“ABŞ Qara dənizə elə-belə gəlmir”

“Məqsəd Rusiyaya güc nümayiş etdirməkdir”
“Çünki Rusiya artıq nəinki Ukraynaya, Şərqi Avropa ölkələrinə, eyni zamanda Baltikyanı və Skandinaviya ölkələrinə də çox ciddi təhlükə yaradıb”

ABŞ-ın raket daşıyıcı "Porter” adlı hərbi gəmiləri təlimlərdə iştirak etmək üçün Qara dəniz hövzəsinə girib. Bu barədə ABŞ-ın hərbi-dəniz qüvvələrinin rəsmi saytında yazılıb. Saytda yazılıb ki, "ABŞ NATO üzrə müttəfiqlərinin kollektiv təhlükəsizliyinə bağlılığını və Avropadakı partnyorlarına dəstəyini hər zaman nümayiş etdirəcək”. Bu isə Rusiyanın ciddi narahatlığına səbəb olub.

Artıq Moskvadan reaksiya gəlib. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin birinci müavini Frants Klintseviç ABŞ-ın bu hərəkətini NATO-nun "qlobal zərbə” vurmağa hazırlığı kimi qiymətləndirib. Bundan öncə də Rusiyann NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko hərbi alyansı Qara dənizdə "at oynatmaq”da ittiham edib. O bildirib ki, Rusiya Qara dənizin "NATO dənizinə” çevrilməməsi üçün əlindən gələni edəcək və ölkəyə cənub istiqamətdən güc yolu ilə təzyiq göstərilməsinin qarşısını alacaq. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, NATO-nun hədəfi sadəcə Qara dəniz yox, bütün su hövzələridir: "Qərb dünyasında dənizdən-dənizə siyasəti var. Məqsəd isə Rusiyanı tədricən dənizlərdən təcrid etmək, aqressiv siyasətinin qarşısını almaqdır. Ona görə də Qara dənizdə ABŞ və NATO-nun aktivləşməsini normal qəbul etmək lazımdır”. Politoloq bildirib ki, Rusiya Qara dənizdə, Krım və onun ətrafında nüvə silahından tutmuş bütün raket növlərinə qədər yerləşdirib: "Hətta bu yöndə Türkiyənin Prezidenti Ərdoğan öz narazılığını bildirib. O, NATO rəhbərliyinə çatdırıb ki, "əgər siz bu cür davranmaqda davam edəcəksinizsə, tezliklə Qara dəniz Rusiya gölünə çevriləcək”. Ərdoğanın məhz bu xəbərdarlığından sonra Qərbin müəyyən aktivləşməsi hiss olunmaqdadır. ABŞ çalışır ki, Rusiyanın qarşısında bir qalxan yaratsın və nə Qara dənizi, nə də Baltik hövzəsini Moskvanın nəzarətinə versin.

ABŞ Qara dənizə elə-belə gəlmir. Məqsəd Rusiyaya güc nümayiş etdirməkdir. Çünki Rusiya artıq nəinki Ukraynaya, Şərqi Avropa ölkələrinə, eyni zamanda Baltikyanı və Skandinaviya ölkələrinə də çox ciddi təhlükə yaradıb”. Ekspertə görə, Rusiyanın narahatlığı mənasızdır: "İndiki məqamda rus texnikası NATO-nun hərbi qurğuları ilə mübarizə aparmaq gücündə deyil. Ona görə də Moskvanın hədələyici bəyanatlarına fikir vermək lazım deyil”.

İsmayıl