ABŞ və Qərb ölkələri güclü müqavimət göstərirlər

Üç prezidentin görüşünün yaxın zamanda Suriyaya sülh gətirəcəyini düşünmək isə hələ tezdir




"İran, Rusiya və Türkiyə Suriyada əməkdaşlıq edir. Lakin Türkiyə üçün əsas olan məsələ Rusiya və İranın PKK terror təşkilatının Suriyadakı qolu olan YPG və PYD-yə qarı mübarizəsinə dəstək verməsidir”.

Bunu "Şərq”ə politoloq Azər Rəşidoğlu deyib. Soçidə baş tutan Türkiyə, İran və Rusiya liderlərinin görüşünü şərh edən analitik bildirib ki, İran əvvəllər Ankaranın tələbinə qarşı çıxsa da, daha sonra dəstək vermək məcburiyyətində qalıb:

 "Türkiyə eyni zamanda Rusiyadan da ciddi dəstək aldı. Türkiyə bu iki dövlətin dəstəyini alaraq Menbiç və İraqdakı Sincar bölgəsindən terror təşkilatlarını təmizləmək istəyir. Digər tərəfdən ABŞ Prezidenti Donald Trampın vədi hələ Amerika qoşunlarının Suriyadan çıxmasına zəmanət vermir. Əksinə, qoşunlar oradan çıxmayacaqlarını bəyan ediblər. 

Hərbi komandanlıq vəzifələrin tam yerinə yetiriləcəyini vurğulayıb. Üç prezidentin görüşünə gəldikdə isə onu vurğulamaq lazımdır ki, terror dəstələri hələ də Suriyanın ərazisinin 5 faizinə nəzarət etməkdə davam edirlər. Ankara, Moskva və Tehran Suriyada qalan terror dəstələri məhv edib, döyüşlərin nöqtəsini qoya bilər. Ancaq bu məsələdə ABŞ ilə üçlüyün mövqeləri haçalanır”.

A.Rəşidoğlunun sözlərinə görə, diplomatik məharət baxımından kimin daha təpərli olmasını yaxın gələcək mütləq göstərəcək: 

"Bu baxımdan Soçi görüşü önəmlidir. Üç prezidentin görüşünün yaxın zamanda Suriyaya sülh gətirəcəyini düşünmək isə hələ tezdir. ABŞ və bəzi Qərb ölkələri buna çox güclü müqavimət göstərirlər. Lakin Türkiyə-Rusiya-İran əməkdaşlığı sıradan məsələ deyil və üçlüyün mövqeyi mütləq nəzərə alınmalıdır”.

İsmayıl