilə müttəfiq-tərəfdaşıq və belə də qalacağıq. Amma PYD ilə bağlı görüşümüzdə hansısa dəyişiklik yoxdur. PYD-ni terrorçu hesab etmirik və onların İŞİD-ə qarşı apardığı mübarizəni effektiv sayırıq”.

Türkiyə cəbhəni genişləndirir

Əslində, Türkiyə-ABŞ münasibətlərində gərginlik bir qrup amerikalı təlimçinin Suriya kürdlərinin hazırlıq səviyyəsini yüksəltmək üçün Kobaniyə yollanmasından sonra yaranıb. Bu, Prezident Ərdoğanın "ya Türkiyə, ya kürdlər” deyə ABŞ əleyhinə bəyanat verməsinə səbəb olub. Kirbinin sonuncu bəyanatı isə bu gərginliyi zirvəyə qaldırıb. Bunun nəticəsidir ki, Türkiyədə Prezident Ərdoğana yaxın telekanallar artıq ABŞ-ı islam dünyasının birinci düşməni elan ediblər. Ərdoğana yaxın telekanallarda əsas tənqid hədəfi kimi "İran-ABŞ-İsrail şər üçbucağı”ndan danışılır. Türkiyənin bu mübarizədə əsas tərəfdaşının Səudiyyə Ərəbistanı olağacı vurğulanır. Bu, Türkiyə-Rusiya münasibətlərinin ən gərgin olduğu bir dönəmdə baş verir. Beləliklə, Türkiyə həm dünyanın iki supergücü - ABŞ və Rusiya, həm də regional güc olan İran ilə eyni zamanda qarşıdurma siyasəti yürüdür.

"PYD Suriya daxilindəki subyektlərdən biridir”

Politoloq Elxan Mehdiyev "Şərq”ə deyib ki, bütün bunların səbəbi Türkiyə Prezidenti Ərdoğanın apardığı fəlakətli siyasətdir: "Ərdoğanın və XİN rəhbəri Mövlud Çavuşoğlunun bəyanatları çox uğursuzdur. ABŞ-ı terroru dəstəkləməkdə ittiham etmək Türkiyəni uçuruma aparır. Belə məsuliyyətsiz bəyanatlar Türkiyənin dövlət maraqlarına zidd olan yanaşmadır. Ümumiyyətlə, Ərdoğanın Suriya və Rusiya ilə apardığı təhlükəli siyasətin nəticəsində Türkiyə çox ağır və

çıxılmaz duruma düşüb. Türkiyə tarixində bu cür ağır dövr olmayıb. İnanmıram ki, ABŞ öz mövqeyində dəyişiklik etsin. Çünki PYD xeyli zamandır İŞİD-ə qarşı mübarizə aparır. Xatırlayırsızsa, terrorçular tərəfindən tutulan Kobanini yerli kürdlərin köməyi ilə PYD silahlıları təmizlədi. PYD Suriya daxilindəki subyektlərdən biridir. Ona görə də ABŞ onları dəstəkləyir. Ərdoğanın məsələyə münasibətindən asılı olmayaraq, Amerika Suriyadakı müttəfiqləri ilə əməkdaşlığını davam etdirəcək. Bir şeyi də xatırladım ki, əvvəllər Türkiyə hökumətinin özü PYD liderləri ilə görüşüb əməkdaşlıq edirdi. İndi isə onları terrorçu adlandırırlar”.

İsmayıl