ABŞ üçün müxalifət maraqlı deyil: “Ağ ev zəif müxalifətlə işləməkdənsə, güclü iqtidarla əməkdaşlığı üstün tutur”

Aydın Quliyev: "Hansısa ölkədə müxalifətlə görüş Amerikanın siyasi prioritetləri sırasında çox xırda məsələdir"
ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri maraqlı məqamlarla yadda qaldı. Boltonun Azərbaycana səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək təşəbbüsündə olmaması diqqətçəkən hallardan biri sayılır. Müxalif qüvvələrlə görüşməməsi, müxalifətin mövcud vəziyyətinə ABŞ və Qərb tərəfindən verilmiş qiymət kimi dəyərləndirilir. Görünən odur ki, müxalifətin real qüvvəyə malik və Azərbaycandakı daxili proseslərə, ictimai rəyə heç bir təsir olmadığı Qərb tərəfindən nəzər alınır. 
Fakt odur ki, Qərb, ABŞ bütün əməkdaşlıq perspektivlərini Azərbaycan iqtidarı ilə bağlayırlar.
Təbiidir ki, Bolton realist təfəkkürlü siyasətçidir. O, formadan çox məzmuna, prosesdən çox nəticəyə üstünlük verir. Con Boltonunun açıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölklərə təzyiq vasitəsi kimi istifadə edilən "demokratiya”, "insan haqları”, "söz azadlığı” kimi klişelərdən istifadə etməməsi də diqqət çəkən məqamlardandır. Əksinə o, mənsub olduğu administrasiyanın başqa ölkələrinin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını qeyd etmiş, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadıqlarını bildirdi. Bu, əvvəlki ABŞ iqtidarlarının digər ölklərə demokratiya ixrac etmək, dərs keçmək iddialarından kəskin fərqlənən, beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsip kimi təqdir olunmalıdır.
İctimai xadim, "Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Sherg.az”a açıqlamasında bildirib ki, Con Bolton indiyə qədər Azərbaycana gəlmiş ABŞ-ın yüksək çinli məmurlarından fərqli davranış nümayiş etdirib. Baş yazarın sözlərinə görə, Amerika rəsmisinin Cənubi Qafqaza və Azərbaycana səfəri çox ciddi məsələlərlə bağlı idi: 
"Onun səfər çərçivəsindəki görüşləri konkret plan və qrafik əsasında idi. Həmin qrafikdə Boltonun Azərbaycan müxalifəti ilə görüşün olmaması diqqətçəkən məqamdır. Bunun da bir neçə səbəbləri var. İlk əvvəl onu deyim ki, ABŞ artıq Cənubi Qafqaz ölkələri ilə bağlı, İranla bağlı daha ciddi məsələlərin, daha ciddi problemlərin arxasınca gedir. Ağ evin siyasi hədəfində daha ciddi nüanslar var. Hansısa ölkədə müxalifətlə görüş Amerikanın siyasi prioritetləri sırasında çox xırda məsələdir. İkincisi də, Tramp hələ hakimiyyətə gəlmə ərəfəsində, seçki kampaniyası zamanı başqa ölkələrin daxili işlərinə qarışmayacağı vədləri vermişdi. Görünür ki, Tramp həmin vədlərinə əməl etməkdədir”. 
A.Quliyev qeyd edib ki, əvvəllər ABŞ və Qərb ölkələrinin rəsmiləri Azərbaycan kimi post-sovet ölkələrində insan haqlarını müdafiə adı altında daxili işlərə müdaxilələr edirdilər
"Artıq Qərb rəsmiləri demokratiya adı altında başqa ölkələrin daxili işlərinə müdaxilə etdiklərinin fərqinə varmağa başlayıblar. İndi başa düşürlər ki, insan haqları və demokratiya adı ilə digər dövlətlərin daxilinə müdaxilə taktikası o qədər də yaxşı effekt vermir. Bolton təcrübəli siyasətçi olaraq, görünür bu məsələlərin fərqini anlayıb”.
A.Quliyev vurğulayıb ki, ABŞ da, Qərb dövlətləri də bilirlər ki, zəif müxalifətlə əməkdaşlıqdansa, güclü iqtidarla əməkdaşlıq daha doğrudur: 
"Boltonun Azərbaycanda müxalifətlə görüş təşəbbüsü göstərməməsi onu deməyə əsas verir ki, hazırda ABŞ güclü iqtidarla işləməyə üstünlük verir. Yəni dağınıq, strategiyası və taktikası bəlli olmayan, daha çox arxaik şüarlarla hərəkət edən müxalifətdənsə, daha innovativ və güclü iqtidarla əməkdaşlıq Amerikanın plan və hədəflərinə uyğundur.
Anar