ABŞ, Rusiya və Fransa vətəndaşları əndazəni aşırlar

Onlar işğal olunmuş torpaqlarımızı iş yerinə çeviriblər
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər əsasən rusiyalı biznesmenlərdir


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) işğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarına dair siyahı hazırlayıb. Sənəddə göstərilir ki, qanunsuz səfər edən əcnəbilər içərisində həmsədr ölkələrin və inkişaf etmiş Avropa dövlətlərinin vətəndaşları çoxluq təşkil edir.

"Dailykarabakh” saytının araşdırmasına görə, XİN-in "qara siyahısı”na 49 ölkədən 501 nəfər daxildir. Bunlardan ən çoxu Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiyanın payına düşür (133 nəfər). Siyahıda ikinciliyə digər həmsədr ölkə ABŞ başçılıq edir (41 nəfər). İlk üçlükdə isə Almaniya yer alıb (38 nəfər). İtaliyadan 36, digər həmsədr ölkə olan Fransadan 30 nəfər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər. "Qara siyahı”da növbəti yerləri Böyük Britaniya (19 nəfər) və İsveçrə (10 nəfər) tutur. Azərbaycanla quru sərhəd ölkələrindən Gürcüstanın 11, Türkiyənin 2, İranın 3 vətəndaşı ölkəmizin icazəsi olmadan işğal altında olan ərazilərimizə səfər ediblər.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, heç bir ölkə öz vətəndaşına harasa getməyi qadağa edə bilməz. Bu, insan haqlarına ziddir: "Həmin dövlətlərin borcu vətəndaşlarını xəbərdar etməkdir. Yəni onlar vətəndaşlarına bildirməlidirlər ki, o ərazi münaqişə bölgəsidir və orada onların sağlamlığı üçün hər an təhlükəlidir. İşğal olunmuş zonadır. Azərbaycan da torpaqlarının azad olunması istiqamətində istənilən an addım atmaq səlahiyyətindədir. Bundan başqa, bilirsiniz ki, cəbhə xəttində hər iki dövlətin silahlı qüvvələri durur. Bu baxımdan həmin səfər edənlərin zərər görməsi mümkündür. Buna rəğmən bir daha söyləyirəm ki, heç bir ölkə öz vətəndaşına hansısa ölkə və ya bölgəyə getməsinə dair konkret qadağa qoya bilməz. Sadəcə, xəbərdarlıq edə bilər”.

Ekspert bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlər əsasən rusiyalı biznesmenlərdir: "Onlar biznes strukturları qurub, beynəlxalq müqavilələr çərçivəsində fəaliyyət göstərirlər. Əslində isə bu, beynəlxalq konvensiyaya ziddir. Çünki Azərbaycanın razılığı olmadan hansısa müqavilə bağlamaq olmaz. Bax, belə işlər yasaqlanmalıdır. Lakin bu yöndə heç bir məhdudiyyət görmürük. Əslində problemli məsələ budur”.

Ayyət Əhməd