"ABŞ, Rusiya, Şimali Koreya və İran gərginliyinin dollara təsirləri - Bahalaşacaqmı?

Natiq Cəfərli: "FED-in stenoqramından məlum olur ki, sentyabr ayında uçot dərəcəsinin artımı ilə bağlı qərarlar qəbul oluna bilər. Bu qərar qəbul olunsa, dolların bahalaşmasına daha ciddi təsir edəcək"


"ABŞ,  Rusiya, Şimali Koreya və İran gərginliyin pik nöqtəsində dolların ucuzlaşması baş verdi"

Bu barədə "Sherg.az"-a sözügedən ölkələr arasındakı gərginliyin dolların kursuna göstərəcəyi təsirlərdən danışarkən iqtisadçı ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə, siyasi gərginliklər hər zaman dolları bahalaşdırıb: 

"Amma Tramp administrasiyasının siyasəti şübhələr doğurduğundan dollara mənfi təsir etdi. Son iki gündür az da olsa dollarda möhkəmlənmə var. Güman ki, dollarla bağlı məlumatlar sentyabrın ortalarında növbəti FED toplantısında aydın olacaq.

FED-in ötən günlərdə baş tutan toplantısıda stenoqram açıqlandı və bunu oxuduqda məlum olur ki, sentyabr ayında uçot dərəcəsinin artımı və dolların likvidliyinin azaldılması ilə bağlı qərarlar qəbul oluna bilər. Bu qərar qəbul olunsa, dolların möhkəmlənməsinə və bahalaşmasına daha ciddi təsir edəcək.

Yüksək bahalaşmanın olması ehtimalı hələ ki aşağıdır, amma dollar indeksinin ən azı 2-3 punkt möhkəmlənəcəyi gözlənilir. Məsələn, bu gün dollar-avro məzənnəsində 1 dollar 17 sentdirsə, FED toplantısından sonra 1 dollar 14-15 sentə qədər dəyişə bilər”.
Ayyət ƏHMƏD