“ABŞ və Rusiya barışmaz rəqiblərdir” - Ziddiyyətlər şiddətlənir

Ötən gün ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Rusiya XİN-in rəhbəri Sergey Lavrov arasında görüş keçirilib. Pompeo görüşü yüksək qiymətləndirdiyini bildirib.
"Görüş yaxşı keçdi. Biz geniş mövzularda məsələlərə toxunduq”.
ABŞ dövlət katibinin sözlərinə görə, o, Sergey Lavrovla ABŞ və Rusiyanın birgə addım ata biləcəyi sahələri müəyyən etməyə çalışıb:
"Bizim maraqlarımız tamamilə fərqlidir. Ancaq maraqların kəsişdiyi sahələrdə inkişaf əldə edə bilməyimiz üçün istək mövcuddur. Ümid edirəm ki, buna nail olacağıq”.
Görüşlə bağlı fikirlərini "Sherg.az”la bölüşən politoloq Tofiq Abbasov bildirib ki, adətən belə görüşlər başa çatandan sonra hər zaman tərəflər çox ilginc və ümidverici fikirlər söyləyirlər.
Politoloq vurğulayıb ki, tərəflər bəzi məsələləri aydın şəkildə müzakirə etdiklərini və qarşılıqlı anlaşmaların olduğunu deyirlər:
"Amma bu, bir növ xülyadır. Çünki əsas olan danışıqlar, vədlər yox, mahiyyət daşıyan hərəkətlərdir. Bir qayda olaraq ən önəmli görüşlərdən sonra tərəflər bir-birinin maraqlarına zidd addımlar atır. Demək olmaz ki, onlar problemin həlli üçün bir-birini anlayır və mühafizə edirlər. Hələ ki, son 2-3 il ərzində belə bir qarşılıqlı anlaşmanın təsdiqini görməmişəm. 
Onlar demək olar ki, barışmaz rəqiblərdir və çalışırlar ki, bir-birilərini tərkisilah etsinlər. Yəni, hər iki tərəf arasındakı ziddiyyətlər şiddətlənir. 
Təbii ki, burada söhbət qlobal liderlikdən gedir və bu yarışda heç kəs bir-birinə üstünlük qazanmağa imkan vermir. Düşünürəm ki, son görüş də bu qəbildəndir. Söz və vədlər dolğun şəkildə özünü ifadə edir. İnanmıram ki, bu sözlərin arxasında tərəflərin bir-birinə sadiq olmasını təsdiqləyən hərəkətlər olsun”.
Yeganə Bayramova