"ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcək, çünki..."

"Ağ Ev anlayır ki, Türkiyəni itirmək Yaxın Şərq, Orta Asiya üzərində nəzarəti itirmək deməkdir. Bu, Rusiya və Çinin güclənməsinə şərait yaradacaq"
"Amerikanın ümumi siyasəti göstərir ki, Donald Tramp yeni dünya düzənini dizayn etməyə çalışır”.
Bunu "Sherg.az”a ötənlərdə ABŞ-da Türkiyə-Amerika nümayəndələri arasında baş tutan diplomatik danışıqların nəticələrinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu söyləyib. 
O bildirib ki, ABŞ yeni dizaynda söz sahibi olmaq istəyən dövlətlərə, o cümlədən Türkiyəyə qarşı təzyiq göstərir:
"Bu siyahıya Türkiyə ilə bərabər Şimali Koreya, Çin, Rusiya, İran, Avropa ölkələri və s. də daxildir. Görünən odur ki, Amerika təkqütblü dünya düzəninin olmasını arzulayır. Digər dövlətlər isə buna müqavimət göstərir. Türkiyə və Amerika arasında münasibətlərin pozulmasının başqa heç bir əsası yoxdur”.
ABŞ-ın Türkiyəyə qarşı kəskin sanksiya tətbiq edəcəyinə dair proqnozlara gəlincə, S. Cəlaloğlu bu halın inandırıcı olmadığını söyləyib:
"Amerika Türkiyəyə qarşı ciddi sanksiya tətbiq etməyəcək. Çünki həm rəsmi Ankara Vaşinqtonun strateji müttəfiqidir, həm də Türkiyəyə sanksiyalar tətbiq etməklə Rusiya və Çinə doğru istiqamətləndirmiş olur. ABŞ anlayır ki, Türkiyəni itirmək Yaxın Şərq, Orta Asiya üzərində nəzarəti itirmək deməkdir. Bu, Rusiya və Çinin güclənməsinə şərait yaradacaq".
Qeyd edək ki, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi heyət ABŞ-da bir sıra görüşlər keçirib. Lakin görüşün nəticələri haqqında hər hansı bir informasiya yoxdur. ABŞ mediası kritik xüsusi maraq göstərməyib. Amerikalı rahib Bransonun Türkiyədə həbs edilməsindən sonra pisləşən Türkiyə-Amerika münasibətlərini yoluna qoymaq məqsədilə Vaşinqtona səfər edən 9 nəfərlik türk nümayəndə heyətinin görüşləri və apardıqları müzakirələr haqqında yalnız Röyter və Assoşieyted Press agentlikləri xəbər yayıb. Bu təmaslara geniş yer verən "Wall Street Journal” isə danışıqların uğurlu keçmədiyini, Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini yazıb.
Aysel Aslan